Sizin reklam burada
Sizin reklam burada
  • "Rəqəmsal inkişafın yeni mərhələsi: süni intellekt, səhiyyə və insan kapitalına strateji baxış"

    Rəşad Mahmudov
    Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini,
    YAP İdarə Heyətinin üzvü

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti #MehribanƏliyeva'nın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkəmizin inkişaf strategiyasında mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. İclasda rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik, innovasiya və təhsil sahələrində görülən işlərin müzakirəsi, eləcə də qarşıdakı dövr üçün müəyyən edilən prioritetlər göstərir ki, Azərbaycan gələcəyin iqtisadi və sosial inkişaf modelini bu istiqamətlər üzərində qurmağı qarşıya məqsəd qoyub.

    Bu gün dünya sürətlə dəyişir. Süni intellekt, böyük verilənlər, rəqəmsal platformalar və avtomatlaşdırılmış idarəetmə sistemləri artıq dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərə çevrilib. Bu baxımdan Azərbaycanın rəqəmsal inkişaf sahəsində qəbul etdiyi qərarlar yalnız texnoloji yenilənmə deyil, dövlət idarəçiliyinin keyfiyyətcə yeni mərhələyə keçidinin göstəricisidir.

    İclas zamanı xüsusilə dövlət xidmətlərinin vahid platformada inteqrasiyası, süni intellekt həllərinin tətbiqi, kibertəhlükəsizlik sisteminin gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı və təhsilin rəqəmsallaşdırılması istiqamətində müəyyən edilmiş hədəflər bir-biri ilə sıx əlaqəli strateji yanaşmanın formalaşdığını göstərir.

    Bu transformasiyanın ən böyük təsir göstərəcəyi sahələrdən biri səhiyyə olacaq.

    Müasir səhiyyə artıq yalnız xəstəliklərin müalicəsi ilə deyil, məlumatların düzgün idarə olunması, erkən diaqnostika, risklərin proqnozlaşdırılması və fərdiləşdirilmiş tibbi xidmətlərin təşkili ilə xarakterizə olunur. Elektron səhiyyə sistemləri, vahid tibbi məlumat bazaları və süni intellekt əsaslı qərar dəstək sistemləri tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə yanaşı, səhiyyə resurslarından daha səmərəli istifadəyə də imkan yaradır.

    Təhsil sahəsində həyata keçirilən rəqəmsallaşma tədbirləri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki rəqəmsal transformasiyanın mərkəzində texnologiya deyil, insan dayanır. Rəqəmsal bacarıqlara malik, analitik düşünən və innovativ yanaşmanı mənimsəyən insan kapitalı olmadan heç bir texnoloji inkişaf uzunmüddətli nəticə verə bilməz.

    Elə bu məqam süni intellektin mahiyyətinə daha dərindən yanaşmağı zəruri edir.

    Əslində, süni intellekt insan intellektinin alternativi deyil. O, insanın topladığı biliklərin, formalaşdırdığı düşüncə modelinin və yaratdığı məlumat bazalarının yüksək sürətlə işlənməsi və tətbiq edilməsidir. Başqa sözlə desək, süni intellekt təbii intellektin avtomatlaşdırılmış formasıdır.

    Bu baxımdan süni intellektin gücü ilk növbədə onu formalaşdıran insan kapitalının gücü ilə müəyyən olunur. Elmi əsaslara söykənən təhsil sistemi, güclü tədqiqat mühiti, peşəkar kadr potensialı və sağlam idarəetmə prinsipləri süni intellekt texnologiyalarının cəmiyyət üçün real faydaya çevrilməsinin əsas şərtləridir.

    Məhz buna görə Rəqəmsal İnkişaf Şurasının iclasında təhsilin, insan kapitalının, innovasiya ekosisteminin və rəqəmsal bacarıqların inkişafına xüsusi diqqət ayrılması strateji baxımdan olduqca əhəmiyyətlidir. Bu yanaşma göstərir ki, ölkəmiz rəqəmsal transformasiyanı yalnız texnologiyaların tətbiqi kimi deyil, insan potensialının inkişafı ilə paralel aparılan kompleks dövlət siyasəti kimi qiymətləndirir.

    Azərbaycanın qarşıya qoyduğu məqsəd texnologiyanın insanı əvəz etməsi deyil, insanın imkanlarını genişləndirməsidir. Dövlət xidmətlərinin əlçatanlığının artırılması, səhiyyədə qərarvermənin daha dəqiq qurulması, təhsildə keyfiyyətin yüksəldilməsi və innovasiya iqtisadiyyatının inkişafı məhz bu yanaşmanın praktiki nəticələri olacaq.

    Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası bir daha nümayiş etdirdi ki, Azərbaycan rəqəmsal gələcəyə sistemli və strateji baxış formalaşdırır. Bu baxışın mərkəzində isə texnologiya ilə yanaşı, insan kapitalı, elm, təhsil və səhiyyənin dayanıqlı inkişafı dayanır. Məhz bu vəhdət ölkəmizin rəqəmsal transformasiyasının uğurunu və uzunmüddətli inkişafını təmin edəcək əsas amillərdən biri olacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ