Ölkəmizdə kənd təsərrüfatının bitkiçilik sahəsinin ənənəvi və önəmli istiqamətlərindən biri də fındıqçılıqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fındıqçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən həyata keçirilən tədbirlər nəticəsində bu sahədə böyük irəliləyişə nail olunub. Əhalidə ölkəyə ən çox valyuta gətirən strateji məhsullar sırasında olan fındığın becərilməsinə maraq daha da artıb. Mövcud imkanlarla kifayətlənməyən şəxsi təsərrüfat sahibləri yeni fındıq bağlarının salınmasına, fındıq pöhrələrinin alınıb becərilməsinə xüsusi maraq göstərirlər. Rayonumuz bu baxımdan böyük potensiala malikdir. Rayon ərazisində fəaliyyət göstərən emal zavodları yerli xammalın beynəlxalq standartlara uyğun qablaşdırılmasını təmin edərək, Qax fındığını Avropanın şokolad və qənnadı fabrikləri üçün mühüm xammala çevirmişdir. Bu təkcə bölgənin ixrac potensialını gücləndirmir, həm də yüzlərlə ailə üçün stabil gəlir mənbəyi və dayanıqlı məşğulluq imkanları yaradır.
Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Zəyəm kəndində yerləşən fındıq emalı müəssisəsi ilə tanış olub.
Müəssisədə mövsüm ərzində 600-700 ton qabıqlı fındıq alışı həyata keçirilir və bundan fındıq ləpəsi istehsal olunur. Müəssisə tərəfindən il ərzində 240 ton ləpə xarici ölkələrə ixrac edilir. İstehsal edilən fındıq ləpəsinin əsas hissəsi İtaliyaya, bir hissəsi isə Almaniyaya ixrac olunur.
Müəssisənin fəaliyyəti və rayonda sahibkarlığın inkişafına verdiyi töhfələr müsbət qiymətləndirilib.
Bəradər Səməndərli
Zahir Məmmədov
"Atributinfo.az"
