Onun sözlərinə görə, Aİ qarşılıqlı bağlılıq vasitəsilə sülhü təşviq etmək istəyir:
“Bizim “Global Gateway” adlı proqramımız var və biz Qafqazda bağlantı layihələrini stimullaşdırmaq üçün 200 milyon avro məbləğində qrantlar ayıracağıq və bu, 2 milyard avro potensialı olan bir gələcək yaradacaq. Söhbət həm özəl, həm də dövlət investisiyalarından, həmçinin Naxçıvan istiqamətində dəmir yolundan, layihələrin həyata keçirilməsindən və Bakı limanının inkişafından gedir”.
Bir gün sonra isə Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla birgə brifinqdə Ermənistanı Rusiyanın ciddi iqtisadi təzyiqi ilə üzləşən ölkə kimi xarakterizə edərək, İrəvana növbəti dəstəyin anonsunu edib. Avropa Komissiyasının sədri ixrac agentliyinin yaradılmasına kömək məqsədilə 18 milyon avro vəsait ayırmaq planlarını açıqlayaraq qeyd edib ki, bu, 52 milyon avroluq yardım paketinin bir hissəsidir. AK prezidenti Ermənistanın ixracının əsas hissəsini - xüsusilə də əvvəllər Rusiyaya tədarük edilən kənd təsərrüfatı məhsulları və spirtli içkilərin 80-90 faizini - Avropa bazarına yönəltmək niyyətində olduqlarını bildirib. O qeyd edib ki, gül tədarükü yeni münasibətlərin başlanğıcının gözəl bir rəmzi oldu. Bununla da kifayətlənməyən Avropa rəsmisi bildirib ki, şaxələndirməni sürətləndirmək üçün Aİ ekspertləri bu ayın əvvəlində ixracatçılarla işləmək və onlara güzəştli əməkdaşlığın təklif etdiyi imkanlardan tam şəkildə yararlanmağa kömək etmək üçün Ermənistana səfər edəcəklər.
Xatırladaq ki, hələ 44 günlük müharibədən sonra Azərbaycan ərazilərini 30 il işğalda saxlamış bu ölkəyə 2,6 mlrd. avroluq dəstək göstəriləcəyi barədə Avropa İttifaqı səviyyəsində vəd verilmişdi. Daha sonra Brüsseldə keçirilən Aİ, ABŞ və Ermənistan təmsilçilərinin görüşündə İrəvana üst-üstə 260 mln. dollaradək yardım paketi qəbul olundu. Eyni zamanda Avropa Sülh Fondu da bir neçə dəfə Ermənistana yardım edib. Rusiya sanksiyalarından əziyyət çəkdiyi bəhanəsi ilə Ermənistana Avropadan 34 mln.avroluq vəsaitin ayrılması qərarı bu günlərdə qəbul olunmuşdu. Amma Avropa təşkilatları dayanmır və işğaldan, terrordan əziyyət çəkən, azad etdiyi torpaqlarında təkbaşına tikinti işləri aparan Azərbaycana cüzi yardım vəd etdikləri halda, Ermənistana qat-qat artıq vəsait ayırırlar.
Xatırlatmaq yerinə düşər ki, vaxtilə Azərbaycan rəhbərliyi Avropa İttifaqının Ermənistana 2,6 milyard avroluq dəstək paketi ayırmasını, Azərbaycana isə cəmi 150 milyonluq dəstək açıqlamasına sərt şəkildə etirazını bildirmişdi, bu faktı növbəti ikili standartların əlaməti olaraq qiymətləndirmişdi. Amma görünür hələ də Avropa qurumları öz strategiyalarını dəyişməyə, ən azı balans siyasətini gözləməyə zərurət duymurlar. Hansı ki, Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə bildirib ki, dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirib. Bu, hələ ilkin hesablamalardır. Belə olduğu təqdirdə Avropa qurumlarının Azərbaycana milyardlarla zərər vuran Ermənistana səxavətlə yardım göstərməsi qəbulolunmazdır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Musavat.com-a açıqlamasında bu barədə mühüm açıqlamalar verib:
“Tamamilə haqlı müqayisədir. Onun üzərinə də seçki dövründə Rusiyanın aqrar məhsullarının alınmasına ciddi sanksiyalar, embarqolar tətbiq edən zaman Avropa İttifaqının dərhal, anındaca, heç bir standart tanımadan, tərəddüd etmədən həmin məhsulları qəbul etməsini, yardımlara başlamasını əlavə etmək lazımdır. Halbuki, Azərbaycan kənd təsərrüfatı məhsullarının həm çeşidi kifayət qədər zəngindir, həm də keyfiyyəti kifayət qədər yüksəkdir və bu imkanların potensialı daha da böyükdür ki, Avropa İttifaqı ilə biz o istiqamətdə də əlaqələrimizi güclü tutaq. Çünki siyasət, məram, iradə, yol xəritələri, planlar, strategiyalar ən sonda iqtisadiyyat üzərində bərqərar olur. Əgər onun dayaqları dediyimiz sahələrdə yoxdursa, proses sonrakı dövrdə sönür. Elə olan təqdirdə, söylədiyiniz kimi, həmin 2,5 milyardlıq - amma sonra da üzərinə 1,1 mlrd. əlavə etmişdilər - 3,6 milyardlıq bir paketdən söhbət gedirdi...
Azərbaycanın o dövrdəki sərt etirazları, Prezidentin bunu açıq şəkildə dilə gətirməsi, zamanında da ABŞ-nin 90-cı illər siyasətində “907-ci düzəliş”i tətbiq etməsindən sonra “Ermənistanın azadlığına dəstək”, guya demokratik bir ölkəyə çevrilməsi istəkləri sonda ona səbəb olmuşdu ki, 20 il ərzində 2,4 milyarda yaxın vəsait yardım etmişdilər. Amma Ermənistan qəti şəkildə demokratiya və digər istiqamətlərdə irəliləməmişdi. Tam əksinə, 2018-ci ilə qədər orada hökmran olan qüvvələr daha çox Moskva tərəfindən idarə olunurdu və belə çıxırdı ki, ABŞ Rusiyanın iradəsi altında olan qüvvələri maliyyələşdirir. Bu isə həmin təcavüzdə də həmin qüvvələrin möhkəm dayanmasına səbəb olurdu. İndiki halda artıq postmüharibə dövrünə keçid baş verirsə, Avropa İttifaqı özünün iqtisadi, maliyyə yardımları və həmçinin müxtəlif sahələrdə imtiyazların tanınması siyasətində balansı gözləməlidir”.
Z.Oruc bildirib ki, biz qəti şəkildə özümüzə üstün mövqe verilsin, tələbini irəli sürmürük:
“Başadüşüləndir ki, onların Ermənistana belə münasibətinin bir sıra səbəbləri var. Burada həqiqətən də bu ölkənin təbii resurslardan məhrum olması, özünü vaxtilə dediyimiz kimi, dalana gətirib çıxarması, Avropada olan bir sıra qüvvələrin təmərküzləşməsi və s. amillər var. Halbuki, Azərbaycan yalnız neft ölkəsidir, gəlirləri və imkanları xeyli fərqlidir, deyib də, bu fərqləndirmələri apardıqlarında nəticə ona səbəb olur ki, Azərbaycan tərəfindən bu siyasətlər istənilən formada qarşılığını tapa bilmir və ən sonda yenə də hətta Ermənistanın özünə yönələn vəsaitlər regionun taleyində heç bir rol oynamır. Bu mənada vaxtilə Saakaşvili dövründə Gürcüstana yönələn yardımları Ermənistanın indiki hakimiyyətinə göstərin. Belə olmayacaq! Əgər doğrudan da sülhün gücləndirilməsindən danışılırsa, institusional tədbirlərə ehtiyac var. Azərbaycanda müharibə nəticəsində ziyan çəkmiş insanların, o cümlədən azad olunmuş torpaqlarda görülən quruculuq işlərinin… Məsələn, Avropa Birliyinin “Marşal planı”nı adlandırmağa artıq ehtiyac yoxdur, Zəngilandan Kəlbəcərə qədər hər hansı yerlərdə kiçik quruculuq işlərində iştirakı bölgədə çox güclü bir mesaj yaradar. Bu mesaj ondan ibarət olar ki, əhali bu siyasəti yalnız dövlət və elitaların apardığı siyasət kimi deyil, onun ictimai dayaqlarının da güclü olduğunu görər və tarixi təcrübə də sübut edir ki, effektiv olan da odur. Biz hesab edirik ki, nə qədər ki parlamentarilər müxtəlif dayanıqsız qaydada hərəkət edirlər, müxtəlif siyasi manipulyasiyalara çox tez tabe olurlar, amma Qərbin, Avropa İttifaqının əsas hökumət strukturları Ermənistan əhalisini özünə tərəfdar və dayaq gördüyü halda, yürütdükləri yardım siyasətində Azərbaycan xalqını görməzdən gəlməməlidir”.
Komitə sədri vurğulayıb ki, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen əgər digər xarici şəxslər kimi Zəngilana səfər etsəydi, yaxud da Ağdama -deyək ki, Kəlbəcər onlar üçün bir qədər çətin coğrafiya olardı - o zaman qarşısında yüz minlərlə insanın dağılmış evlərini görəcəkdi:
“Biz vaxtilə xəritələrlə, digər sübutlarla bunları göstərmək istəyirdik. İndi isə gözlərinin qarşısındakı fakta münasibətdə tanıtıma artıq ehtiyac yoxdur. Yəni bu, gerçəklikdir. Amma minimum bərpa məsələlərində iştirak həmin o insan axınlarının, demokratiyanın, daha güclü vətəndaş birliklərinin formalaşmasında önəmli rol oynayar. O halda Azərbaycan hakimiyyətindən müxtəlif məsələlərdə tələbkarlıq da arta bilər. İndiki halda Azərbaycan dövləti yalnız büdcə resurslarına dayanaraq o prosesləri aparırsa, bu, artıq avtomatik olaraq səhiyyədən, təhsildən, digər sosial sahələrdən müəyyən vəsaitlərin kəsilməsi deməkdir. Çünki 30 milyarddan artıq vəsait indi ölkənin bu bölgəsinə yönəlib. Təbii ki, bu, bizim üçün müqəddəs işdir, biz onu demirik. Məntiqimiz ona dayanır ki, o vəsaitlərə Avropa İttifaqı, beynəlxalq donor dairələri qoşulsaydılar, mina təmizləmə prosesində simvolik deyil, daha böyük iradə ilə iştirak etsəydilər, mənzərə başqa cür olardı. Məsələn, Ukraynadakının hətta onda biri yox, yüzdə biri qədər. Halbuki, Trampın elan etdiyinə görə 8 milyardı keçib. 500 milyardlıq da bərpa planı hazırlayıblar. Axı, Azərbaycanın o ərazilərinin dağıdılması hakimiyyətin forması, yürütdüyü siyasətlə əlaqədar deyil. Bu, insan haqqıdırsa, zəngilanlının da, kəlbəcərlinin də haqqı bütün digər işğala məruz qalan ölkələrin vətəndaşlarının haqqı ilə eynidir. Bu mənada ona dəstək verilməsi yerinə düşər və bu, Avropa İttifaqının mövqelərinə müsbət təsir edər”.
