Təlimin əsas məqsədi molekulyar biologiya və biotexnologiya sahəsində müasir metodların mənimsənilməsi, laboratoriya təcrübəsinin zənginləşdirilməsi və elmi tədqiqatların keyfiyyətinin artırılmasıdır. Proqram çərçivəsində STAB protokolu əsasında DNT ekstraksiyası həyata keçirilmiş, əldə olunan DNT nümunələri üzərində PCR reaksiyası qurulmuşdur. Daha sonra PCR məhsullarının analizi məqsədilə agaroz gel elektroforezi icra edilmişdir.
Təlim müddətində əməkdaşlar molekulyar analizlərin mərhələli icrası, laborator avadanlıqlarından düzgün və təhlükəsiz istifadə, nəticələrin dəqiq qiymətləndirilməsi və interpretasiyası üzrə praktiki bacarıqlar əldə etmişlər. Bununla yanaşı, beynəlxalq laboratoriya standartları, tədqiqat planlaşdırılması və metodoloji yanaşmalar barədə də biliklərini artırmışlar.
Bu cür ixtisasartırma proqramları institutun elmi potensialının gücləndirilməsinə, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsinə və gələcəkdə birgə tədqiqat layihələrinin həyata keçirilməsinə mühüm töhfə verir. Əldə olunan bilik və təcrübə institutun laboratoriya fəaliyyətində tətbiq ediləcəkdir.
