Təbii intellektin avtomatlaşdırılmış forması haqqında bir neçə söz demək istəyirəm. Bu gün cənab Prezidentin səsləndirdiyi bir fikir xüsusi diqqətimi çəkdi. "Rəhbər vəzifədə olan hər bir insan süni intellektdən effektiv istifadə etməyi bacarmalıdır."
Şəxsən düşünürəm ki, süni intellekt bir çox insanda narahatlıq və tərəddüd yaratsa da, bəzən yanlış məlumat verə biləcəyi söylənsə də, doğru və məsuliyyətli istifadə edildiyi zaman son dərəcə faydalıdır. Hətta deyərdim ki, çox faydalıdır və zaman keçdikcə bu fayda daha aydın görünəcək.
Bunu yoxlamağın ən yaxşı yolu hər bir mütəxəssisin öz ən güclü bildiyi, illərlə dərin araşdırdığı dar sahə üzrə süni intellektlə dialoq qurmasıdır. İnsan bəzən onilliklər boyu topladığı bilik və təcrübə səviyyəsində cavabları saniyələr içində strukturlaşmış formada görəndə, texnologiyanın real gücünü daha obyektiv qiymətləndirə bilir.
Əlbəttə, bilmədiyimiz sahədə düzgün sual vermədən və yönləndirmə aparmadan alınan cavablar bizi yanlış nəticələrə də apara bilər. Buna görə süni intellektdən ən səmərəli istifadə forması bildiyimiz mövzularda köməkçi, sürətləndirici və analiz dəstəkçisi kimi istifadə etməkdir.
Mühəndislikdən tibbin müxtəlif sahələrinə, təhsildən infrastruktur və kənd təsərrüfatına qədər bir çox istiqamətdə süni intellekt daha sürətli, daha əlçatan və çox vaxt daha sistemli bilik təqdim etmək gücünə malikdir. Bu, əslində həyatımızı asanlaşdıran yeni bir mərhələdir.
Mən inanıram ki, yaxın illərdə süni intellekt tibbin böyük bir hissəsində prosesləri öz üzərinə götürəcək səviyyəyə çatacaq. Hətta ən mürəkkəb sahələrdə belə, çoxsaylı mütəxəssislərin uzun illər ərzində topladığı təcrübəni bir platformada birləşdirərək qərar dəstəyinə çevirmək mümkün olacaq.
Unutmamalıyıq ki, süni intellekti yaradan da, onu düzgün istifadə edən də insandır. Süni intellekt təbii intellektin avtomatlaşdırılmış formasıdır. Ona görə də öz düşünmə qabiliyyətimizi, peşəkar mühakiməmizi və məsuliyyət hissimizi hər zaman ön planda saxlamalıyıq. Bu halda süni intellekt bizim üçün güclü bir tərəfdaş olacaq.
Hörmətlə,
Rəşad Mahmudov
Tibb elmləri doktoru,
DGKTXİ Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi
