"Atributinfo.az" məlumat verir ki, ənənəyə sadiq qalaraq deputat bu həftənin sonu da Masallıda şəhid ailələri ilə birgə anım günləri çərçivəsində şəhid məzarlarını ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad edib və ailələrin yanında olmaq aksiyasını davam etdirib. O, sözügedən rayonun Böyük Kolatan kəndində, eləcə də Böyük Kolatan İnzibati Ərazi Dairəsinə daxil olan Bala Kolatan kəndində torpaqlarımızın azadlığı uğrunda canından keçmiş I və II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, onların xatirəsinə dərin ehtiramını bildirib.
Məşhur Məmmədov ziyarət zamanı şəhid ailələri ilə səmimi söhbətlər aparıb, onların qayğı və istəkləri ilə maraqlanıb.
"Ailələrin göstərilən diqqət və qayğıdan razı qaldıqlarını, dövlətimizin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi xüsusi diqqəti minnətdarlıqla qeyd etdiklərini eşitmək bizim üçün qürurverici oldu."
Bu sözləri "atributinfo.az"a eksklüziv açıqlamasında deputat bildirib:
"Bu cür görüşlər bir daha sübut edir ki, şəhid ailələrinin sosial rifahı və onların mənəvi dayaqla əhatə olunması daim diqqət mərkəzindədir.
Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların ailələrinə qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və döyüşçülərimizə cansağlığı versin!"- Məşhur Məmmədov deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
