15 Sentyabr Azərbaycan tarixinin şanlı və qürurverici səhifələrindən biridir. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan hərbi qüvvələri Bakını işğaldan azad edərək Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünün və milli dövlətçiliyinin möhkəmlənməsi istiqamətində tarixi qələbə qazandılar.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də elan olunması xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni mərhələ açdı. Lakin milli hökumətin qarşısında ciddi siyasi və hərbi problemlər dayanırdı. Azərbaycanın əsas siyasi, iqtisadi və mədəni mərkəzi olan Bakı milli hökumətin nəzarətindən kənarda idi. Bu baxımdan Bakının azad edilməsi Azərbaycan dövlətçiliyinin taleyi üçün həyati əhəmiyyət daşıyırdı.
Azərbaycanın müraciətinə cavab olaraq Osmanlı dövləti qardaş ölkəyə hərbi yardım göstərdi. Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun tərkibində Azərbaycan və Osmanlı hərbçiləri çiyin-çiyinə mübarizə apardılar. Bu birlik iki xalq arasında tarixi qardaşlığın, həmrəyliyin və qarşılıqlı dəstəyin parlaq nümunəsinə çevrildi.
Bakının azadlığı uğrunda gedən ağır döyüşlərdə çoxsaylı Azərbaycan və türk əsgər və zabitləri şəhid oldular. Onların fədakarlığı Azərbaycan istiqlalının və milli dövlətçiliyimizin tarixində əbədi yaşayacaqdır.
15 sentyabr 1918-ci ildə Bakının azad edilməsindən iki gün sonra – sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədən Bakıya köçməsi milli dövlət quruculuğunda mühüm mərhələ oldu. Bakı Azərbaycanın paytaxtı kimi milli hökumətin fəaliyyət mərkəzinə çevrildi.
Ədalət Partiyası hesab edir ki, 15 Sentyabr yalnız tarixi bir hərbi qələbənin ildönümü deyil, həm də milli iradənin, dövlətçilik əzminin və Azərbaycan-Türkiyə qardaşlığının rəmzidir. Bu tarixi qələbə bir daha göstərdi ki, Azərbaycanın müstəqilliyi və dövlətçiliyi xalqımızın iradəsi, fədakarlığı və mübarizəsi ilə qorunub yaşadılıb.
1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, Qafqaz İslam Ordusunun və Azərbaycan hərbi qüvvələrinin qəhrəmanlığını yüksək qiymətləndiririk.
Ədalət Partiyası hesab edir ki, 15 Sentyabrın tarixi-siyasi mahiyyətinin gənc nəslə çatdırılması, milli dövlətçilik yaddaşımızın qorunması və Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi hər birimizin mühüm vəzifəsidir.
