“Anthropic” şirkətinin özəl yerləşdirmə də daxil olmaqla ilkin kütləvi səhm təklifinin (IPO) həcmi rekord həddə – 107,3 milyard dollara çatıb. Şirkətin bazar dəyəri isə təxminən 1,5 trilyon dollar olaraq qiymətləndirilib. ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmilərinin demək olar ki, hamısı inflyasiyanın 2 faizlik hədəf səviyyəsinə qaytarılması üçün faiz dərəcələrinin daha da artırılmasının zəruri ola biləcəyi qənaətindədir.
ABŞ fond bazarlarında texnologiya və süni intellekt şirkətlərinin səhmləri üzrə satış təzyiqi davam edib. Nəticədə “S&P 500” indeksi ardıcıl 5-ci ticarət sessiyasında da geriləyib.
“Nvidia” şirkətinin səhmləri maliyyə nəticələrinin açıqlanmasından sonra əldə etdiyi ilkin artımı qoruyub saxlaya bilməyib və təxminən 3 faiz ucuzlaşıb. Şirkətin satışlarla bağlı müsbət proqnozlarına baxmayaraq, rəhbərliklə bağlı qeyri-müəyyənlik və süni intellekt sahəsinə investisiyaların artım tempinin zəifləyə biləcəyi barədə narahatlıqlar investorların risk iştahını məhdudlaşdırıb.
Bazarlarda diqqət çəkən digər mühüm hadisə isə “Anthropic” şirkətinin IPO-su olub. Şirkət səhmlərinin təklif qiymətini əvvəlcədən müəyyənləşdirilmiş diapazondan yüksək – hər səhm üçün 83 dollar səviyyəsində müəyyən edib. IPO-ya yüksək tələbat süni intellekt sektoruna investor marağının davam etdiyini göstərsə də, bu amil “Nvidia” səhmlərindəki ucuzlaşmanın qarşısını ala bilməyib.
İstiqraz bazarında FED-in iclas protokolları və neft qiymətlərinin azalmasının təsirləri izlənilib. Oktyabr iclasının protokolları göstərib ki, FED rəsmilərinin demək olar ki, hamısı inflyasiyanın 2 faizlik hədəfə qaytarılması üçün qarşıdakı aylarda faiz dərəcələrinin əlavə artırılmasını zəruri hesab edir.
Bununla yanaşı, neftin ucuzlaşması inflyasiya ilə bağlı narahatlıqları müəyyən qədər azaldaraq istiqrazlara tələbatı artırıb.
Metal bazarlarında da kəskin satışlar müşahidə olunub. Londonda misin qiyməti 5,7 faiz azalıb. Süni intellekt sektorunda tələbatın artacağı gözləntilərinə əsaslanan qiymət yüksəlişi perspektivlərinin şübhə altına alınması satış təzyiqini gücləndirib.
Bu gün “Anthropic” şirkətinin səhmlərinin “Nasdaq” birjasında ilk ticarət günü olacaq. Səhmlərin bazar performansı investorların süni intellekt sektoruna yeni vəsait yatırmağa nə dərəcədə hazır olduğunun mühüm göstəricisi kimi qiymətləndirilir.
Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə təmasları da diqqət mərkəzindədir.
Fond indeksləri üzrə fyuçerslər artım nümayiş etdirsə də, süni intellekt sektorundakı dəyişikliklərə həssas olan Tayvan və Cənubi Koreya səhmlərinin ucuzlaşması “MSCI Asia Pacific” indeksinin 1,1 faiz geriləməsinə səbəb olub.
İstiqraz bazarında alışlar üstünlük təşkil edib. ABŞ-nin 10 illik dövlət istiqrazlarının gəlirliliyi 2 baza bəndi azalaraq 5,05 faizə düşüb. Bunun əksinə olaraq, ABŞ dolları əsas valyutaların əksəriyyətinə nisbətən möhkəmlənib. “Bloomberg Dollar Index” son 8 ticarət gününün 7-də yüksəliş qeydə alıb.
