Layihə rəhbəri, Bakı Dövlət Universitetinin müəllimi Lalə Maxsudova layihə haqqında məlumat verdi. O vurğuladı ki, müasir dövrdə qlobal rəqabət və texnoloji inkişaf sürətlə artdığı üçün sahibkarların ən vacib ehtiyaclarından biri də innovativ bacarıqların inkişaf etdirilməsidir. Layihə çərçivəsində hazırlanmış “Süni intellekt və sahibkarlıq” adlı kitabça da bu baxımdan çox aktual və zəruri bir vəsaitdir. Kitabçada sahibkarlıq fəaliyyətində innovasiyaların rolu, rəqəmsal marketinq, yeni texnologiyaların tətbiqi və xüsusilə süni intellektin (AI) sahibkarlıq mühitinə inteqrasiyası üçün lazımlı məlumatlar toplanmışdır ki, bu da kiçik və orta sahibkarların bu texnologiyadan necə faydalana biləcəyini əhatəli şəkildə əks etdirmişdir.
İqtisadi ekspert, Beynəlxalq Əmək Təşkilatının-biznes təlimçisi, Bakı Biznes Universitetinin müəllimi Bəsti Bəşirova və informasiya təhlükəsizliyi üzrə beynəlxalq sertifikatlı mütəxəssis Həsən Şahbazov mövzu üzrə startap layihələr, süni intelektin biznesdə tətbiqi, rəqəmsal marketinqdə süni intelektin faydaları, marketinq xərclərinin azalmasına dəstək olan innovativ alətlər, kiber təhlükəsizlik, bazara çıxışı və satışı asanlaşdıran innovativ proqramlar və s. barədə təlim iştirakçılarına ətraflı məlumat verdilər, slaydlar təqdim etdilər.
Təlimdə sahibkarları maraqlandıran məsələlərlə bağlı suallar həm təlimçilər, həm də KOBİA əməkdaşları tərəfindən cavablandırıldı, gənc fərdi sahibkarlara sertifikatlar verildi.
/atributinfo.az/
