Azərbaycan müxtəlif dinlərin və xalqların birgə yaşadığı çoxkonfessiyalı, tolerant ölkədir. Tarixin bütün dövrlərində dini dözümlülük, başqa dinlərin nümayəndələrinə hörmət və mehriban qonşuluq xalqımızın həyat fəlsəfəsinin əsasını təşkil edib. Bu zəngin ənənə Azərbaycanın mənəvi dəyərlər sistemində mühüm yer tutur. Azərbaycan dünyada dini və məzhəbi müxtəlifliyin qarşılıqlı hörmət şəraitində yaşadığı nadir ölkələrdəndir. Ölkəmizdə məzhəb ayrı seçkiliyinə yol verilmir. İslam dünyasında birlik və həmrəyliyin təbliği baxımından vəhdət namazının ilk dəfə Azərbaycanda qılınması da bu yanaşmanın mühüm nümunəsidir".
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bir daha Azərbaycanın dini baxışlarını, tolerantlıq ənənələrini və İslam həmrəyliyinə verdiyi önəmi aydın şəkildə ifadə etdi.
Ölkəmizin başçısı qeyd etdi ki, Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı ilə Seyid Yəhya Bakuvi haqqında beynəlxalq konfransın eyni günlərdə keçirilməsi xüsusi məna daşıyır.
Bu tədbirlər Azərbaycanın zəngin mənəvi irsinin, dini tolerantlığının və İslam həmrəyliyinə münasibətinin daha bir təsdiqidir. Seyid Yəhya Bakuvi, Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərin irsi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi əvəzsiz sərvətdir. Bu irs xalqımızın Türk dünyası, Qafqaz və İslam coğrafiyası ilə dərin tarixi və mənəvi bağlarının göstəricisidir.
Prezident haqlı olaraq bəyan etdi ki, Bakıda Türk dünyasından, Qafqazdan və İslam ölkələrindən dini liderlərin bir araya gəlməsi Azərbaycanın birləşdirici mövqeyini ortaya qoyur. Ölkəmiz İslam həmrəyliyini konkret addımlarla dəstəkləyir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları və gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi bunun bariz nümunələridir.
Dövlətimizin başçısı dini liderlərin Qarabağa səfərinin əhəmiyyətinə toxunaraq vurğuladı ki, onlar 30 illik işğalın nəticələrini, dağıdılmış şəhərləri, kəndləri və məscidləri görəcək, eyni zamanda bu gün dirçələn Qarabağın yeni simasına şahid olacaqlar. Müharibə başa çatsa belə 30 il ərzində xalqımıza qarşı törədilən cinayətlər Azərbaycanın tarixi yaddaşından heç vaxt silinməyəcək. Çünki bu torpaqlarda törədilən cinayətlər Azərbaycan xalqının tarixinə, mədəni irsinə və İslam dünyasının mənəvi dəyərlərinə qarşı yönəlmişdi.
Deputat sonda qeyd edib ki, mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın sülhə, dialoqa və əməkdaşlığa açıq mövqeyini göstərir. Dini və milli dəyərlərə hörmət xalqımızın mənəvi dayaqlarından biridir. Azərbaycanın bu mövqeyi həm milli irsimizin qorunmasına, həm də Türk və İslam dünyasında birlik və həmrəyliyin güclənməsinə xidmət edir.
