Belə igidlərdən biri də, Saatlı rayon Qaracalar kənd sakini Əhmədli Şahid Gülməmməd oğludur. Əhmədli Şahid Gülməmməd oğlu 17 oktyabr 1992-ci ildə Saatlı rayonunun Qaracalar kəndində anadan olub. Əhmədli Şahid orta məktəbin 8-ci sinfini bitirdikdən sonra özünün arzusu ilə sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə təqdim edir və qəbul olunur. 2014-cü ildə Şahid hərbi liseyi əla qiymətlərlə bitirib, sənədlərini H. Əliyev adına ali hərbi akademiyasına verir və yenə də əla göstəricilərlə akademiyaya qəbul olunur. 2015-ci ildə akademiyanı bitirmişdir. Komandanlığın göstərişi ilə Şahid bir illik təlim keçmək üçün Bakıda Salyan qarnizonuna göndərilir. Bir il sonra 2016-cı ildə aprel döyüşləri başlayır. Son dərəcə çevik və bacarıqlı zabit kimi tanınan baş leytenant, könüllü olaraq cəbhəyə gedir. Aprel döyüşlərində birbaşa iştirak edir və komandanlıq adından fərxi fərmanla təltif olunur. Taleyin qismətilə sağ və salamat dinc xidmətə başlayır.
Əhmədli Şahid 2017-ci ildə komandanlığın əmri ilə Tərtər şəhərindəki hərbi hissəyə qaytarılır. Elə həmin il yaxın bir dostu cəbhəboyu səngərlərin birində düşmən tərəfindən vurularaq şəhidlik zirvəsinə yüksəlir. Həmən hadisə “Həsənqaya” kəndindəolduğundan Əhmədli Şahidin öz xahişi ilə komandirlik etdiyi tağımla birlikdə həmin əhatəyə göndərilir.
“Həsənqaya” kəndində ordumuzdan hər il 10-12 nəfər əsgər və zabit düşmən tərəfindən vurulub şəhid olduğu halda, bir il ərzində komandirlik etdiyi tağımdan bir nəfər belə itki verməmişdir. Bu halda Əhmədli Şahidin özünün və tağımda olan əsgərlərin ayıq-sayıqlığı dəfələrlə və xüsusilə qeyd olunmuşdur.
Bir il sonra Şahid xidmətini davam etdirmək üçün Yevlax şəhərindəki “N” saylı hərbi hissəyə göndərilir. Bu hərbi hissədə Şahid komandirlik etdiyi tağıma təlim-tərbiyə və döyüş qaydalarının müxtəlif sirlərini öyrədirdi. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladı. Bu zaman Əhmədli Şahid ailəsinin yaşadığı mənzildən kifayət qədər aralı olduğundan evə gələ bilmədi və ailəsi ilə görüşmədən cəbhə bölgəsinə yollanır. Yol boyu Yevlaxda olan yaxın bir dostu Elsevərə zəng edir və xahiş edir ki, mənim ailəmi Saatlıya göndər getsinlər. Həyat yoldaşına isə zəng edib deyir ki, yaşadığımız evə ustalar gəlib istilik sistemi quraşdıracaqlar, ona görə dostumdan xahiş etmişəm ki, sizi Saatlıya evə aparsın. Mən isə ezamiyyətə cəbhə bölgəsindən çox aralı bir hərbi hissəyə gedirəm. 28 Sentyabr Əhmədlinin ilk döyüş əməliyyatı Murvodağda başlayır.
Hamıya aydın olduğu kimi, Murovdağın alınması nə qədər şərəfli olsa da, bir o qədər də çətin və təhlükəli idi. Bütün bunlara baxmayaraq mübariz və mətin Azərbaycan ordusu vahid ali baş komandanlığının səlist hərbi planı nəticəsində az bir müddətdə işğaldan azad edildi. Murovun alınmasında Əhmədli Şahidin və komandiri olduğu əsgərlərin böyük şücaəti və qəhrəmanlığı da qeyd olunmuşdur. Murovdağ zirvəsi azad olunandan sonra Şahid öz tağımı ilə bərabər Cəbrayıl cəbhə bölgəsinə göndərilir.
Suqovuşanda Sərsəng su anbarının alınması uğrunda döyüşə başlayan Əhmədli Şahid öz tağımı ilə cəsarətlə, mərdliklə düşmənlərin saysız canlı qüvvəsini və texnikasını məhv edir. Əhmədli Şahidin böyük arzusu idi ki, milli qəhrəmanımız Mübariz İbrahimovun qəhrəmancasına şəhid olduğu yeri görə bilsin, təsadüf elə gətirmişdir ki, Mübariz İbrahimovun həlak olduğu səngərə Azərbaycan bayrağını sancan bir zabit kimi məhz Şahid Əhmədliolmuşdur və bununla o özündə böyük qürur hissi keçirirdi. Bir neçə gün sonra onlar növbəti tapşırıqla yeni döyüşə girdilər. Döyüş 7 saat davam edir.Gecə saat 3-də başlayan döyüş səhər saat 10-a kimi davam edir. Sanki ürəyinə dammışdı ki, döyüşdə şəhid ola bilər, buna görə vaxt da tapıb qardaşı ilə telefonda danışıb demişdi ki, hərşey əladı, dığaları qırırıq, düşmənləri məhv edirik, tezliklə görüşərik. Dəqiq məlumata görə telefon danışığından 20-25 dəqiqə sonra Əhmədli Şahid 12 oktyabr 2020-ci ildə döyüş meydanında snayper gülləsinə tuş gəlir və şəhid olur. Allah rəhmət eləsin, qəbri nurla dolsun! Atasının dedikləri: Arzusu bütün Qarabağ torpaqlarının qaytarılması idi. “Vətən başın sağ olsun” dedi.
Qəhrəman adınla, şərəf, şanınla
Vətənin namusu, qeyrəti şəhid
Yazıldı tarixə bugün qanınla
Bu imiş taleyin qisməti Şahid
Vətənə vətəndaş hər yetən olmur
Cəfasına sinə gərə, bilməsən
Vətən də o vaxtı bir vətən olur,
Torpağı düşməndən qoruya bilsən.
Şəhidlik zirvəsi oğul bax budur
Yerində təki bir qalanın olsun
Atanın zəhməti, ananın südü
Qoy vətən naminə halalın olsun
Dünyanın qəribə hikməti varmış
Ölüm də şərəflə qarşılanarmış
Sən demə bir anda saçlar ağarıb
Kövrək ürəklərdə dərd qocalarmış
Belə bir möcüzə, hikmət də varmış
Adı Şahid idi, şəhid də oldu
Kiçik yaşlarında indi boy atmış
Yadigar iki qız övladı qaldı
Allah rəhmət eləsin.
Şahid Əhmədlinin vətən yolunda xidməti, torpaqlarımız uğrunda şərəflə döyüşüb qəhrəmancasına şəhid olması xalqımızın qəlbində əbədi yaşayacaqdır. İnanıram ki, onun xidməti ali baş komandan və hörmətli prezidentimiz tərəfindən layiqincə qiymətləndiriləcəkdir.

Qənbər Əhmədli
şair-publisist, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü
