Bu fikirləri Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Aqil Məmmədov deyib.
Onun sözlərinə görə, Almaniya Avropanın aparıcı dövlətlərindən biri kimi Azərbaycanın mühüm tərəfdaşları sırasında yer alır və son illərdə qarşılıqlı əlaqələrin inkişaf dinamikası bunu aydın şəkildə nümayiş etdirir:
“Prezident İlham Əliyevin Berlində keçirdiyi görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər yalnız ikitərəfli münasibətlər üçün deyil, həm də Azərbaycan ilə Avropa arasında əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Dövlətimizin başçısının Almaniya Kansleri ilə birgə mətbuat konfransında səsləndirdiyi fikirlər tərəflərin gələcək əməkdaşlıq niyyətini aydın şəkildə ortaya qoyur. Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanması uzun müddətdir davam edən qarşılıqlı siyasi təmasların məntiqi nəticəsidir. İmzalanmış Birgə Bəyannamə isə münasibətlərin institusional əsaslarını daha da gücləndirəcək və birgə layihələrin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq.
Səfər zamanı siyasi münasibətlərlə yanaşı, iqtisadi əməkdaşlığın inkişaf perspektivləri də geniş şəkildə nəzərdən keçirilib. Hazırda Almaniyanın yüzlərlə şirkəti Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir və onların sayı ildən-ilə artır. Xüsusilə sənaye, nəqliyyat, logistika, yüksək texnologiyalar, kənd təsərrüfatı və xidmət sektorunda əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait mövcuddur”.
Şura sədri bildirib ki, qarşılıqlı investisiya imkanlarının artırılması və Almaniya biznes dairələrinin Azərbaycanda həyata keçirilən iqtisadi layihələrdə daha fəal iştirakı gələcək dövrün əsas istiqamətlərindən biri olacaq:
“Bu baxımdan, Almaniya şirkətlərinin qabaqcıl texnologiyaları və idarəetmə təcrübəsi ölkəmizin iqtisadi inkişafına mühüm töhfə verə bilər.
Enerji sektorunda formalaşan tərəfdaşlıq da bu xüsusda mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu davamlı olaraq artır. Təbii qaz ixracının genişlənməsi ilə yanaşı, ölkəmiz artıq bərpa olunan enerji mənbələrinin inkişafına da böyük investisiyalar yatırır. Günəş və külək elektrik stansiyalarının tikintisi, yaşıl enerji layihələrinin həyata keçirilməsi və gələcəkdə bu enerjinin Avropa bazarına çatdırılması Azərbaycanın uzunmüddətli enerji strategiyasının əsas istiqamətlərini təşkil edir.
Sözsüz ki, nəqliyyat və logistika sahəsində əldə olunan nailiyyətlər də Almaniya ilə əməkdaşlıq üçün yeni perspektivlər açır. Son illərdə Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələri ölkəni Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzinə çevirib. Orta Dəhlizin inkişafı isə Azərbaycanın beynəlxalq yükdaşımalarında rolunu daha da gücləndirib və Almaniya ilə bu istiqamətdə birgə fəaliyyət üçün əlverişli imkanlar yaradıb”.
Aqil Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi regional təhlükəsizlik məsələləri xüsusi önəm kəsb edir:
“Azərbaycan postmünaqişə dövründə regionda davamlı sülhün təmin olunmasına yönəlmiş siyasət həyata keçirir. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi Cənubi Qafqazda sabitliyin təmin olunmasına xidmət edir.
Almaniyanın bu prosesə verdiyi siyasi dəstək regionda uzunmüddətli sülhün bərqərar olması baxımından mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqının aparıcı ölkələrindən biri kimi Almaniyanın konstruktiv mövqeyi əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək.
Səfər çərçivəsində imzalanan sənədlərin icrasını təmin etmək məqsədilə yaradılacaq işçi qrupları əldə olunan razılaşmaların qısa müddətdə konkret nəticələrə çevrilməsinə şərait yaradacaq. Bu mexanizmlər iqtisadi layihələrin koordinasiyasını gücləndirəcək, investisiyaların həcmini artıracaq və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə verəcək.
Son illər Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun intensivləşməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Enerji təhlükəsizliyi, yaşıl keçid, rəqəmsal inkişaf, nəqliyyat əlaqələri və iqtisadi əməkdaşlıq sahələrində qurulan tərəfdaşlıq həm Azərbaycanın, həm də Avropanın maraqlarına cavab verir.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin strateji xarakterini daha da gücləndirib. Səfər zamanı əldə olunan razılaşmalar gələcək illərdə siyasi dialoqun genişlənməsinə, iqtisadi əməkdaşlığın dərinləşməsinə, enerji və nəqliyyat layihələrinin inkişafına, eləcə də regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək”.
