Sizin reklam burada
Sizin reklam burada
  • Zəfər Günü – milli qürurumuzun və sarsılmaz iradəmizin təntənəsi


    Orxan Məmmədzadə

    YAP Qax rayon təşkilatının məsləhətçisi    

               

    Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri – 8 Noyabr Zəfər Günü xalqımızın əzmini, birliyini və mübarizə ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu gün təkcə bir qələbənin deyil, əsrlər boyu çəkilən həsrətin sona çatmasının, ədalətin bərpasının, Vətənin bütövlüyünün simvoludur.

    2020-ci ilin həmin noyabr günündə Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı. Düşmən üzərində bu möhtəşəm qələbə milli ruhun, igidliyin və birliyin təntənəsi oldu. Şuşanın azad edilməsi ilə həm tarixi, həm mənəvi, həm də milli kimliyimiz öz yerinə qayıtdı.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı. Cənab Prezidentin digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alındı. Zəfər günü həm də Dünya Azərbaycanlılarının milli qürur günüdür. Ordumuz 30 il düşmən tapdağı altında qalmış torpaqlarımızı azad etməklə milli ləyaqətimizi, milli ruhumuzu özümüzə qaytardı.

    Azərbaycan dünya siyasi tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini özü, təkbaşına icra etməklə ədaləti bərpa etdi. Beləliklə, Silahlı Qüvvələrin Ali Baş Komandanı dünya azərbaycanlılarına qədim tariximizin son 200 ilində ilk dəfə qazanılmış Zəfəri yaşatdı. Qələbəyə gedən yol Azərbaycan xalqının mütəşəkkilliyini, həmrəyliyini, xalq-iqtidar birliyini daha bariz şəkildə nümayiş etdirdi.

    Respublikamız  işğaldan ötən 30 il ərzində üzləşdiyi haqsızlıq və ədalətsizliyin təzahürlərinin Vətən müharibəsi günlərində bir daha şahidi oldu. Müharibənin ilk günlərində və uğurlu hərbi əməliyyatların davam etdiyi zaman, işğalçı Ermənistanı və qondarma rejimi müdafiə edən ölkələrin riyakarlığı da diqqətdən kənarda qalmadı. Münaqişənin “həlli” ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Fransa açıq-aşkar təcavüzkar dövlətə birmənalı dəstəyini ifadə etdi. Erməni lobbisinin təsiri altında olan ABŞ və digər Qərb dövlətlərinin bir sıra yüksək vəzifəli rəsmilərinin də ermənilərə dəstək mesajları Azərbaycana qarşı qərəzli mövqeyi, ədalətsizliyi göstərdi. Eləcə də Ermənistan və havadarlarının ölkəmizə təzyiq cəhdləri informasiya savaşında daha qabarıq şəkildə sərgilənirdi.

    Dünyadakı  ermənipərəst  qüvvələrin  bütün hədə və təhdidlərinə, təxribatlara baxmayaraq, qətiyyətli sərkərdəmiz İlham Əliyevin diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirmək məharəti və məntiqli arqumentləri ilə bu təzyiq və haqsız hücumların hər birini darmadağın edərək iyrənc  ikili standartları  ifşa etdi. Ölkəmizin başçısı həm müharibə cəbhəsində, həm də diplomatik meydanda inamlı qələbələr qazandı, haqq savaşını qalib sərkərdə kimi başa çatdırdı.

    Bu bir həqiqətdir ki, tarixi Zəfərimiz xalqımızın  şərəf və qürur simvoludur. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş möhtəşəm Zəfər paradı keçirilib, Paradda  Azərbaycan əsgəri və zabitinin möhtəşəm görüntüsü və  döyüş səngərlərindən qənimət kimi götürülən  hərbi texnikaları xalqımızda qürur və fərəh şissləri yaratmışdı. Nəticədə  bu gün  xalqımızda öz Ordusuna , Müzəffər Ali Baş Komandanına daha böyük güvən və inam yaramışdı.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ