Sizin reklam burada
Sizin reklam burada
  • MİLLİ İNFORMASİYA RESURSLARI.

    İlkin Abbasov
    YAP Qax rayon təşkilatının sədr müavini

    Ölkəmiz kimi inkişaf etmiş, informasiyalaşdırılmış cəmiyyətlərdə resursların ənənəvi formalarını informasiya ehtiyatları əvəz edir. İnformasiya ehtiyatları informasiya sistemlərində sənədlər və sənəd massivləri kimi toplanmaqda, qorunmaqda və ya saxlanmaqdadır, nəticədə informasiya resursu kimi adlanmaqdadır. İnformasiya resursu informasiya prosesini qaynaqla təmin etməli, informasiyanın həqiqiliyini təsdiq və təmin etməlidir. Bütün bunlar informasiya resurslarının əsas tərifi kimi izah edilir.
    İnsanlıq tarixi informasiya resurslarından qədimlərdən müxtəlif məqsədlərlə istifadə etmiş, tarixi period boyunca bu resursalar keyfiyyət və növçülük baxımından dəyişikliklərə, ya da inkişafa məruz qalmışdır. Xalqımız da bu resurslardan çox qədimlərdən müxtəlif məqsədlər üçün istifadə etmişdir və bu resurslardan ən vacibi də milli mətbuatımızdır.
    Milli mətbuatımız 170 ildən çoxdur ki, xalqımıza xidmət etməkdə, həm daxili, həm də xarici mənşəli informasiya ilə xalqımızı təmin etməkdədir. Nəzərə alınsa ki, informasiya dünyanın ən vacib resurslarından sayılır, milli mətbuatın cəmiyyətimizdəki yerinin əvəzolunmazlığı daha rahat anlaşılar. Keçən bu dövr ərzində milli mətbuatımız müxtəlif tarixi fırtınaların təsirinə məruz qalmış, bəzən milli mübarizənin simvoluna çevrilmiş, bəzən cəmiyyətimizin məsləhətçisi, bəzən də ziyalılarımızın sığınacağı olmuşdur. Lakin nə olursa olsun daim, açıq ya da gizli şəkildə, xalqına xidməti ön planda tutmuşdur. Vətənimizin müdafəsinə ana dilimizi qorumaqla başlayan, nəsilləri görüşdürən, tərəfləri amal uğrunda barışdıran, fikir istehsalına təkan verən platforma olma məsuliyyətini şərəflə daşımışdır.
    90-cı illərdə milli azadlıq hərəkatının başlanmasından və Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə milli mətbuatın inkişafında yeni mərhələ başladı. Bu mərhələnin formalaşmasında əsasən Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar həlledici rol oynadı. Belə ki, 1990-cı illərin sonlarında aparılan sistemli islahatlar nəticəsində ölkəmizdə də söz və mətbuat azadlığının hüquqi əsasları möhkəmləndirildi. 1998-ci ildə qəbul edilən qərarla senzuranın ləğvi isə Azərbaycan mediasının tarixində dönüş nöqtəsinə çevrildi. Bununla yanaşı, qanunvericilik bazası mütəmadi təkmilləşdirildi, medianın sərbəst fəaliyyət göstərməsi üçün daim diqqət göstərildi, əlverişli mühit yaradıldı, nəticədə demokratik təsisatların inkişafına mühüm töhfə verildi. Ulu Öndərin mətbuata verdiyi dəyər şəxsi rəhbərliyi ilə hazırlanan Konstitusiyamızda da öz əksini tapmışdır və həmin dövrdə dediyi bu sözlər ölkəmizin və milli mətbuatımızın tarixinə həkk olunmuşdur: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”. Eyni siyasi kurs Prezident İlham Əliyev tərəfindən də ardıcıl şəkildə davam etdirilərək yeni dövrün çağırışlarına daha da uyğunlaşdırıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə də hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir və insanları dolğun informasiya ilə təmin etməlidir.” Qürurla qeyd etməliyik ki, xüsusilə son illərdə ölkəmizdə medianın institusional inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilib, jurnalistikanın peşəkarlıq səviyyəsinin yüksəldilməsi, media subyektlərinin iqtisadi dayanıqlığının gücləndirilməsi və informasiya məkanının rəqəmsal transformasiyası istiqamətində ardıcıl tədbirlər görülüb.
    1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti məhz milli mətbuat ənənələrinin başalanğıcı qoydu. “Ziya”, “Kəşkül”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” kimi digər nəşrlər isə bu ənənələrin davamçısı oldu. Bu gün də ölkəmizin milli mətbuatında bu ənənələri davam etdirən xeyli sayda nəşrlər vardır. Artıq milli mətbuatımız günün tələblərinə cavab vermək üçün elektron müstəviyə sürətlə keçid edir. Amma tariximizin səhifələrində uzaq, yaxın tariximizin mətbuat nəşr nümunələri daim qalacaq, nəsillər arasında körpü rolu oynayaraq hələ uzun müddət xalqımıza xidmət edəcəkdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ