Sizin reklam burada
Sizin reklam burada
  • "Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə reaksiyalar qəbuledilməzdir"- Mircəlil Qasımlı

    "Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətində səslənən bəzi reaksiyalar təəssüf doğurur və mövcud reallıqlarla ziddiyyət təşkil edir."


    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib. O, əlavə edib ki,.Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın suveren əraziləridir. Xarici diplomatların bu bölgələrə səfərinin hədəfə alınması Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı əsassız yanaşmanın davam etdiyini göstərir. Diplomatik korpus nümayəndələrinin səfəri isə həmin ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha nümayiş etdirir:


    "Son dövrdə Ermənistan daxilində revanşist çağırışların, tarixi saxtalaşdırmağa yönəlmiş fikirlərin və qarşıdurma ritorikasının səslənməsi sülh prosesinə xidmət etmir. Xüsusilə Azərbaycan ərazisində mövcud olmuş tarixi-mədəni irsin mənşəyi ilə bağlı faktların təhrif edilməsi münasibətlərin normallaşmasına mane olan yanaşmalardandır.

    Ermənistanın siyasi və ictimai mühitində revanşist mövqelərin təşviq edilməsi regionda dayanıqlı sülhün formalaşması baxımından narahatlıq doğurur. Tərəflər arasında sülh gündəliyinin irəlilədiyi bir mərhələdə qarşılıqlı etimadı zədələyən ritorikadan çəkinmək xüsusilə vacibdir.

    Bununla yanaşı, Qərbi Azərbaycan ərazisində azərbaycanlılara məxsus tarixi və mədəni irsin dağıdılması, məscidlərin, qəbiristanlıqların və digər abidələrin məhv edilməsi ilə bağlı məsələlər də diqqətdən kənarda qalmamalıdır."


     Deputat bildirib ki, tarixi-mədəni irsin qorunması beynəlxalq hüququn və ümumbəşəri dəyərlərin tələbidir.


    "Bu gün regionun gələcəyi qarşıdurmada deyil, sülh, əməkdaşlıq və qarşılıqlı hörmətdədir. Ermənistan cəmiyyətində də yeni reallıqların qəbul edilməsi və revanşist yanaşmalardan imtina olunması uzunmüddətli sabitliyin təmin edilməsi üçün mühüm şərtdir."- Mircəlil Qasımlı deyib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ