Milli Məclisin deputatı Kamal Cəfərov "atributinfo.az"a açıqlamasında bildirib ki, 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin uzaqgörən qərarları və KİV üzərində senzuraların ləğvi ilə başlanan köklü islahatlar milli mətbuatın müstəqil inkişaf mexanizmlərini formalaşdırmışdır:
“Bu siyasətin ardıcıl davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeniliklər mediamızı rəqəmsal dövrün yüksək tələblərinə uyğunlaşdırır. “Media haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, media subyektlərinə tətbiq olunan uzunmüddətli vergi güzəştləri, habelə jurnalistlərin sosial müdafiəsini təmin edən mexanizmlər dövlətin media sahəsinə göstərdiyi diqqətin sübutudur. Eyni zamanda, Milli Məclisdə Media və Yayım Şurasının yaradılması ilə bağlı qəbul olunan son qanunvericilik dəyişiklikləri çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silindiyi müasir dövrdə vahid tənzimləmə və çevik idarəetmə yaradır. Bu addım ölkənin informasiya təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, media subyektlərinin iqtisadi müstəqilliyini daha da gücləndirəcəkdir”.
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində və postmüharibə dövründə Azərbaycan mediası dövlət həqiqətlərinin dünyaya çatdırılmasında ön cəbhə döyüşçüsü kimi çıxış etmişdir:
“Vətənpərvərlik və peşəkarlıq prinsiplərini uca tutan jurnalistlərimiz qlobal dezinformasiya hücumlarının qarşısının alınmasında müstəsna rol oynayır. Türkiyə ilə imzalanmış Birgə Media Platforması beynəlxalq müstəvidə yalan məlumatlara qarşı birgə mübarizənin uğurlu modelini ortaya qoymuşdur. Azad edilmiş mədəniyyət paytaxtımız Şuşada keçirilən Qlobal Media Forumları isə Azərbaycanın artıq regional informasiya mərkəzindən qlobal media siyasətini müəyyən edən məkana çevrildiyini göstərir. Süni intellekt, rəqəmsallaşma və dezinformasiya ilə mübarizə mövzularından sonra Şuşa Forumunun sülhün təşviqi və həqiqətin bərpasına həsr olunması Azərbaycanın regionda bərqərar etdiyi yeni sülh reallıqlarının məntiqi nəticəsidir. Mediamız artıq qlobal informasiya şəbəkəsinin fəal və rəqabətədavamlı subyekti kimi dövlət maraqlarımıza xidmət göstərməyə davam edir”.
Bəradər Səməndərli
"Atributinfo.az"
