Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda çökə ağacından ibarət analoqu olmayan park salındı

    Bakıda çökə ağacından ibarət analoqu olmayan park salındı
    Bəli, bu park ilk dəfə olaraq 1 saylı Respublika Psixiatriya Xəstəxanasında yaradıldı

    Artıq isti yay günləri başlayıb. Qarşıdakı aylarda havaların daha da qızacağını göz önünə almaq olar. Yay istirahətini kimisi bölgələrdə, kimisi xaricdə, digərləri elə paytaxtın özündə keçirəcək. Sözsüz ki, çimərliklərə üz tutanlar da az olmayacaq. Amma sağlamlıq durumu yerində olmayan insanlar da var. Bəri başdan onların hamısına Tanrıdan şəfa diləyirik.
    Maştağada çox böyük bir tibb müəssisəsi var: 1 saylı Respublika Psixiatriya xəstəxanası. Sözügedən tibb ocağı barədə qəzetimizdə dəfələrlə yazılar çap olunub və diqqətli oxucular yəqin ki, dediklərimizi xatırlayarlar. Hər dəfə qəsəbəyə yolumuz düşəndə, həmin xəstəxanaya baş çəkir və baş həkim, respublikanın əməkdar həkimi, tibb elmləri namizədi Ağahəsən Rəsulovla söhbətləşir, görülən işlər barədə məlumat alırıq.
    Ağahəsən həkim buraya rəhbər təyin olunandan sonra baxımsız, sözün əsl mənasında xarabalıqları xatırladan bir məkanda tamamilə yeni bir mənzərə yarada bildi. Əlbəttə, bütün bunlara böyük zəhmət və illər sərf olundu.
    Budur, növbəti dəfə baş həkimlə xəstəxana ərazisində salınmış mənzərəli, yaşıllığa bürünmüş, mer-meyvəli, hovuzlu bir parkda gəzişib söhbət edirik. Burada nələr yoxdur? Təbiətin əsrarəngiz, ahənrudə gözəlliyi adamı valeh edir. Bu gözəlliyə tamaşa etdikdə özünü sanki nağıllar aləmində hiss edirsən. Beləcə, baş həkimlə bir an belə ayrılmaq istəmədiyim, bir-birindən yaraşıqlı, zövq oxşayan bağlı-bağatlı, güllü-çiçəkli məkanı gəzə-gəzə, söhbətləşə-söhbətləşə gəlib çıxırıq. Sırf cökə ağacından ibarət, hər bir şəraiti olan yeni parka.
    Bəlkə də təsəvvürə gəlməyəcək qədər gözəllik, səliqə-sahman, sıra ilə düzülmüş cökə ağacları… Bir sözlə, nəinki Bakıda, Respublikada analoqu olmayan cökə parkındayıq.
    Söhbət zamanı Ağahəsən həkimdən cökə bardə soruşuram. Həmsöhbətim belə deyir: “Bilirsiz, ruhi xəstələrə ilk növbədə yaxşı ovqat, sakitlik, ətraf mühitin pozitiv təsiri lazımdır. Tibbi müalicə isə sözsüz ki, daha çox lazımdır. Amma paralel olaraq ruhu oxşayan vasitələrə də zərurət duyulur. Bütün gördüklərinizi də məhz bu məqsədlə yaratmışıq və əminliklə deyə bilərəm ki, bu, öz effektini verir.
    Cökəyə gəldikdə, bu, cökə fəsiləsindən yarpağı tökülən ağac cinsidir. Hündürlüyü 15-25 metr, bəzən isə 40 metrədək olur. Gövdəsinin qabığı bozumtul, yaşlı ağaclarda tünd-boz olub, qeyri-bərabər çatlıdır. Yarpaqları növbəli düzülür. Çiçəkləri qalxanvari çiçək qrupunda yerləşir. Özü də uzunömürlü ağacdır, bəzən 500-1000 ilə kimi yaşayır. Böyük və Kiçik Qafqazda, Talış meşələrində geniş yayılıb. Bundan əlavə, oduncağı dülgərlikdə geniş istifadə olunur, mebel, çalğı alətləri hazırlanır. Çiçəklərindən tərlədici vasitə kimi çay dəmlənir. Cökə, ümumiyyətlə, dekorativ ağac sayılır. Şəhər və kəndlərin yaşıllaşdırılmasında geniş istifadə olunur”.
    Söhbət zamanı, baş həkim son illər ölkəmizdə səhiyyənin inkişafından, ölkə Prezidenti İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi diqqət və qayğısından da ürəklə danışdı. Başçılıq etdiyi tibb müəssisəsinə Səhiyyə Nazirliyi rəhbərliyinin, şəxsən nazir Oqtay Şirəliyevin hərtərəfli dəstəyinin göstərildiyini vurğuladı.
    Burada gördüyüm mənzərə isə sözün əsl mənasında məni valeh etdi. Gözoxşayan mənzərəyə baxdıqca, özünü sanki hansısa istirahət məkanında hiss edirsən. Bunu parkda gəzişən pasientlərin də ovqatından duymaq olur. Ona görə də havalar nə qədər isti keçsə də, burada onlar üçün sərinlik artıq təmin edilib.
    Biz isə sonda “Allah bütün xəstələrə şəfa versin!” deyib bu yazıya nöqtə qoyuruq.

    Bəradər Səməndərli

    Bakıda çökə ağacından ibarət analoqu olmayan park salındıBakıda çökə ağacından ibarət analoqu olmayan park salındıBakıda çökə ağacından ibarət analoqu olmayan park salındıBakıda çökə ağacından ibarət analoqu olmayan park salındıBakıda çökə ağacından ibarət analoqu olmayan park salındı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ