Bunu atributinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Deputat qeyd edib ki, Azərbaycan və Türkmənistanı birləşdirən əsas amillərdən biri ortaq tarixi köklər, mədəni yaxınlıq və mənəvi bağlılıqdır:
“Dövlət başçımızın da vurğuladığı kimi, ölkələrimiz arasında münasibətlərin möhkəm təməlini tarixi bağlar, mədəni əlaqələr və mənəvi yaxınlıq təşkil edir. Son illər bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Aşqabadda, Bakıda və Gəncədə keçirilən Azərbaycan və Türkmənistan Mədəniyyət Günləri xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edir. Bu, sadəcə mədəni tədbir deyil, həm də xalqlarımızın bir-birinə olan doğmalığının ifadəsidir”.
Mircəlil Qasımlı bildirib ki, Qarabağın bərpası prosesində Türkmənistanın göstərdiyi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Onun sözlərinə görə, Füzuli şəhərində məscidin tikintisi təşəbbüsü Türkmənistanın Azərbaycana olan qardaş münasibətinin bariz nümunəsidir:
“Prezident İlham Əliyevin bəyanatında da qeyd olunduğu kimi, Türkmənistanın Qarabağın bərpasına verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Füzuli şəhərində məscidin tikintisi təşəbbüsü dost və qardaş ölkənin Azərbaycan xalqına səmimi münasibətinin göstəricisidir. Bu addım həm də iki ölkə arasında mənəvi yaxınlığın və qarşılıqlı hörmətin daha bir ifadəsidir”.
Deputatın sözlərinə görə, Azərbaycan-Türkmənistan münasibətlərində nəqliyyat-logistika sahəsi xüsusi yer tutur. Bu sahədə əməkdaşlığın genişləndirilməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir:
“Bu gün nəqliyyat-logistika sahəsində əməkdaşlıq ölkələrimizin qarşısında yeni imkanlar açır. Azərbaycan və Türkmənistan coğrafi mövqeyi, Xəzər dənizi üzərindən bağlantı imkanları və tranzit potensialı ilə geniş regional əməkdaşlığın mühüm iştirakçılarıdır. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait ölkələrin səylərini birləşdirməyə imkan verməzdi. Məhz qarşılıqlı etimad və siyasi iradə sayəsində bu sahədə konkret layihələrin icrası üçün əlverişli şərait yaranıb”.
Mircəlil Qasımlı əlavə edib ki, Azərbaycan Türkmənistanın beynəlxalq uğurlarına hər zaman sevinir və bu ölkənin neytrallıq siyasətini dəstəkləyir:
“Azərbaycan və Türkmənistan dost və qardaş ölkələrdir. Biz Türkmənistanın inkişafına, beynəlxalq nüfuzunun artmasına və əldə etdiyi uğurlara daim sevinirik. Ölkələrimiz arasında enerji, nəqliyyat, logistika, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var. Prezident İlham Əliyevin bəyanatı bir daha göstərdi ki, Azərbaycan-Türkmənistan münasibətləri qarşılıqlı hörmət, dostluq və qardaşlıq prinsipləri əsasında uğurla inkişaf edir”, - deyə deputat vurğulayıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
