YAP Göygöl rayon təşkilatının sədri
Məlum olduğu kimi, Slovakiya Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri və Prezident İlham Əliyevlə Şuşada keçirilən görüşdən sonra səsləndirilən bəyanatlar iki ölkənin strateji tərəfdaşlığının ən yüksək mərhələsinin göstəricisi kimi dəyərləndirilə bilər. Səfərin həm məkanı, həm də verilən mesajlar onu göstərir ki, Bakı ilə Bratislava arasında formalaşan strateji tərəfdaşlıq daha geniş siyasi, iqtisadi və geosiyasi məzmun qazanır.
Yeri gəlmişkən, qeyd edək ki, bu səfərin ilk diqqətçəkən məqamı görüşün məhz Şuşada keçirilməsidir. Bu seçim yalnız simvolik xarakter daşımır. Azərbaycan bununla bir daha nümayiş etdirir ki, Qarabağ ölkənin siyasi, iqtisadi və diplomatik həyatının ayrılmaz hissəsidir. Xarici dövlət başçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri həm də Azərbaycanın postmünaqişə dövründə yaratdığı yeni reallığın beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin mətbuata bəyanatında diqqət çəkən əsas məqamlardan biri Azərbaycan-Slovakiya münasibətlərinin artıq yüksək siyasi etimad mərhələsinə keçdiyini vurğulaması oldu. Dövlətimizin başçısı xatırlatdı ki, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, sadəcə, siyasi sənəd deyil, iki ölkə arasında əməkdaşlığın institusional əsasını formalaşdıran yol xəritəsidir. Onun sözlərinə görə, bu sənədin praktik nəticələri artıq görünməkdədir və qarşılıqlı səfərlər həmin siyasi iradənin davamıdır. Əslində, burada söhbət yalnız Azərbaycan və Slovakiyanın münasibətlərindən getmir. Bakı Avropa İttifaqının üzvü olan dövlətlərlə münasibətlərini ikitərəfli formatda daha da dərinləşdirir, Avropa ilə əməkdaşlığın dayanıqlı modelini formalaşdırır. Son illərdə İtaliya, Macarıstan, Rumıniya, Bolqarıstan və indi isə Slovakiya ilə inkişaf edən münasibətlər göstərir ki, Azərbaycanın Avropa siyasəti ayrı-ayrı dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan praqmatik əməkdaşlıq üzərində qurulub.
Onu da qeyd edək ki, Slovakiya Avropanın enerji təhlükəsizliyi baxımından alternativ mənbələrin əhəmiyyətini yaxşı anlayan ölkələrdəndir. Azərbaycan isə "Cənub qaz dəhlizi" vasitəsilə artıq Avropanın enerji xəritəsində mühüm oyunçuya çevrilib. Bu baxımdan Bratislavanın Bakı ilə əməkdaşlığa xüsusi önəm verməsi təsadüfi deyil. Burada söhbət yalnız qaz ixracından deyil, "yaşıl enerji", elektrik interkonnektorları və gələcək enerji layihələrindən də gedir.
Yeri gəlmişkən, Orta dəhlizin imkanlarının genişlənməsi fonunda Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilməkdədir. Slovakiya isə Mərkəzi Avropanın mühüm logistika qovşaqlarından biridir. Bu baxımdan iki ölkənin maraqları üst-üstə düşür və əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır. Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən digər mühüm məqam qarşılıqlı etimadın xüsusi vurğulanması idi. Dövlət başçısı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək qeyd etdi ki, geniş gündəlik və birgə layihələrin həyata keçirilməsi məhz güclü siyasi iradənin nəticəsidir. Bu yanaşma Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən birini əks etdirir: Bakı münasibətləri ideoloji deyil, qarşılıqlı maraqlar və etibarlılıq prinsipi üzərində qurmağa üstünlük verir. Slovakiya Prezidenti də çıxışında strateji tərəfdaşlığın formal sənəd kimi qalmamalı, konkret iqtisadi layihələr və praktik əməkdaşlıqla möhkəmləndirilməli olduğunu bildirdi. Peter Pelleqrininin enerji, iqtisadiyyat, müdafiə sənayesi, nəqliyyat və Qarabağın bərpası istiqamətlərində əməkdaşlığı xüsusi qeyd etməsi Bratislavanın Azərbaycana uzunmüddətli tərəfdaş kimi yanaşdığını göstərir. Bu səfərin daha bir mühüm geosiyasi mesajı Avropa İttifaqı daxilində Azərbaycana münasibətdə fərqli yanaşmaların mövcudluğunu bir daha nümayiş etdirməsidir. Son illər bəzi Avropa institutlarında Azərbaycana qarşı qərəzli mövqelər sərgilənsə də, ayrı-ayrı üzv dövlətlər Bakı ilə əməkdaşlığın genişləndirilməsinin həm regional təhlükəsizlik, həm enerji təminatı, həm də iqtisadi maraqlar baxımından vacibliyini açıq şəkildə nümayiş etdirirlər. Nəticə etibarilə Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri protokol xarakterli diplomatik hadisədən daha geniş məna daşıyır. Bu səfər göstərdi ki, Azərbaycan Avropa ilə münasibətlərini sabit siyasi dialoq, etibarlı tərəfdaşlıq və konkret iqtisadi layihələr üzərində inkişaf etdirmək strategiyasını ardıcıl şəkildə davam etdirir. Prezident İlham Əliyevin mətbuata bəyanatında verilən əsas mesaj da məhz bundan ibarət idi.
Ən əsası, Peter Pelleqrininin Qarabağdan başlayan səfəri bir daha göstərdi ki, ölkəmizin yaratdığı yeni reallıq artıq beynəlxalq münasibətlər sisteminin ayrılmaz hissəsinə çevrilib. Ölkəmiz qarşılıqlı hörmətə, suverenliyə ehtirama və praqmatik əməkdaşlığa əsaslanan tərəfdaşlıqları gələcək regional təhlükəsizlik və iqtisadi inkişafın əsas təminatı hesab edir.
