Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar İsgəndərov İordaniya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Hussein Kreişan dövlətlərarası münasibətlərin möhkəmlənməsində parlamentlər arasında əməkdaşlığın inkişafının rolundan bəhs ediblər. Hər iki ölkənin qanunverici orqanındakı dostluq qruplarının bu əlaqələri daha da dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Regional və beynəlxalq müstəvidə əlaqələrin möhkəmləndirilməsinin vacibliyi qeyd edilib.
Görüşdə Bakıda keçirilən İƏT Pİ Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkili təqdirəlayiq hesab olunub. Sessiyada aparılan müzakirələrin İslam dünyasında həmrəyliyin gücləndirilməsi, birgə platformanın formalaşdırılması baxımından mühüm əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Bəhruz Məhərrəmov, İordaniya nümayəndə heyətinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
