Sizin reklam burada
Sizin reklam burada
  • Rəqəmsallaşma, innovasiyalar, süni intellekt yalnız texnoloji yenilik deyil, həm də dayanıqlı inkişafın mühərriyi rolunu oynayır

    Məzahir Əfəndiyev
    Azərbaycan Respublikası
    Milli Məclisinin deputatı

    Heç kəsə sirr deyil ki, 2020-ci ildən sonrakı dövrdə yaşadığımız dünya əvvəlki kimi inkişaf etmir. Yeni düzəni xarakterizə edən əsas xüsusiyyətlərdən biri də rəqəmsallaşma tendensiyalarının artımıdır. Ölkəmizin bu qlobal çağırışa hazırlığının yüksək səviyyədə təmin edilməsi hətta hazırki dövrdən öncə də dövlət gündəliyində mühüm yer tutur və hökümət tərəfindən bu istiqamətdə ardıcıl addımlar atılırdı.
    Məhz Prezident İlham Əliyevin iradəsi nəticəsində ölkəmizdə bir sıra innovativ layihələr uğurla icra edilməyə başlandı, rəqəmsallaşma, operativlik, hesabatlılıq və ən əsası şəffaflıq başlıca amil olaraq nəzərə alındı. Vaxtında həyata keçirilən bu təşəbbüslər və onların gələcək müsbət təsirləri ölkə rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsində Azərbaycanı qlobal çağırışların hərəkətverici qüvvələrindən birinə çevirmək istəyindən irəli gəlirdi.
    Azərbaycanda rəqəmsal transformasiya və innovativ texnologiyaların tətbiqi istiqamətində sistemli dövlət siyasətinin əsası hələ 2007-ci ildən etibarən formalaşdırılmağa başlanmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilməsi, elektron hökumət həllərinin tətbiqi, rəqəmsal xidmətlərin genişləndirilməsi və innovasiya ekosisteminin inkişafı ölkənin gələcək rəqəmsal inkişafı üçün möhkəm təməl yaratmışdır.
    Bu məcrada dövlət idarəçiliyində aparılan kompleks institusional islahatların mühüm tərkib hissəsi kimi, ölkə başçısının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması haqda 13 iyul 2013-cü il tarixli Fərmanını xüsusi vurğulamaq olar. Günümüzün ən qabaqcıl təcrübəsinə əsaslanaraq fəaliyyətini quran Dövlət Agentliyi, dünya ictimaiyyəti, mötəbər beynəlxalq təşkilatlar tərəfindən tanınan “ASAN xidmət” keçən müddət ərzində uğurla dövlət xidmətlərini həyata keçirməkdədir.
    Rəqəmsallaşma və onun gətirdiyi dəyişikliklərin miqyası, həcmi və mürəkkəbliyinin bəşəriyyətin bütün əvvəlki təcrübələrindən ciddi şəkildə fərqləndiyini nəzərə alaraq, “ASAN xidmət” konsepsiyasını Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosisteminin inkişafı üçün böyük potensialın mövcudluğunun bariz nümunəsi kimi adlandırmaq olar.
    Həyata keçirilən ardıcıl tədbirlərin davamı olaraq Prezident İlham Əliyevin 2020-ci ildə keçirilən Davos Dünya İqtisadi Forumunda Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması barədə imzaladığı Niyyət Protokolunu xüsusilə vurğulamaq olar. Belə ki, həmin mərkəzin açılışı Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosisteminin inkişafı üçün böyük potensialın mövcud olduğunun bariz nümunəsidir.
    Bu əlamətdar hadisə və onun gələcək müsbət təsirləri ölkə rəhbərliyinin Azərbaycanı dünyamızda baş verən dəyişikliklərin lokomotiv qüvvələrindən birinə çevirmək istəyindən irəli gəlirdi. Dünyada az sayda olan Dördüncü Sənaye İnqilabı mərkəzlərindən birinin Azərbaycanda fəaliyyətə başlaması siyasi və iqtisadi müstəqilliyimizin daha da möhkəmlənməsi, eyni zamanda milli iqtisadiyyatın bundan sonra rəqəmsallaşmanın müasir çağırışlarına uyğun şaxələndirilməsi və ölkəyə əlavə investisiyaların cəlb edilməsi, habelə yeni iş yerlərinin, xüsusilə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi.
    Hazırda dünyada Dördüncü Sənaye İnqilabının yaratdığı transformasiya prosesləri, rəqəmsallaşma, süni intellekt, bulud texnologiyaları, innovasiyalar və digər qabaqcıl texnologiyalar dövlət idarəçiliyinə, iqtisadiyyata və cəmiyyətə yeni çağırışlar gətirir. Bu baxımdan Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri qlobal texnoloji trendləri milli maraqlara uyğun şəkildə lokallaşdırmaq, rəqabətqabiliyyətli rəqəmsal ekosistem formalaşdırmaq və çevik institusional idarəetmə modelləri yaratmaqdır. Eyni zamanda, qabaqcıl beynəlxalq təcrübənin sistemli şəkildə öyrənilməsi, milli qanunvericiliyin müasir texnoloji reallıqlara uyğunlaşdırılması, yeni institutların formalaşdırılması və insan kapitalının inkişafı ölkənin rəqəmsal transformasiya strategiyasının uğurla həyata keçirilməsinin əsas şərtlərindən biri kimi çıxış edir.
    Cari ilin 11 fevral tarixində Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi bu sahədə yeni addımların atılmasının zərurətini ortaya qoydu.
    Daha sonra 27 fevral tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması, eləcə də “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi rəqəmsal inkişaf sahəsində strateji baxış, prioritetlər və icra mexanizmlərinin vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilməsini təmin edərək rəqəmsallaşma, süni intellekt, innovasiya ekosisteminin inkişafı, kibertəhlükəsizlik kimi istiqamətləri əsas hədəf olaraq müəyyən etdi.
    Keçdiyimiz günlərdə - 29 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. İclasın gündəliyində müzakirə olunan əsas məsələlərdən biri rəqəmsal inkişaf və süni intellekt sahəsində qanunvericilik bazasının formalaşdırılması, hüquqi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və uzunmüddətli inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi oldur. Bu yanaşma innovasiyaların təhlükəsiz, məsuliyyətli və davamlı tətbiqini təmin etməklə yanaşı, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, eyni zamanda beynəlxalq standartlara uyğun tənzimləyici mühitin yaradılması üçün mühüm zəmin formalaşdırır.
    Bu hədəflərə nail olmaq üçün hazırlanmış qanunvericilik paketi Azərbaycanın yaxın illərdə texnoloji inkişafının hüquqi təməlini formalaşdıran ən əhatəli islahatlardan biridir. Qanunvericiliyə təklif edilən dəyişikliklər Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını formalaşdıran, 34 qanuna, 9 Prezident fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişiklikləri nəzərdə tutan kompleks islahat paketidir. İslahatların əsas məqsədi Azərbaycanı texnologiya şirkətləri, innovativ bizneslər və investorlar üçün regionun ən cəlbedici mərkəzlərindən birinə çevirməkdir.
    Qanunvericilik bazasının formalaşdırılması ilə yanaşı olaraq, müasir texnologiyaların, xüsusilə süni intellektin dövlət idarəçiliyinə və cəmiyyət həyatına inteqrasiyası prioritetlərindən biri olaraq müəyyən edilib. Bu istiqamətdə yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması, dövlət xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi və süni intellektin milli strateji prioritet kimi inkişaf etdirilməsi nəzərdə tutulur.
    Qeyd edim ki, rəqəmsallaşan dünyamızda süni intellekt texnologiyaları Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində də qlobal miqyasda strateji alətə çevrilib. Bu gün süni intellekt səhiyyə, təhsil, kənd təsərrüfatı, ətraf mühit və iqtisadiyyat sahələrində innovativ həllər təklif edərək sosial rifahın artırılmasına və resursların səmərəli istifadəsinə töhfə verir.
    Lakin, iclas zamanı Mehriban xanım Əliyevanın süni intellektin strateji əhəmiyyətini vurğulayaraq qeyd etdiyi kimi, bütün qərarlar Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməlidir.
    Beləliklə, Azərbaycan təcrübəsi göstərir ki, rəqəmsallaşma, innovasiyalar, süni intellekt yalnız texnoloji yenilik deyil, həm də dayanıqlı inkişafın mühərriyi rolunu oynayır. Bu istiqamətdə formalaşdırılan institusional və hüquqi çərçivənin ardıcıl şəkildə təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, milli maraqlara uyğun tətbiqi ölkənin rəqəmsal transformasiya prosesini sürətləndirəcək, innovativ, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına mühüm töhfə verəcəkdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ