"Atributinfo.az"-ın verdiyi məlumata görə anım mərasimi şəhidimizin dəfn olunduğu Saatlı rayonun Bəylər kəndində baş tutub.
Şəhidimizin il dönümündə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhid ailələri iştirak edib.
Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra mərasim iştirakçıları tərəfindən şəhid Mehtiyev Elgiz Şahin oğlunun məzarı önünə tər gül dəstəsi qoyulub, şəhidlərimizin əziz xatirəsi dərin hörmətlə yad edilib.
Vətən müharibəsi şəhidi Elgiz Mehtiyevin məzarı önündə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.
Şəhidimizin ailə üzvləri Prezident İlham Əliyevin həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə edib, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onun valideynlərinə və yaxınlarına ehtiramını bildirən Elmir Bağırov vurğuladı ki, 2020-ci ilin qızıl payızı düşmənin 30 ilə yaxın davam edən işğalçılıq siyasəti üzərində dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrətinin, eyni zamanda, xalqımızın tükənməz iradəsinin və vətənpərvərlik ruhunun əbədi təntənəsidir. Bu gün biz Vətən müharibəsi döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini yad edirik. Şəhid qardaşımız Elgiz Mehtiyevin timsalında Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Azərbaycanı sevən, dövlətimizin atributlarına hörmətlə yanaşan,Vətəni düşmən təcavüzündən qoruyan cəsur və vətənpərvər oğullar millətimizin qürur mənbəyidir.
Dünyada ən böyük qəhrəmanlıqlar Vətən naminə edilib.Elgizində bu sevgisinin fövqündə sözsüz ki Vətən sevgisi dayanırdı.
Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir. Bu gün şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideyinlərin qarşısında baş əyirik.
Şəhidimiz Elgiz Mehtiyev 1 mart 1999-cu il tarixində Saatlı rayonunun Bəylər kəndində
zəhmətkeş bir ailədə dünyaya gəlib. 2006—2014 cü illərdə Bəylər kənd ümumi orta məktəbində təhsil alıb. Elgiz çox istiqanlı, tez bir müddətdə ünsiyyət qurmağı bacaran, ailə üzvlərinə bağlı bir övlad olub. Hər zaman öz ailəsinə maddi və mənəvi dəstək olan şəhid qardaşımız uşaqlıqdan hərbçi olmaq istəyib, ailənin yeganə oğul övladı olduğuna görə valideynləri hərbçi olmağına icazə verməyib. Əsgəri xidmətini Tərtər rayonunda həyata keçirib. Əsgərlikdən qayıtdıqdan sonra doğma kəndində maşın ustası-çilingər kimi çalışıb və ailəsinə köməklik etməyə çalışıb.
2016-cı ildə hərbiyə yollanan Elgiz, Tərtər rayonunun "N" saylı hərbi hissəsində qulluq edib.
Azərbaycan Ordusunun əsgəri olan Elgiz Mehtiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgiz Mehtiyev Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bəradər Səməndərli
"Atributinfo.az"
