"Beynəlxalq diplomatların işğaldan azad olunmuş ərazilərə səfərlərinin Ermənistanda yenidən siyasi gərginlik mövzusuna çevrilməsi İrəvanın sülh prosesinə yanaşmasındakı ziddiyyətləri növbəti dəfə üzə çıxarır. Xarici diplomatların Azərbaycanın suveren ərazisindəki fəaliyyətinə göstərilən reaksiya regional reallıqların qəbul olunmasında ciddi psixoloji və siyasi maneələrin qaldığını göstərir."
Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov deyib.
O, bildirib ki, baş verənlər rəsmi İrəvanın sülh gündəliyi ilə real addımları arasında dərin uçurum olduğunu sübut edir:
“Biz görürük ki, Ermənistan tərəfi beynəlxalq auditoriyaya sülhməramlı imic təqdim etməyə çalışsa da, daxili siyasi müstəvidə revanşist ruhu dəstəkləməyə davam edir. Regional inteqrasiyadan və sülhdən danışan dövlət beynəlxalq hüququn təməl prinsipləri olan qonşu dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Diplomatik korpusun azad edilmiş torpaqlara səfərinə mane olmaq və ya buna görə xarici nümayəndələri hədəf almaq beynəlxalq diplomatik etikaya tamamilə ziddir”.
Deputat, həmçinin vurğulayıb ki, İrəvanın bu cür anlaşılmaz hərəkətləri regionda uzunmüddətli sabitliyin bərqərar olunması imkanlarını zəiflədir:
“Ermənistanın siyasi rəhbərliyi anlamalıdır ki, daxili auditoriyanın təzyiqləri altında ani qərarlar vermək və ikili standartlara söykənən siyasət yürütmək sülh prosesini ləngitməkdən başqa heç bir şeyə xidmət etmir. Azərbaycan regional sülhün və təhlükəsizliyin əsas təşəbbüskarı kimi mövqeyini dəfələrlə nümayiş etdirib. Qarşı tərəf də nəhayət başa düşməlidir ki, sülh prosesi bəyanatlar verməklə mümkün olmur, buna görə də sülhə mane olan addımlardan və təxribat xarakterli çıxışlardan imtina etmək vacibdir”.- Kamal Cəfərov deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
