YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı
Məlum olduğu kimi, ölkəmizin xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin inkişafı önəmli yer tutur. Belə ölkələrdən biri də Kamboca Krallığıdır. Yeri gəlmişkən, oktyabrın 12-də Kambocanın Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri qarşılıqlı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasının göstəricisidir.
Qeyd edək ki, Kamboca Krallığı Cənub-Şərqi Asiya yerləşən dövlətdir. Ölkələrimiz arasında diplomatik münasibətlər rəsmi olaraq 1994-cü il dekabrın 28-də qurulub. Bu addım iki ölkə arasında siyasi dialoqun əsasını qoyaraq, gələcəkdə iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün zəmin yaradıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müxtəlif region ölkələri ilə əlaqələrini genişləndirmək siyasətini davam etdirib və Kamboca ilə diplomatik münasibətlərin qurulması da bu prosesin bir hissəsi olub. Bu münasibətlər BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək və əməkdaşlıq imkanlarını artırmağa xidmət edir.
Xüsusilə qeyd etmək lazımdır ki, ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün böyük potensial mövcuddur. Bu gün siyasi münasibətlər yüksək səviyyədədir və bu amil müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq imkanı verir. Baş nazirin səfəri çərçivəsində mübadilə edilən sənədlər də bunun göstəricisidir.
Onu da qeyd edək ki, mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmasların intensivləşdirilməsi zərurətdir. Bu baxımdan, ticarət və sərmayə qoyuluşu sahələrində aparılan müzakirələr iqtisadi əlaqələrimizin genişləndirilməsinə töhfə verəcək. Çünki ölkələrimiz arasında ticarət dövriyyəsi hazırda aşağı səviyyədədir. Bu səfər zamanı ticarət və investisiya əməkdaşlığının praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaradılması iqtisadi əlaqələrə böyük təkan verəcək. Məlumdur ki, keçmiş Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil alıb. Cənab Prezidentin dediyi kimi, bu ənənə bərpa edilməlidir. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək. Müsbət haldır ki, Azərbaycan modeli olan “ASAN” xidmət Kambocada da maraq doğurur. Bu model Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Ən əsası, bütün bunlar Asiyanın, o cümlədən Cənub-Şərqi Asiyanın ölkəmiz üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu sübut edir.
