YAP Göygöl rayon təşkilatının sədri
Məlum olduğu kimi, ölkəmiz növbəti dəfə qlobal əhəmiyyətli beynəlxalq tədbirə yüksək səviyyədə evsahibliyi etdi. Azərbaycanın mədəniyyət paytaxtı, tarixi və strateji əhəmiyyəti ilə seçilən Şuşa şəhəri növbəti dəfə möhtəşəm forum iştirakçılarına qapılarını açıb. IV Şuşa Qlobal Media forumu artıq, sadəcə, jurnalistlərin və media ekspertlərinin görüş platforması deyil. Sürətlə dəyişən dünya düzəninin, informasiya təhlükəsizliyinin, süni intellektin, dezinformasiyanın və geosiyasi qarşıdurmaların müzakirə olunduğu nüfuzlu beynəlxalq intellektual tribunaya çevrilib. Yeri gəlmişkən, Şuşa Forumunun əhəmiyyəti təkcə onun iştirakçı coğrafiyası ilə ölçülmür. Bu platformanın əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada müasir dünyanın ən mürəkkəb problemləri siyasi şüarlardan uzaq, strateji baxış prizmasından müzakirə edilir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev artıq ənənəyə çevrilmiş açıq dialoq forumunu qlobal media üçün mühüm istinad mənbəyinə çevirib. Əvvəlki illərdə olduğu kimi, bu il də dövlət başçısının müxtəlif ölkələri və media resurslarını təmsil edən jurnalistlərin suallarına verdiyi cavablar təkcə regional deyil, qlobal proseslərin mahiyyətini izah edən analitik tezislər kimi diqqət çəkir. Əslində, builki forumun devizi son illərin ən dəqiq siyasi və informasiya diaqnozudur. Dünyada bu gün ən böyük böhran enerji, maliyyə və ya təhlükəsizlik böhranı deyil. Ən təhlükəli böhran etimad böhranıdır. Dövlətlər bir-birinə etibar etmir, cəmiyyətlər mediaya inanmır, insanlar isə həqiqətlə manipulyasiya arasında sərhədi müəyyən etməkdə çətinlik çəkirlər. Bu böhran təsadüfən yaranmayıb. Rəqəmsal platformaların sürətli inkişafı, süni intellekt texnologiyalarının həyatın bütün sahələrinə nüfuz etməsi, sosial şəbəkələrin klassik media institutlarını arxa plana keçirməsi informasiyanın yayılmasını görünməmiş dərəcədə sürətləndirsə də, onun keyfiyyətinə və etibarlılığına eyni səviyyədə təminat verir. Nəticədə informasiya artıq həqiqəti çatdırmaq vasitəsi olmaqdan çıxaraq, çox vaxt siyasi təsir, iqtisadi təzyiq və geosiyasi mübarizə alətinə çevrilir.
Onu da qeyd edək ki, bir zamanlar radio çap mediasını, televiziya radionu ciddi çağırışlarla üz-üzə qoymuşdu. Lakin həmin transformasiyalar tədricən tənzimləndi və media növləri öz auditoriyalarını formalaşdıra bildilər. Bugünkü vəziyyət isə mahiyyət etibarilə fərqlidir. Ənənəvi media hələ rəqəmsal transformasiyaya tam uyğunlaşmamış, süni intellekt inqilabı başlayıb. Alqoritmlər artıq təkcə informasiyanın yayılmasına deyil, ictimai rəyin formalaşmasına, siyasi qərarların qəbuluna, hətta beynəlxalq münasibətlərə təsir göstərir. Məhz buna görə builki Forumun gündəliyində süni intellekt, media etikası, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq və rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması kimi məsələlərin xüsusi yer tutması təsadüfi deyil. Müasir müharibələrin əhəmiyyətli hissəsi artıq informasiya məkanında aparılır. Hərbi əməliyyatlar başlamazdan əvvəl dezinformasiya kampaniyaları başlayır. Diplomatik təzyiqlərdən əvvəl ictimai rəy manipulyasiya edilir. Sanksiyalardan əvvəl informasiya blokadaları qurulur. Bu mənada, informasiya təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz komponentinə çevrilib. Azərbaycan bu reallığı digərlərindən daha erkən yaşamış ölkələrdəndir. Otuz ilə yaxın davam edən işğal dövründə beynəlxalq informasiya məkanında həqiqətin necə manipulyasiya olunduğunu, faktların necə təhrif edildiyini Azərbaycan cəmiyyəti öz təcrübəsində görüb. 44 günlük Vətən müharibəsi isə informasiya mübarizəsinin hərbi əməliyyatlarla paralel aparıldığını bütün dünyaya nümayiş etdirdi. Məhz buna görə Prezident İlham Əliyevin Şuşadan verdiyi mesajlar yalnız Azərbaycanın mövqeyini ifadə etmir. Bu çıxışlarda daha geniş fəlsəfə mövcuddur: beynəlxalq münasibətlər sistemində dayanıqlı sülh yalnız həqiqət üzərində qurula bilər. Həqiqətin manipulyasiya olunduğu yerdə nə etimad yaranır, nə də uzunmüddətli sabitlik mümkündür. Şuşanın özü də bu baxımdan rəmzi məna daşıyır. Bir vaxtlar işğalın simvoluna çevrilmiş şəhər bu gün qlobal dialoq məkanına çevrilib. Bu transformasiya təkcə fiziki bərpanı deyil, siyasi və mənəvi bərpanı da ifadə edir. Şuşadan verilən “həqiqətin bərpası” mesajı ilk növbədə tarixi həqiqətlərin bərpası anlamına gəlir. Forumun əsas üstünlüklərindən biri də onun yalnız medianı deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemini müzakirə predmetinə çevirməsidir. Burada media artıq xəbərin istehsalçısı kimi deyil, sülhün iştirakçısı kimi təqdim olunur. Bu isə klassik jurnalistika anlayışından daha geniş yanaşmadır. Əgər media etimadı formalaşdırırsa, o zaman onun məsuliyyəti də artır. Əgər media manipulyasiya alətinə çevrilirsə, o zaman münaqişələrin dərinləşməsinə xidmət etmiş olur. Deməli, medianın gələcəyi texnologiyadan daha çox dəyərlərlə müəyyən ediləcək. Süni intellekt milyonlarla mətn yaza, minlərlə video hazırlaya, insan səsini və görüntüsünü imitasiya edə bilər. Lakin süni intellekt vicdan yarada, etimad formalaşdıra, həqiqəti mənəvi kateqoriya kimi qoruya bilməz. Bu missiya yenə də peşəkar jurnalistikanın üzərinə düşür.
Xüsusilə qeyd edək ki, Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər də məhz bu strateji yanaşmanı tamamlayır. Azərbaycanın təqdim etdiyi model informasiya müharibəsində qalib gəlmək deyil, informasiya məkanında etimadı bərpa etməkdir. Çünki sülh yalnız silahların susması deyil. Sülh həm də cəmiyyətlərin bir-birinə inanması, dövlətlərin dialoqa hazır olması və medianın həqiqətin yanında dayanmasıdır.
Ən əsası, IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, XXI əsrdə dövlətlərin nüfuzu yalnız iqtisadi gücləri və ya hərbi potensialı ilə ölçülmür. Qlobal intellektual gündəliyi müəyyən etmək, yeni ideyalar irəli sürmək, bəşəriyyəti narahat edən problemlər üçün platforma yaratmaq da strateji güc göstəricisidir!
