Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri mühüm önəm kəbs edir. Bu səfər sözsüz ki, ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm siyasi hadisədir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüşlər, aparılan müzakirələr və mətbuata verilən birgə bəyanatlar Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının strateji xarakter daşıdığını nümayiş etdirir.
Bu sözləri Kəlbəcər Rayon Ağsaqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Aqil Məmmədov deyib.
O qeyd edib ki, bu səfər həmçinin əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı siyasi iradənin mövcudluğunu təsdiqləyib:
“Son illər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Yüksək səviyyəli siyasi dialoq daha intensiv xarakter alıb, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Bu gün tərəflər arasında münasibətlər yalnız enerji sektoru ilə məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, logistika, rəqəmsal transformasiya, yaşıl enerji, regional təhlükəsizlik və digər mühüm sahələri də əhatə edir.
Ötən il Avropa Siyasi Birliyinin Zirvə görüşləri çərçivəsində keçirilən təmaslar, eləcə də cari il ərzində Avropa İttifaqı rəhbərliyinin Azərbaycana həyata keçirdiyi ardıcıl səfərlər münasibətlərdə yeni dinamikanın formalaşdığını göstərir. Mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında isə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfərlərinin ardınca Ursula Fon der Lyayenin Azərbaycana gəlişi tərəflər arasında siyasi dialoqun ardıcıl və sistemli şəkildə inkişaf etdiyini nümayiş etdirir.
Keçirilən görüşlər zamanı iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya layihələri, bərpaolunan enerji, regional əməkdaşlıq və təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu isə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın çoxşaxəli xarakter aldığını və qarşılıqlı maraqlara əsaslandığını göstərir”.
Şura sədri bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır:
“Hazırda ölkəmizin xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Bununla yanaşı, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşıdır və region üzrə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizini təşkil edir. Bu göstəricilər tərəflər arasında iqtisadi münasibətlərin davamlı inkişaf etdiyini, qarşılıqlı etimadın və tərəfdaşlığın möhkəmləndiyini təsdiqləyir.
Enerji sahəsində əməkdaşlıq Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas sütunlarından biridir. Bu sahədə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra Azərbaycanın Avropaya təbii qaz ixracı əhəmiyyətli dərəcədə artıb. Hazırda ölkəmizin ixrac etdiyi təbii qazın yarısı Avropa İttifaqına üzv dövlətlərə nəql olunur və artıq on Avropa ölkəsi Azərbaycan qazı ilə təmin edilir. Bu coğrafiyanın gələcəkdə daha da genişlənməsi üçün mövcud imkanlar Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu daha da gücləndirir”.
Aqil Məmmədov vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət daşıyan ölkələrdən biridir:
“Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi beynəlxalq enerji əməkdaşlığının ən uğurlu nümunələrindən biri kimi Azərbaycan qazının Avropa bazarlarına təhlükəsiz, etibarlı və fasiləsiz şəkildə çatdırılmasını təmin edir. Həmçinin nəqliyyat və logistika sahəsində də əməkdaşlıq sürətlə inkişaf edir. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçısı kimi regionun mühüm tranzit və logistika mərkəzinə çevrilib. Son illər həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, müasir avtomobil və dəmir yollarının, beynəlxalq hava limanlarının və dəniz limanlarının yaradılması ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb. Yeni geosiyasi şəraitdə beynəlxalq yükdaşımaların artması Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı logistika qovşağı kimi rolunu daha da möhkəmləndirir”.
YAP təmsilçisi hesab edir ki, Prezident İlham Əliyev görüş zamanı bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivlərinə də xüsusi diqqət ayırıb:
“Azərbaycanın zəngin günəş, külək və hidroenerji potensialı ölkənin yaşıl enerji strategiyasının uğurla həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Xarici və yerli investorlarla imzalanmış müqavilələr çərçivəsində yaxın illərdə ölkədə əlavə 8 giqavat gücündə günəş və külək elektrik enerjisi istehsalının nəzərdə tutulması Azərbaycanın enerji ixrac imkanlarını genişləndirəcək, Avropanın enerji təhlükəsizliyinə əlavə töhfə verəcək və qlobal iqlim dəyişiklikləri ilə mübarizə sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə xidmət edəcək.
Həmçinin regional təhlükəsizlik və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan nəticələr Azərbaycanın sülh gündəliyinə sadiqliyi regionda davamlı sabitliyin təmin olunmasına xidmət edir. Sülh sazişi üzrə əldə olunan irəliləyişlər, qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımlar və kommunikasiyaların inkişafına yönəlmiş təşəbbüslər Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasına mühüm töhfə verir.
Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra regionda sülh, əməkdaşlıq və iqtisadi inteqrasiyanın təşviqini xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu siyasət həm regional sabitliyin möhkəmlənməsinə, həm də beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişafına mühüm zəmin yaradır.
Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlara əsaslanan əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsində maraqlıdır. Mövcud siyasi iradə, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətləri Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin gələcəkdə daha da genişlənməsinə, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və davamlı inkişafın möhkəmləndirilməsinə mühüm töhfə verəcək”.
