Sizin reklam burada
Sizin reklam burada
  • Millətin dilinin dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tarixinin qızıl səhifəsidir

    Naminə Ömərova,
    Yasamai Rayon Heydər Əliyev Mərkəzinin direktoru

    Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib. Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilir və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
    Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən, eyni zamanda, həm də xalqın düşüncə tərzini, mənəvi dəyərlərini və dünyagörüşünü formalaşdıran ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında mühüm rol oynayır. Hər bir dil özündə bir tarix yaşadır. Doğma Azərbaycan dili də bizim keçmişimiz, bugünümüz və sabahımızdır. Dünya ölkələrində olduğu kimi, 21 Fevral - Beynəlxalq Ana Dili Günü bizim ölkəmizdə də qeyd olunur. Ana dili hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının və mədəni varlığının əsas təməlini təşkil edir. Bu baxımdan ana dilinin qorunması və inkişafı müasir dövlət siyasətində strateji prioritetlər sırasında yer alır.
    Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürməkdir. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Biz çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq.
    Ana dilinin dövlət dili kimi möhkəmlənməsi və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Müdrik şəxsiyyət ana dilini milli dövlətçiliyin əsas sütunlarından biri kimi dəyərləndirmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan dilinin dövlət dili statusunun hüquqi əsasları formalaşdırılmış, dil siyasəti sistemli və məqsədyönlü şəkildə həyata keçirilmişdir.
    1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması həmin dövrün siyasi reallıqları fonunda tarixi cəsarət və milli iradənin təzahürü idi. Ulu öndərin təşəbbüsü və qətiyyətli siyasəti nəticəsində 1978-ci il 27 aprel tarixində qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili ilk dəfə olaraq rəsmi şəkildə dövlət dili statusu almışdır. Bu addım Azərbaycan dilinin rəsmi idarəçilikdə, təhsildə, elmdə və mədəniyyətdə geniş tətbiqinə imkan yaratmış, milli özünüdərkin möhkəmlənməsində mühüm rol oynamışdır.
    Azərbaycan öz dövlət müstəqillini bərpa etdikdən sonra xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan Ulu öndər ana dilininin inkişafını daim diqqət mərkəzində saxlamış, müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunan Konstitusiyasında da Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Onun bu istiqamətdə atdığı addımlar bu gün də öz bəhrəsini verməkdədir.Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit edilməsinə, onun tətbiq dairəsinin genişləndirilməsinə və ədəbi dil normalarının qorunmasına xüsusi önəm vermişdir. Müdrik şəxsiyyətin dil siyasətinin əsas mahiyyəti ana dilini yalnız mədəni dəyər kimi deyil, həm də dövlətçilik ideologiyasının əsas elementi kimi təqdim etməsində idi. Onun fikrincə, ana dili milli birliyin, ictimai həmrəyliyin və ideoloji bütövlüyün əsas təminatçısıdır.
    2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
    Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, Ana dilinin inkişafını, saflığının qorunmasını daim diqqət mərkəzində saxıamış və bu istiqamətdə bütün vasitələrdən istifadə etmişdir. Dövlətimizin başçısının 2026-cı il yanvarın 5- də yerli televiziya kanallarına verdiyi müsahibəsində ana dili ilə bağlı söylədiyi fikirlər ölkəmizdə Azərbaycan dilinin inkişafı və qloballaşma şəraitində dilimizin milli kimliyimizin atributu kimi qorunmasını nəzarətdə saxladığını bir daha sübut etdi. Dövlətçilik atributlarından biri olan Azərbaycan dili haqqında müsahibədə xüsusilə vurğulanan “Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir” fikri ana dili haqqında yürüdülən dövlət siyasətinin təcəssümüdür.
    Ölkə başçısı öz çıxışında dili yalnız kommunikativ vasitə deyil, millətin tarixi yaddaşını, siyasi iradəsini və dövlətçilik ənənəsini daşıyan fundamental institut kimi təqdim edir və dil bayraq, gerb və himn kimi dövlət atributları ilə eyni semantik səviyyəyə qaldırılır ki, bu da dilin simvolik-siyasi statusunu gücləndirən ideoloji yanaşmadır: “Dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”.
    Millətin, xalqın mədəni inkişaf səviyyəsi onun dilinə olan münasibəti ilə ölçülür. Bugün Azərbaycan dilinin qorunması üçün bütün dövlət mexanizmləri aktiv şəkildə reallaşır. Azərbaycan dilinə dövlət qayğısı hazırda sadəcə mədəni məsələ deyil, milli ideologiyanın strateji dayağı, müstəqilliyin mənəvi təminatıdır.
    Ölkəmizdə dil məsələlərinə daim xüsusi diqqət yetirilir və dövlətin dil siyasəti ardıcıl şəkildə həyata keçirilir. Ana dilinin qorunması və inkişafı milli kimliyimizin, mədəni suverenliyimizin və dövlət müstəqilliyimizin əsas təminatçısı olaraq bundan sonra da Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
    Heydər Əliyevin formalaşdırdığı dil siyasəti Prezident İlham Əliyevin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının ideoloji və dəyər əsasını təşkil edir. Konsepsiya ana dilinin yalnız qorunmasını deyil, həm də müasir çağırışlara uyğun şəkildə inkişafını və gələcək nəsillərə ötürülməsini hədəfləyir.
    Beynəlxalq Ana Dili Günü çərçivəsində Azərbaycan təcrübəsi milli dillərin qorunması və inkişafı baxımından nümunəvi model kimi çıxış edir. Bu modelin əsasını Heydər Əliyev tərəfindən müəyyən edilmiş prinsipial yanaşma – ana dilinə dövlət səviyyəsində qayğı və sistemli dəstək təşkil edir.









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ