Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili
Brüssel Bakı ilə hesablaşmağa vadar edən əsas səbəb: Regional təhlükəsizlikAvropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Cənubi Qafqaza, xüsusən də Bakıya səfəri bir daha göstərdi ki, Brüssel artıq Azərbaycanla münasibətlərə yalnız ikitərəfli əməkdaşlıq prizmasından baxmır. Söhbət daha geniş miqyaslı strateji reallıqdan gedir. Bu gün Avropa İttifaqı anlayır ki, Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik arxitekturasının qurulması, Şərqlə Qərb arasında etibarlı geoiqtisadi bağlantıların təmin olunması, regionda sülhün praktik müstəviyə keçirilməsi və Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi Bakı ilə hesablaşmadan mümkün deyil. Məhz buna görə də Brüsselin Bakı ilə münasibətlərində yeni mərhələ başlayır. Bu mərhələnin mərkəzində isə bir həqiqət dayanır: Azərbaycan təkcə regionun aparıcı dövləti deyil, həm də regional və qlobal təhlükəsizlik arxitekturasına real töhfə verən əsas güc mərkəzidir.
Yeni geosiyasi şərait Avropanı Bakı amilinə daha ciddi yanaşmağa məcbur edib
Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq və Körfəz bölgəsində yaşanan gərginliklər, enerji və logistika zəncirlərində yaranan sarsıntılar dünya siyasətində yeni geosiyasi mərhələ formalaşdırıb. Bu mərhələnin ən mühüm xüsusiyyəti odur ki, əvvəlki sabit marşrutlar, ənənəvi enerji təminatı modelləri və siyasi dayaq nöqtələri artıq əvvəlki qədər etibarlı deyil. Avropa üçün bu, təkcə iqtisadi çətinlik deyil; bu, təhlükəsizlik məsələsidir. Çünki enerji xətlərinin sabitliyi, ticarət marşrutlarının açıq qalması, alternativ nəqliyyat dəhlizlərinin işləkliyi artıq birbaşa Avropanın siyasi dayanıqlılığına, sosial sabitliyinə və strateji müqavimət qabiliyyətinə təsir edir.
Belə bir şəraitdə Azərbaycan faktoru ön plana çıxır. Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan təkcə karbohidrogen ixracatçısı kimi yox, həm də enerji, logistika, nəqliyyat, rəqəmsal bağlantı və regional əməkdaşlıq platforması kimi formalaşıb. Məhz buna görə bu gün Bakı Avropa üçün sadəcə tərəfdaş ölkə deyil; o, geosiyasi risklərin artdığı bir dövrdə təhlükəsizliyin, sabitliyin və etibarlı bağlantıların əsas ünvanlarından birinə çevrilib.
Bakı regionun təhlükəsizliyinin qarantına çevrilib
Cənubi Qafqaz uzun illər xarici güclərin rəqabət meydanı, dondurulmuş münaqişələrin və idarə olunan gərginliklərin məkanı olub. Bu mühit nə region xalqlarına təhlükəsizlik, nə iqtisadi inkişaf, nə də sabit gələcək vəd edirdi. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıq isə Cənubi Qafqazda təhlükəsizlik anlayışının məzmununu dəyişdi. Azərbaycan hərbi-siyasi qələbəni yalnız öz ərazi bütövlüyünün bərpası ilə yekunlaşdırmadı; Bakı bundan sonra bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq gündəmi formalaşdırmağa başladı. Məhz bu məqam Azərbaycanın regionda sadəcə güclü dövlət yox, təhlükəsizlik istehsal edən aktor kimi çıxış etdiyini göstərdi.
Bu gün Bakı açıq şəkildə nümayiş etdirir ki, Cənubi Qafqazda sabitlik hərbi avantüralar, revanşizm və xarici patronaj üzərində deyil, suverenliyin qarşılıqlı tanınması, kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və siyasi məsuliyyət üzərində qurula bilər. Azərbaycanın sülh sazişi təşəbbüsləri, regional nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı ardıcıl mövqeyi, sərhəd təhlükəsizliyi, mina təhlükəsinin aradan qaldırılması və postmünaqişə dövrünün idarə olunmasında oynadığı rol göstərir ki, Bakı bölgədə təhlükəsizliyin qarantına çevrilib. Ursula fon der Lyayenin Bakıda səsləndirdiyi “kağız üzərindəki sülhü praktikada sülhə çevirmək” fikri də məhz bu reallığın Avropa tərəfindən etirafıdır.
Bu bəyanatın siyasi mənası aydındır: Avropa İttifaqı da artıq qəbul edir ki, Cənubi Qafqazda təhlükəsizlik yalnız diplomatik bəyanatlarla yox, Bakının təşəbbüs göstərdiyi real inteqrasiya layihələri, kommunikasiyaların açılması və iqtisadi bağlılığın gücləndirilməsi ilə mümkün ola bilər. Başqa sözlə, Brüssel regionun təhlükəsizliyinin əsas təminatçısı kimi Bakının rolunu görür və bunu öz siyasətinə uyğunlaşdırır.
Avropa anlayır ki, enerji təhlükəsizliyi artıq Bakıdan keçir
Azərbaycanın Avropanın təhlükəsizliyində müstəsna rolu ilk növbədə enerji təhlükəsizliyi müstəvisində özünü göstərir. Rusiya-Ukrayna müharibəsi Avropaya bir həqiqəti bütün sərtliyi ilə göstərdi: enerji təkcə iqtisadi məsələ deyil, siyasi müstəqilliyin, strateji suverenliyin və milli təhlükəsizliyin təməl sütunlarından biridir. Rusiyadan enerji asılılığının yaratdığı təzyiq Avropanı alternativ mənbələrə, etibarlı tərəfdaşlara və uzunmüddətli enerji sabitliyi yaradan marşrutlara yönəltdi. Bu mərhələdə Azərbaycan Avropa üçün mühüm çıxış yoluna çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın illər əvvəl formalaşdırdığı enerji strategiyası – Cənub Qaz Dəhlizi, TANAP, TAP, Avropaya uzanan ixrac marşrutları, yeni enerji körpüləri – bu gün Aİ üçün sadəcə iqtisadi əməkdaşlıq mexanizmi deyil, təhlükəsizlik təminatıdır. Məhz buna görə Avropa Komissiyası uzun müddətdir Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi təqdim edir. İndi isə bu əməkdaşlıq daha geniş məna kəsb edir: Avropa Bakı ilə münasibətlərə enerji təhlükəsizliyi prizmasından baxmaqla yanaşı, onu ümumi geosiyasi dayanıqlılığın vacib dayağı kimi də qiymətləndirir.
Ursula fon der Lyayenin Bakıda nəqliyyat, enerji və rəqəmsal bağlantılar üçün 200 milyon avroya qədər qrant və bunun əsasında 2 milyard avroyadək investisiya səfərbər etmək planını açıqlaması təsadüfi deyil. Bu addım göstərir ki, Aİ Azərbaycanı təkcə qaz təchizatçısı kimi yox, Avropanın enerji və geoiqtisadi təhlükəsizliyinin dayaq nöqtələrindən biri kimi görür.
Bakı təkcə bugünün deyil, sabahın da enerji təhlükəsizliyini qurur
Azərbaycanın rolunu daha da mühüm edən məqam ondan ibarətdir ki, Bakı Avropanın enerji təhlükəsizliyinə yalnız bu günün qaz ixracı ilə deyil, sabahın enerji modelini formalaşdırmaqla da töhfə verir. Prezident İlham Əliyevin son illərdə yaşıl enerjini strateji prioritetə çevirməsi təsadüfi deyil. Bu, Azərbaycanın enerji siyasətinin yeni mərhələsidir və həmin mərhələnin əsas məqsədi ölkəni təkcə neft-qaz ixracatçısı kimi deyil, həm də bərpaolunan enerji, elektrik ixracı və yaşıl keçidin aparıcı iştirakçısı kimi möhkəmləndirməkdir.
Azərbaycan Xəzər dənizinin nəhəng külək potensialı, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi formalaşdırılması, Qara dəniz marşrutu ilə Avropaya yaşıl enerji ötürülməsi, regional elektrik bağlantılarının qurulması və enerji diversifikasiyası sayəsində Avropa üçün strateji tərəfdaş statusunu daha da gücləndirir. Reuters-in iyun ayında yaydığı məlumata görə, Türkiyə TANAP-a bənzər elektrik dəhlizi modelini Azərbaycanla birlikdə inkişaf etdirməyi, Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan xətti üzrə enerji interkonnektorlarını genişləndirməyi planlaşdırır. Bu, artıq Bakı-Ankara tandeminin təkcə qazda deyil, elektrik və yaşıl enerji məkanında da Avropanın təhlükəsizlik arxitekturasına daxil olduğunu göstərir.
Beləliklə, Azərbaycanın Avropa üçün əhəmiyyəti ikili xarakter daşıyır: Bakı həm bugünkü enerji təhlükəsizliyini təmin edən sabit tərəfdaşdır, həm də gələcək yaşıl enerji təhlükəsizliyinin qurulmasında açar aktora çevrilir. Bu, Avropanın Azərbaycanla münasibətlərinə niyə daha strateji yanaşdığını izah edən əsas səbəblərdən biridir.
Orta Dəhliz artıq yalnız iqtisadi layihə deyil, təhlükəsizlik layihəsidir
Rusiya-Ukrayna müharibəsi və Körfəz bölgəsindəki böhranlar Avropaya göstərdi ki, logistika marşrutları da enerji xətləri kimi təhlükəsizlik məsələsidir. Əgər bir marşrut müharibə, sanksiya, siyasi gərginlik və ya dəniz yollarında risklər səbəbindən iflic olursa, bu, birbaşa Avropa iqtisadiyyatına, bazarlara və siyasi dayanıqlılığa zərbə vurur. Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti təkcə ticarət və tranzitlə məhdudlaşmır. O, getdikcə Avropanın geoiqtisadi təhlükəsizlik mexanizminin tərkib hissəsinə çevrilir.
Azərbaycanın burada rolu həlledicidir. Çünki Orta Dəhlizin işləkliyi, Xəzər üzərindən daşımaların davamlılığı, Bakı-Tbilisi-Qars xəttinin genişləndirilməsi, Ələt limanının imkanları, multimodal nəqliyyat qovşaqlarının formalaşdırılması və rəqəmsal-optik bağlantıların inkişafı Azərbaycanın strateji planlamasının nəticəsidir. Ursula fon der Lyayenin Bakıda məhz “connectivity” – bağlantı üzərindən sülh və sabitlikdən danışması təsadüfi deyil. Aİ başa düşür ki, Azərbaycan üzərindən uzanan marşrutlar həm Şərqlə Qərb arasında ticarət axınını, həm də Avropanın siyasi və iqtisadi təhlükəsizliyini təmin edən mexanizmə çevrilib.
Bakı qlobal və regional təhlükəsizlik arxitekturasına töhfə verən strateji mərkəzdir
Azərbaycanın siyasətinin mahiyyətində yalnız milli maraqları qorumaq deyil, regionu daha sabit, daha proqnozlaşdırılan və daha təhlükəsiz məkan halına gətirmək məqsədi dayanır. Prezident İlham Əliyevin son illərdə ortaya qoyduğu siyasi xətt bunu açıq göstərir. Azərbaycan bir tərəfdən öz suverenliyini və ərazi bütövlüyünü təmin etdi, digər tərəfdən isə postmünaqişə mərhələsində regionun əməkdaşlıq və təhlükəsizlik gündəmini irəli sürdü. Sülh müqaviləsi təşəbbüsləri, nəqliyyat-kommunikasiya xətlərinin açılması, enerji və logistika layihələrinin genişləndirilməsi, yaşıl enerji platformalarının qurulması, Türk dünyası və Mərkəzi Asiya ilə Avropa arasında yeni geoiqtisadi bağların yaradılması – bütün bunlar Bakının qlobal və regional təhlükəsizlik arxitekturasına verdiyi real töhfənin tərkib hissəsidir.
Avropa İttifaqının da son mövqeyi göstərir ki, Brüssel bu reallığı qəbul edir. Von der Lyayen Yerevanda Ermənistanın “dayanıqlığı, bağlantıları və təhlükəsizliyi” üçün dəstəkdən danışarkən bunu məhz “Cənubi Qafqaz daha geniş regional əməkdaşlığa doğru hərəkət etdikcə” mümkün olan perspektiv kimi təqdim etdi. Bu isə o deməkdir ki, Avropa İttifaqı özü də anlayır: Ermənistanın təhlükəsizliyi, regionun sabitliyi və Aİ-nin Cənubi Qafqaz siyasətinin uğuru son nəticədə Bakının yaratdığı təhlükəsizlik və əməkdaşlıq platforması ilə sıx bağlıdır.
Nəticə: Brüssel Bakı ilə təkcə əməkdaşlıq etmir, təhlükəsizliyini də Bakının üzərində qurur
Bu gün Brüsseli Bakı ilə hesablaşmağa vadar edən səbəblər təkcə iqtisadi və ya siyasi maraqlarla məhdudlaşmır. Söhbət daha dərin strateji reallıqdan gedir. Azərbaycan Cənubi Qafqazda dayanıqlı təhlükəsizliyin əsas təminatçısına çevrilib. Bakı regionda sülhün, kommunikasiyaların, inteqrasiyanın və sabitliyin əsas memarı kimi çıxış edir. Eyni zamanda Azərbaycan Avropanın enerji təhlükəsizliyində, alternativ marşrutların qurulmasında, yaşıl enerji keçidində və Orta Dəhliz üzərindən Şərqlə Qərb arasında təhlükəsiz bağlantının təminində müstəsna rol oynayır.
Məhz buna görə bu gün Brüssel Azərbaycanla münasibətlərə artıq əvvəlki kimi baxa bilmir. Avropa başa düşür ki, Bakı olmadan nə Cənubi Qafqazda təhlükəsizlik arxitekturası qurmaq, nə Ermənistanı sabit gələcəyə çıxarmaq, nə Orta Dəhlizi gücləndirmək, nə də Avropanın enerji təhlükəsizliyini etibarlı şəkildə təmin etmək mümkündür. Başqa sözlə, Azərbaycan artıq təkcə regionun aparıcı dövləti deyil – o, regional və qlobal təhlükəsizliyə real töhfə verən, Avropanın sabitliyi üçün strateji əhəmiyyət daşıyan güc mərkəzidir.
