Bunu Atributinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün mühüm addımdır:
“Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkənin rəqəmsal inkişaf prioritetləri müəyyənləşdirilib. Daha sonra 2026–2028-ci illəri əhatə edən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı”nın təsdiqlənməsi bu istiqamətdə sistemli və kompleks yanaşmanı ortaya qoydu. Bu sənəd rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik üzrə qarşıdakı illər üçün əsas hədəfləri müəyyən edir”.
Mircəlil Qasımlının sözlərinə görə, Rəqəmsal İnkişaf Şurasının iyunun 29-da keçirilən ilk iclasında Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində görülən işlər, süni intellektin tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi və təhsilin rəqəmsallaşdırılması kimi vacib məsələlər müzakirə olunub:
“Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən iclasda rəqəmsal transformasiyanın dövlət idarəçiliyində, sosial xidmətlərdə və iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi məsələlərinə geniş yer verildi. Bu, göstərir ki, ölkəmizdə rəqəmsal inkişaf yalnız texnoloji yenilik kimi deyil, həm də idarəetmənin keyfiyyətini artıran, vətəndaş məmnunluğunu yüksəldən və iqtisadi səmərəliliyi gücləndirən strateji istiqamət kimi qəbul olunur”.
Deputat bildirib ki, rəqəmsallaşma sahəsində əsas hədəflərdən biri dövlət xidmətlərinin vahid platformalar üzərindən vətəndaşlara daha rahat təqdim edilməsidir. Onun sözlərinə görə, “mygov” və “mygov Biznes” platformalarının inkişafı bu baxımdan xüsusi əhəmiyyət daşıyır:
“Bu gün vətəndaşların müxtəlif dövlət xidmətlərinə çıxış üçün bir neçə mobil tətbiqdən istifadə etməsi müəyyən çətinliklər yaradır. Ona görə də dövlət xidmətlərinin vahid rəqəmsal ekosistemdə birləşdirilməsi mühüm addımdır. “mygov” platformasının istifadəçi sayının qısa müddətdə 2,7 milyondan 3,5 milyona yüksəlməsi vətəndaşların bu xidmətlərə marağının və etimadının artdığını göstərir. Eyni zamanda, “mygov Biznes” platforması sahibkarlar üçün dövlət xidmətlərinə vahid məkandan çıxışı təmin edəcək”.
Mircəlil Qasımlı əlavə edib ki, innovasiya sahəsində həyata keçirilən islahatlar da Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:
“Yeni qanunvericilik paketi rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsulları, texnologiya transferi, vençur kapitalı və digər mühüm sahələr üzrə hüquqi bazanın təkmilləşdirilməsini nəzərdə tutur. Bu islahatlar startapların inkişafına, innovativ bizneslərin maliyyələşməsinə, texnoloji investisiyaların artmasına və yüksək ixtisaslı mütəxəssislər üçün daha əlverişli mühitin yaradılmasına xidmət edəcək”.
Deputatın sözlərinə görə, süni intellektin dövlət idarəçiliyinə və ictimai xidmətlərə inteqrasiyası qarşıdakı dövr üçün əsas prioritetlərdən biridir:
“Süni intellekt artıq yalnız gələcəyin texnologiyası deyil, bu gün dövlət xidmətlərinin daha səmərəli, çevik və şəffaf təşkili üçün mühüm alətə çevrilir. “mygov” platformasında 4 dövlət qurumunda 9 süni intellekt həllinin tətbiqi planlaşdırılır. Virtual vətəndaş köməkçisinin istifadəyə verilməsi, milli hesablama gücünün yaradılması və süni intellekt həllərinin hüquqi bazasının formalaşdırılması bu sahədə ciddi irəliləyişlərin əsasını qoyur”.
Mircəlil Qasımlı vurğulayıb ki, rəqəmsal transformasiyanın davamlı və etibarlı olması üçün kibertəhlükəsizlik sahəsində görülən işlər xüsusi əhəmiyyət daşıyır:
“Rəqəmsallaşma genişləndikcə kibertəhlükəsizlik məsələləri də daha aktual olur. Bu baxımdan kiberdavamlılıq, kibergigiyena, kiberməkan və kibertəhlükəsizlik üzrə hüquqi bazanın təkmilləşdirilməsi, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Tədqiqat Mərkəzinin fəaliyyəti mühüm addımlardır. Bu tədbirlər dövlətin, biznesin və vətəndaşların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasına xidmət edir”.
Deputat təhsil sahəsində rəqəmsallaşmanın da mühüm nəticələr verdiyini bildirib:
“Ölkənin bütün təhsil müəssisələrinin təhlükəsiz internet şəbəkəsi ilə təmin edilməsi, məktəblərə 235 mindən çox kompüterin paylanılması, internet trafikinin 4,7 dəfə artırılması, “Rəqəmsal məktəb” platformasının genişləndirilməsi və elektron təhsil xidmətlərinin inkişafı təhsil sisteminin müasirləşdirilməsi baxımından ciddi addımlardır. Hazırda “Rəqəmsal məktəb” platforması 900 mindən çox istifadəçini əhatə edir. 2026–2027-ci tədris ilindən bu platformanın 400-dən çox region məktəbinə genişləndirilməsi nəzərdə tutulur”.
Mircəlil Qasımlı sonda qeyd edib ki, rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir:
“Bu islahatlar dövlət idarəçiliyinin səmərəliliyini artırmaqla yanaşı, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəldir, iqtisadiyyatın rəqabət qabiliyyətini gücləndirir və Azərbaycanın qlobal rəqəmsal transformasiya prosesində fəal iştirakını təmin edir. Qarşıdakı dövrdə bu istiqamətdə atılacaq addımlar ölkəmizin texnoloji inkişaf imkanlarını daha da genişləndirəcək”.
Bəradər Səməndərli
"Atributinfo.az"
