Sizin reklam burada
Sizin reklam burada
  • 20 Noyabr – Ağdam Şəhəri Günü: Zəfərdən dirçəlişə uzanan yol

    Rəhim Hacızadə

    YAP Qax rayon təşkilatının əməkdaşı

         

    Hər il noyabrın 20-də xalqımız Ağdam Şəhəri Gününü böyük qürur və fəxarət hissi ilə qeyd edir. Bu tarix Azərbaycan tarixində yalnız bir şəhərin işğaldan azad olunmasını deyil, həm də milli iradənin, dövlətimizin gücünün və tarixi ədalətin bərpasını təcəssüm etdirir. Qarabağın qədim mədəniyyət, iqtisadiyyat və sənaye mərkəzlərindən biri olan Ağdam zəngin tarixi, muğam ənənələri, Pənahəli xanın İmarət Kompleksi, Şahbulaq qalası və Cümə məscidi ilə daim xalqımızın yaddaşında xüsusi yer tutub.

    1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam uzun illər ərzində misli görünməmiş dağıntılara məruz qaldı. Şəhərin yaşayış evləri, tarixi abidələri, məktəbləri və mədəniyyət ocaqları dağıdıldı, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü. Bir zamanlar həyatın qaynadığı şəhər xarabalığa çevrilərək “Qafqazın Xirosiması” adlandırıldı. Lakin bütün bu illər ərzində ağdamlıların doğma torpağa qayıtmaq ümidi və xalqımızın Ağdam həsrəti heç vaxt sönmədi.

    2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər bölgədə yeni reallıqlar yaratdı. Üçtərəfli Bəyanata əsasən, 20 noyabr 2020-ci ildə Ağdam rayonu bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Bu hadisə hərbi Qələbəmizin və dövlətimizin uğurlu siyasi-diplomatik fəaliyyətinin mühüm nəticəsi oldu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 Noyabrın Ağdam Şəhəri Günü kimi təsis edilməsi isə bu tarixi hadisənin əbədiləşdirilməsinə xidmət etdi.

    Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin yeni inkişaf salnaməsini yaradır. Təsdiq edilmiş Baş Plan əsasında Ağdam müasir “ağıllı şəhər” konsepsiyası ilə yenidən qurulur və gələcəkdə burada 100 min nəfər əhalinin yaşaması nəzərdə tutulur. Yeni yaşayış məhəllələri, yollar, məktəblər, sosial və mədəniyyət obyektləri inşa edilir, sənaye və turizm infrastrukturu inkişaf etdirilir. Ağdam Sənaye Parkının fəaliyyəti yeni iş yerlərinin yaradılmasına, iqtisadi potensialın gücləndirilməsinə və bölgənin dirçəlişinə mühüm töhfə verir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Muğam Mərkəzinin istifadəyə verilməsi, tarixi abidələrin bərpası isə şəhərin həm müasir, həm də milli-mədəni simasının formalaşmasında mühüm rol oynayır.

    “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhərinə və kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı da uğurla davam edir. Artıq doğma yurdlarına qovuşan ailələr yeni evlərində məskunlaşır, illər sonra Ağdam torpağında yenidən həyat canlanır. Bu, həyata keçirilən quruculuq siyasətinin ən mühüm nəticəsidir.

    Bu gün Ağdam dağıntılardan dirçəlişə, həsrətdən qayıdışa, mübarizədən Zəfərə uzanan yolun parlaq nümunəsidir. Şəhərin hər bir yeni binası, salınan yolu və dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin qəhrəmanlığının, xalqımızın birliyinin və dövlətimizin qüdrətinin təcəssümüdür. Əminliklə demək olar ki, müasir Ağdam bundan sonra da Qarabağın mühüm iqtisadi, mədəni və sosial mərkəzlərindən biri kimi inkişaf edəcəkdir. Ağdam dirçəlir, doğma sakinlərinə qucaq açır və özünün yeni tarixini Zəfər, quruculuq və əbədi inkişaf üzərində yazır!




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ