Dünən Şuşaya səfərim və bu axşam geri dönüş yolumda Füzuli, İmişli istiqaməti, daha sonra Biləsuvar və Astara marşrutu boyunca keçdiyim hər bir məkan, sanki bir daha ölkəmizin son illərdə yaşadığı böyük dəyişimin canlı mənzərəsini göstərirdi. Bu yolların hər birində yeni salınmış magistrallar, bərpa olunan infrastruktur, tikilən yaşayış məntəqələri və dirçələn şəhər və kəndlər insanı istər-istəməz dərin düşüncəyə aparır. Bir zamanlar ağır sınaqlardan keçmiş torpaqların bu gün yenidən həyat, enerji və gələcəyə ümidli baxışı, əslində bir xalqın iradəsinin və dövlətin gücünün təzahürüdür.
Azərbaycanın hər qarışı, Qarabağından Abşeronuna, şimalından cənubuna, aranından Naxçıvanına qədər, hər qarışı Allahın bizə bəxş etdiyi misilsiz bir coğrafi və mənəvi sərvətdir. Bu torpaqlar təkcə təbii gözəllikləri ilə deyil, həm də tarix, mədəniyyət və insan ruhunun gücü ilə seçilir. Üstəlik, bu zənginliklərin üzərinə neft və qaz kimi strateji resursların da əlavə olunması, ölkəmizə və.insanımıza tanrı tərəfindən verilmiş böyük bir imkan və məsuliyyətdir.
Bu gün hər bir azərbaycanlı üçün əsas vəzifə, əldə olunan uğurları qorumaq, daha da inkişaf etdirmək və gələcək nəsillərə daha güclü, daha da yüksək rifahlı bir Azərbaycan miras qoymaqdır. Gənclərimizin və uşaqlarımızın daha yaxşı təhsil alması, Vətənə bağlı, dünyaya açıq və faydalı fərdlər kimi yetişməsi bizim ən böyük hədəfimiz olmalıdır.
Bu yol asan olmayıb, amma xalqımızın iradəsi və dövlətimizin siyasəti ilə bu gün artıq yeni bir mərhələdəyik. Bu mərhələni daha da gücləndirmək hər birimizin üzərinə düşən məsuliyyətdir.
Tanrı Azərbaycanımızı qorusun, bayrağımızı daim ucalarda etsin. Ulu Öndərin müəyyən etdiyi yol və cənab Prezidentin rəhbərliyi ilə formalaşan bu inkişaf xətti, əminəm ki, hər bir azərbaycanlının gələcəyə daha inamla baxmasına xidmət edir və edəcək.
Rəşad Mahmudov
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini,
Millət vəkili
