Sizin reklam burada
Sizin reklam burada
  • Tovuz döyüşləri Ali Baş Komandan başda olmaqla xalq, ordu birliyinin təcəssümünə çevrildi

    Aydın Hüseynov
    Milli Məclisin deputatı

    2018-ci il uğurlu Günnüt əməliyyatından sonra 2020-ci il Tovuz döyüşləri bizi Böyük Qələbəyə aparan Zəfər salnaməsi hesab olunur. Çünki Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından 22 il sonra başlanan Aprel döyüşlərində Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusuna ağır zərbələr vurdu. Qüdrətli Azərbaycan Ordusunun əks-hücumu nəticəsində “qüdrətli”, “yenilməz” Ermənistan ordusu haqqında uydurulmuş miflər tamamilə alt-üst edildi.
    Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan sürətli iqtisadi-sosial inkişafa nail olmaqla yanaşı, qısa müddətdə güclü hərbi potensiala, qüdrətli orduya da sahibdir. Bu mənada Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə Şanlı Zəfər döyüşü kimi qeyd edilir. Məhz erməni təxribatına cavab olaraq başlayan bu döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almağa qadirdir. 2020-ci ilin iyul döyüşlərində Ermənistan 100-dən çox hərbçisini itirib, düşmənin onlarla hərbi obyekti məhv edilib.
    Azərbaycan xalqı Tovuz döyüşləri zamanı igidlik göstərən və Ermənistanın işğalçılıq niyyətinin qarşısını qətiyyətlə alaraq şəhidlik zirvəsində yüksələn general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov olmaqla bütün şəhidlərimizin xatirəsinə daima yüksək hörmət və ehtiram göstərir. Bu mənada Tovuz döyüşləri Ali Baş Komandan başda olmaqla xalq, ordu birliyinin təcəssümünə çevrildi. Azərbaycan Ordusu nümayiş etdirdi ki, o öz gücü ilə düşmənə layiqli cavab verməyə qadirdir və torpaqlarımızı qısa zamanda azad etməyə hər an hazırdır.
    2020-ci il 27-i sentyabrında növbəti erməni təxribatına cavab olaraq başlayan Vətən müharibəsi 30 illik erməni işğalına son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı ordumuz düşmənə 44 gündə ağır və bir daha özünə gələ bilməyəcək zərbə vurdu. 30 illik erməni işğalı bitdi.

    2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycan öz ərazisi üzərində suverenliyini tam təmin etməyə nail oldu.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ