Bunu Atributinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışını şərh edərkən bildirib.
Deputat qeyd edib ki, artıq beynəlxalq platformaya çevrilən Şuşa Qlobal Media Forumunda iştirakçıların sayının ildən-ilə artması Azərbaycanın dünyada yüksələn nüfuzunun göstəricisidir. Bu il Forumda 53 ölkədən 160-a yaxın qonağın, 30-dan çox xəbər agentliyinin, 60-dan artıq media qurumunun və 10 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı Şuşanın qlobal dialoq məkanına çevrildiyini göstərir.
Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan jurnalistlərin Qarabağda aparılan bərpa və yenidənqurma işlərini yerində görməsi xüsusi əhəmiyyət daşıyır:
“Xarici media nümayəndələri Qarabağın öz həqiqətlərini, bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını birbaşa müşahidə edirlər. Bu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm vasitədir”.
Mircəlil Qasımlı bildirib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın tranzit və nəqliyyat imkanlarının genişləndirilməsi əsas istiqamətlərdən biri kimi təqdim olunub. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə yanaşı, region ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm rol oynayır. Orta Dəhlizin inkişafı, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi ölkəmizin tranzit əhəmiyyətini daha da artırır.
Deputat vurğulayıb ki, qonşularla qarşılıqlı münasibətlər olmadan tranzit ölkəyə çevrilmək mümkün deyil. Azərbaycanın həyata keçirdiyi layihələr yalnız ölkəmizin deyil, bütövlükdə regionun iqtisadi inkişafına və sabitliyinə xidmət edir.
Prezidentin enerji siyasəti ilə bağlı fikirlərinə toxunan deputat qeyd edib ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır. Ölkəmiz hazırda bir sıra dövlətlərə təbii qaz ixrac edir, yeni bazarlara çıxış imkanlarını nəzərdən keçirir və mövcud enerji infrastrukturunu genişləndirir.
“Azərbaycan təkcə ənənəvi enerji ehtiyatları ilə kifayətlənmir. Günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr, Xəzər dənizinin yaşıl enerji potensialı və Avropaya yaşıl enerjinin ötürülməsi ilə bağlı təşəbbüslər ölkəmizin gələcək enerji strategiyasının əsas istiqamətləridir”, – deyə deputat bildirib.
Mircəlil Qasımlının sözlərinə görə, Prezident İlham Əliyevin Türkiyə ilə münasibətlər barədə səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə yalnız dost və qardaş dövlətlər deyil, eyni zamanda Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətləri qurmuş iki ölkədir. Bu müttəfiqlik siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində regional sabitliyin əsas dayaqlarından biridir.
Deputat bildirib ki, dövlət başçısının ABŞ ilə münasibətlərə, 907-ci düzəlişə və yeni əməkdaşlıq imkanlarına dair fikirləri də diqqətəlayiqdir. Azərbaycanın ABŞ ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək üçün geniş potensialı mövcuddur. Nəqliyyat, süni intellekt, enerji təhlükəsizliyi, müdafiə və qarşılıqlı investisiyalar bu əməkdaşlığın əsas istiqamətləri ola bilər.
Onun fikrincə, 907-ci düzəliş artıq tamamilə köhnəlib və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdığı bir dövrdə onun saxlanılması heç bir siyasi və hüquqi məntiqə uyğun gəlmir.
Mircəlil Qasımlı Prezidentin Avropa təsisatları ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib. O qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etsə də, Avropa Şurası Parlament Assambleyasında ölkəmizə qarşı ayrı-seçkilik və qərəzli münasibət davam edir:
“Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi ədalətsiz qərar idi. Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərindən çıxarılana qədər ona qarşı real sanksiya tətbiq etməyən bir təsisatın bu gün ölkəmizə qarşı belə mövqe tutması ikili standartların təzahürüdür”.
Deputat əlavə edib ki, Azərbaycan insan hüquqları məsələsinin siyasi təzyiq vasitəsinə çevrilməsini qəbul etmir. İnsan hüquqları ümumbəşəri dəyərdir və ayrı-ayrı dövlətlərə qarşı seçici yanaşma üçün istifadə edilməməlidir.
Sülh gündəliyinə toxunan Mircəlil Qasımlı bildirib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasını və regionda davamlı sülhün yaradılmasını istəyir. Lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı və Azərbaycanın suverenliyi ilə ərazi bütövlüyünü şübhə altına almamalıdır.
“Azərbaycan heç vaxt müharibəni məqsəd kimi görməyib. Dövlətimiz uzun illər danışıqlara sadiq qaldı. Lakin torpaqlarımızın işğaldan azad edilməsi üçün gücdən istifadə etmək məcburiyyətində qaldıq. Bu gün isə əsas məqsəd regionda dayanıqlı sülhün və əməkdaşlığın təmin edilməsidir”, – deyə deputat vurğulayıb.
O qeyd edib ki, Azərbaycan heç bir xarici qüvvənin Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirməsinə imkan verməməlidir. Regionun gələcəyi burada yaşayan dövlətlərin qarşılıqlı hörmətə, suverenliyə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərindən asılıdır.
Deputat Prezident İlham Əliyevin Azərbaycanın orta gücə malik dövlətə çevrilməsi ilə bağlı fikirlərini də mühüm siyasi qiymətləndirmə adlandırıb. Onun sözlərinə görə, Azərbaycanın hərbi, iqtisadi, diplomatik və enerji imkanları, müstəqil xarici siyasəti, beynəlxalq təşəbbüsləri və regional proseslərdə artan rolu ölkəmizi yeni güc mərkəzlərindən birinə çevirib.
Mircəlil Qasımlı Azərbaycanın Mərkəzi Asiya ölkələri, Çin, Yaponiya və ərəb dövlətləri ilə münasibətlərinin genişlənməsinin də ölkəmizin çoxşaxəli xarici siyasətinin nəticəsi olduğunu bildirib. Çin şirkətlərinin Azərbaycanda artan fəaliyyəti, Özbəkistan və Qazaxıstanla iqtisadi layihələr, Xəzərin dibi ilə enerji kabelinin çəkilməsi təşəbbüsü, müdafiə və sənaye sahəsində əməkdaşlıq yeni imkanlar yaradır.
Deputat həmçinin BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının tərkibi müasir dünyanın siyasi və coğrafi reallıqlarını tam əks etdirmir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına daimi və ya rotasiya prinsipi əsasında təmsilçilik hüququnun verilməsi daha ədalətli beynəlxalq sistemin formalaşmasına xidmət edə bilər.
Mircəlil Qasımlı sonda bildirib ki, Prezident İlham Əliyevin Şuşadan səsləndirdiyi mesajlar Azərbaycanın keçdiyi tarixi yolun, qazandığı Qələbənin və gələcəyə dair strateji baxışının ümumi ifadəsidir:
“Azərbaycan xalqı həm işğalı, həm məğlubiyyəti, həm Zəfəri, həm də Qarabağın sürətli bərpasını görüb. Bu tarixi yaddaş gələcək nəsillərə ötürülməli, gənclərimiz milli kimliyinə, dövlətinə və Vətəninə bağlı böyüməlidirlər. Dövlət başçısının çıxışının əsas mesajlarından biri də məhz Azərbaycanın müstəqil, güclü və gələcəyə inamla irəliləyən dövlət olmasıdır”.
Bəradər Səməndərli
"Atributinfo.az"
