YAP Qax rayon təşkilatının sədr müavini
Şanlı tariximizin postmüharibə periodunda Azərbaycanın təşəbbüskarı olduğu layihələr sadəcə iqtisadi xarakter daşımır. Orta Dəhliz, Zəngəzur dəhlizi, Xəzər üzərindən formalaşan yeni logistika marşrutları Avrasiyanın siyasi və iqtisadi xəritəsini yenidən formalaşdıran amillər sırasında yer alır. Dünyanın bir çox dövlətlərinin, xüsusilə Avropa dövlətlərinin, bu proseslərə maraq göstərməsi isə Mərkəzi Avropanın yeni nəqliyyat arxitekturasında iştirak etmək niyyətindən xəbər verir. Bu kontekstdə növbəti Avropa dövləti kimi Slovak Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri və Şuşada Prezident İlham Əliyev tərəfindən qarşılanması Bakı-Bratislava münasibətlərinin dinamik inkişafının və qarşılıqlı etimadın növbəti təzahürü kimi qiymətləndirilir. İki ölkə arasında 23 noyabr 1993-cü ildən bəri diplomatik münasibətlər qurulmuş və bu gün yüksələn və şaxələnən inkişaf xətti kimi formalaşır. Azərbaycanla Slovakiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan addımlar böyük nəticələrin əldə olunacağından xəbər verir.
Bu səfər onu göstərdi ki, rəsmi Slovak Respublikası Cənubi Qafqazın ən ararıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir. Beləcə siyasi mərkəz kimi Bratislava, təkcə iki ölkənin qarşılıqlı münasibətlərinin deyil, bütövlükdə Avropadakı geosiyasi balansın mühüm məqamlarından birinə çevrilmə yolunda niyyətini elan edir. Digər tərəfdən Cənab Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə birgə bəyanatı isə Azərbaycan diplomatiyasının hansı səviyyəyə yüksəldiyini, Avropa qitəsində Azərbaycanın sözünün hansı çəkidə olduğunu bir daha nümayiş etdirdi. Nəticədə, siyasi dialoqun intensivləşməsi, enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə sənayesi və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi Azərbaycan-Slovakiya əlaqələrini yeni keyfiyyət mərhələsinə çıxaracaq və iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi üçün əlverişli zəmin formalaşdıracaq.
Günümüzə qədər qurulmuş qarşılıqlı əlaqələr Bakı ilə Bratislava arasında sadəcə siyasi dialoqla məhdudlaşmır. İki ölkə enerji, nəqliyyat, müdafiə sənayesi, iqtisadiyyat və humanitar sahələrdə konkret layihələr həyata keçirir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və Slovakiyanın bu istiqamətdə əməkdaşlığa göstərdiyi maraq strateji tərəfdaşlığın perspektivlərini daha da genişləndirir.
Qeyd etmək yerinə düşərdi ki, Slovakiya Respublikası işğaldan azad edilmiş ərazilərimizin bərpasında aktiv iştirak edir. Bu fakt Slovakiya Respublikasının sadəcə suveren ərazilərimizi tanıdığını sübut etmir, həm də beynəlxalq hüquqa sadiqliyinin və sülhsevər, humanizm əsaslı dövlət idarəçiliyinin bu ölkə üçün prinsipial vacibliyini önə çıxarır. Cənab Prezident İlham Əliyev öz bəyanatında bu məsələni ayrıca vurğulayır: “Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti "Ağıllı kənd" layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.” Əlbəttə dövlət başçımız da öz növbəsində şəxsinin və xalqımızın qonaqpərvərlik keyfiyyətini nümayiş etdirərək sülhsevər və xoşniyyətimizi nümayiş etdirir. Bu qarşılıqlı anlayış və ortaq dəyrləri paylaşma sevinci hər iki dövlətin gələcək birgə inkişafı üçün təcil təşkil edəcək.
Odur ki, əminliklə deyə bilərik, yüksək səviyyəli siyasi iradə, qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan əməkdaşlıq Azərbaycan-Slovakiya strateji tərəfdaşlığının gələcəkdə daha da dərinləşməsi və yeni məzmun qazanması üçün möhkəm zəmin yaradır. Ölkəmiz xoşməramlı, beynəlxalq hüquqa əsaslanan, sülhsevər bütün əlaqələrə və layihələrə hər daim açıqdır, məhz elə bu prinsip xalqımızın, nəticədə dövlətimizin varoluş fəlsəfələrindən sadəcə biridir.
