Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

    Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 23-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman ilə görüşüb. 

    Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Sahibə Qafarova Azərbaycan və Birləşmiş Krallıq arasında dostluq və tərəfdaşlıq münasibətlərindən söz açıb. Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm əhəmiyyəti vurğulanaraq, bu dinamikanın bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub. 

    İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolundan bəhs edən spiker Sahibə Qafarova özünün Birləşmiş Krallığa səfərlərini, habelə Birləşmiş Krallığın ölkəmizə səfər etmiş yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşləri və aparılan danışıqları məmnunluqla xatırlayıb. Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti vurğulanaraq, əlaqələrin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin və müntəzəm təmasların mühüm rol oynadığı diqqətə çatdırılıb. O cümlədən qeyd olunub ki, qanunvericilik orqanlarımız Parlamentlərarası İttifaq, ATƏT PA və NATO PA kimi beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər.

    Ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlıq münasibətlərindən bəhs edən səfir Dunkan Norman iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu bildirib. Təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu qeyd edilərək, qarşılıqlı təmasların və birgə təşəbbüslərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

    Söhbət zamanı səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə digər sahələrlə yanaşı, qanunvericilik orqanları arasında da əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini qeyd edib.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


    Milli Məclisin Mətbuat və

     ictimaiyyətlə əlaqələr şöbəsi 





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ