Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: Azərbaycan-Avropa Komissiyası münasibətləri yeni mərhələyə qədəm qoyur

    Deputat: Azərbaycan-Avropa Komissiyası münasibətləri yeni mərhələyə qədəm qoyurAzərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər son dövrdə daha dinamik xarakter alıb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri əməkdaşlığın siyasi dialoq, enerji, ticarət, nəqliyyat, yaşıl enerji və regional təhlükəsizlik istiqamətlərində genişləndiyini göstərir.
    Bunu Atributinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
    Deputat qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ticarət dövriyyəsinin 40 faizdən çoxunun Aİ ölkələri ilə aparılması, həmçinin Cənubi Qafqazda Avropa İttifaqı ilə ticarətin əsas hissəsinin Azərbaycanın payına düşməsi ölkəmizin regionda iqtisadi əhəmiyyətini bir daha təsdiqləyir.
    Mircəlil Qasımlının sözlərinə görə, enerji təhlükəsizliyi Azərbaycan-Avropa Komissiyası əməkdaşlığının əsas istiqamətlərindəndir. Azərbaycan uzun illərdir Avropanın enerji təminatında etibarlı tərəfdaş kimi çıxış edir. Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 12-yə çatıb və bu ölkələrin əksəriyyəti Avropa İttifaqının üzvləridir.
    Deputat bildirib ki, əməkdaşlıq yalnız ənənəvi enerji sahəsi ilə məhdudlaşmır. Azərbaycanın Günəş, külək və su elektrik enerjisi potensialı bərpaolunan enerji sahəsində də yeni imkanlar açır. Bu istiqamətdə imzalanmış müqavilələr ölkəmizin gələcəkdə yaşıl enerji ixracatçısı kimi mövqeyini gücləndirəcək.
    Mircəlil Qasımlı vurğulayıb ki, nəqliyyat və logistika sahəsi də münasibətlərin mühüm hissəsini təşkil edir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində oynadığı rol, liman, dəmir yolu və tranzit imkanlarının genişləndirilməsi ölkəmizin regional bağlantılar sistemində əhəmiyyətini artırır.
    Deputatın sözlərinə görə, regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri də Avropa Komissiyası ilə müzakirələrdə mühüm yer tutur. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə, sülh sazişi mətninin paraflanması və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması istiqamətində atılan addımlar regionda yeni əməkdaşlıq imkanları yaradır.
    Mircəlil Qasımlı qeyd edib ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və Cənubi Qafqazın qarşıdurma deyil, əməkdaşlıq və tərəfdaşlıq regionuna çevrilməsində maraqlıdır. Onun sözlərinə görə, Avropa Komissiyası ilə münasibətlər həm Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə, həm də regionda sabitlik və inkişaf mühitinin formalaşmasına mühüm töhfə verir.

    B. Seyfullaoğlu
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ