Sizin reklam burada
Sizin reklam burada
  • Ruhu azad olan bir millət

    Ruhu azad olan bir millət
    Mirzəcan Xəlilov,
    “Azərsutəchizattikinti” ASC-nin sədri



    28 May Azərbaycanın istiqlal günüdür
    Danılmaz faktdır ki, sovet ideologiyası bizlərə saxta tarix sırımışdı. Nə yaxşı ki, tarixçi alimlərimizin əl-qolu açıldı. Onlar xüsusilə Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Sərəncamından sonra ortaya sanballı əsərlər qoydular. Qısa zaman kəsiyində ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” hazırlamaq tarixçi alimlərimizin fədakar əməyinin bəhrəsi kimi dəyərləndirilməlidir. Azərbaycan Demokratik Respublikası və onun qurucuları barədə çəkilən “Son iclas” filmini şəxsən özüm böyük maraqla izləmişəm.
    Tarix boyu xalqımıza qarşı saysız-hesabsız haqsızlıqlar baş verib. Tarixi vərəqlədikcə dəhşətə gəlirsən: bütün baş verənlərdə “erməni barmağı” olduğunu görməmək, sezməmək mümkün deyil. Rus bolşevizminin müstəqilliyimizi süquta yetirməsindən sonra azadlıq fədailərimizin vətəndən didərgin salınması, hökumət üzvlərindən bir neçəsinin mühacirətdə ermənilər tərəfindən qətlə yetirilməsi artıq çoxdan öz sübutunu tapıb.
    Bütün bunlara baxmayaraq, SSRİ-də hökm sürən totalitar rejimin bütün qadağaları da xalqımızın azadlıq eşqini heç vaxt səngidə bilməyib. Bu illər ərzində həm sovetlər birliyində yaşayan, həm də xaricdə mühacir həyatı keçirən soydaşlarımızda xalqın yaddaşına köçən üçrəngli bayrağa inam azalmamışdır.
    28 may Respublika Günü ərəfəsində və koronavirus pandemiyası mütaliə üçün yaratdığı əlverişli şəraitdən faydalanaraq kifayət qədər kitablar oxudum. Və təbii ki, xeyli sayda maraqlı faktlarla rastlaşdım. Baxın, 1952-ci il il mayın 28-də mühacirətdə olan azərbaycanlıların Almaniyada keçirdiyi Respublika Gününə həsr olunmuş yığın\caqda M.Ə.Rəsulzadə xanımı ilə birlikdə hazırladığı üçrəngli bayrağı başı üzərinə qaldıraraq, onu kimin Azərbaycana apara bilməsini soruşur. İştirakçılardan biri – Gülmirzə Bağırov həmin bayrağı Azərbaycana aparacağına söz verir. Lakin bayrağın Azərbaycana aparılması uzun illər mümkün olmur. Nəhayət, Gülmirzə Bağırov 1970-ci illərdə bu bayrağı həyat yoldaşının bədəninə sarıyıb Vətənə gətirə bilir. O, həmin bayrağı 1990-cı il 20 Yanvar faciəsində Maştağadakı evinin damından asır.
    1956-ci ildə isə Azərbaycan vətəndaşı Cahid Hilaloğlu sovet quruluşuna etiraz əlaməti olaraq üçrəngli bayrağı Qız qalası üzərinə qaldırmışdı. Bu cəsarətinə görə o, 4 il azadlıqdan məhrum edilmiş, onun həmfikiri olan Çingiz Abdullayev adlı şəxs isə ruhi xəstəliklər dispanserinə salınmışdı.
    Azərbaycan bayrağı xalqımızın müstəqilliyinin və istiqlaliyyətimizin rəmzidir. Bu bayraq dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqəsidir. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə öz şeirlərindən birində bu barədə belə yazırdı:

    Daim ucalasan savaş günündə,
    Səni əsgər silahı ilə tən görüm.
    Yalnız zəfər çalmış zəfər günündə,
    Şəhidlər önündə əyilən görüm.

    Xatırlatmaq yerinə düşər ki, bayrağımıza ilk hüquqi statusu ulu öndər Heydər Əliyev verib. Onun layiqli davamçısı \cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə Dövlət Bayrağı Meydanının təntənəli açılışı oldu.
    Bax, bununla qürur duymaq olar. Təkcə bununlamı? Azərbaycan ikinci dəfə müstəqilliyə qovuşandan sonra uğurlarımız o qədər çoxdur ki, bütün bunlar cild-cild kitablara sığmaz. Ümummilli liderimiz Heydər Əliyevin bünövrəsini qoyduğu böyük və uğurlu layihələri sonrakı illərdə cənab Prezident İlham Əliyev, həmçinin Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva daha təkmil şəkildə davam etdirdilər.
    Demokratik və hüquqi cəmiyyətdə yaşayırıq. Gənc dövlətdir Azərbaycan. Hələ çətinliklərimiz də var. Hələ Qarabağ kimi düyünə düşmüş problemimiz öz həllini tapmayıb. Hələ bəzi insanların dünyagörüşü, həyata baxışı tam formalaşmayıb. Etiraf edək ki, hələ sovet ideologiyasının beyinlərə yeritdiyi köhnə stereotiplərdən tam azad ola bilməmişik. Hələ nəsillərin dəyişilmə prosesi davam edir. Bu “hələ”ləri uzatmaq da olar. Fəqət gərək ki, buna ehtiyac yoxdur. Çünki müstəqillik illərində qazandığımız uğurlar göz qabağındadır. Bu uğurların sayı o qədər çoxdur ki, bədxahlarımız bütün bunları həzm edə bilmirlər”. 20-25 ilə bu necə ola bilər? – deyə düşünür və hər vəchlə bu işlərə şübhə toxumu səpməyə çalışırlar. Ancaq əbəs yerə…
    Biz sülhsevər dövlət olduğumuzu çoxdan sübut etmişik və tolerantlığımız da hər kəsə bəllidir. İşğal olunmuş torpaqlarımızın da geri alınacağı uzaqda deyil. Sadəcə, qan tökmək istəmirik…
    Yuxarıda bəhs etdiyim o üçrəngli bayrağımız tezliklə Qarabağda da dalğalanacaq, buna hamınız inanın!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ