Görüşdə Azərbaycan ilə Koreya arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğu qeyd olunub. Bildirilib ki, ölkələrimiz arasında fəal siyasi dialoq, ali və yüksəksəviyyəli qarşılıqlı səfərlər, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlığın ardıcıl şəkildə inkişaf etdirilməsi dövlətlərarası əlaqələrin daha da genişlənməsi üçün möhkəm zəmin yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan danışan Musa Qasımlı, iqtisadi inkişafın dinamikasını, ölkədə sabitliyin təmin olunması istiqamətində görülən işləri, eləcə də xarici sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühitini qeyd edib. Bu baxımdan, Azərbaycanda fəaliyyət göstərən çoxsaylı Koreya şirkətlərinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verdiyi məmnunluqla qeyd olunub.
Milli Məclis sədrinin müavini parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının bu əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini bildirib. O, deputatlar arasında qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsinin vacibliyini qeyd edərək, beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Koreya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Li Man Hi Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb. O, bu səfərin parlamentlərarası münasibətlərin və ümumilikdə Koreya- Azərbaycan əməkdaşlığının daha da dərinləşməsinə xidmət edəcəyinə inandığını bildirib.
Söhbət zamanı, həmçinin iqtisadiyyat, enerji, nəqliyyat, turizm, elm və təhsil, səhiyyə, mədəni-humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
