Deputatla 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin inkişafındakı rolu və tarixi əhəmiyyəti barədə həmsöhbət olduq.
– Arzu müəllim,15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçiliyində dönüş nöqtəsi oldu. Bu mərhələdə qəbul edilən siyasi qərarlar ölkənin sabitliyinin bərpası və dövlət institutlarının formalaşması üçün hansı əsas rol oynadı?
– Hələ 1988-ci ildən başlayaraq separatçı hərəkatın meydana çıxması ilə ermənilərin ciddi səylərlə həyata keçirməyə çalışdığı əsas ideya ondan ibarət idi ki, Azərbaycanda lidersizlik mühiti formalaşdırılsın və bunun nəticəsində onlar öz məkrli siyasətlərini reallaşdıra bilsinlər. Lidersizlikdən söhbət gedərkən nəzərə almaq lazımdır ki, Ulu Öndər həmin dövrdə Moskvada olduğuna görə onlar bu vəziyyətdən maksimum dərəcədə faydalanmağa çalışırdılar. Lakin Ulu Öndərin Azərbaycana qayıdışından sonra ermənilərin və onların havadarlarının planlaşdırdıqları niyyətlər iflasa uğradı. Onlar artıq dərk etdilər ki, bu problemi məhz bu üsulla həll etmək mümkün deyil.
15 İyun Azərbaycan tarixində Milli Qurtuluş Günü və dövlətçiliyin möhkəmlənməsinin rəmzi kimi yadda qaldı. 1993-cü ilin iyun ayında ölkədə son dərəcə mürəkkəb və gərgin vəziyyət hökm sürürdü. Hətta demək olar ki, Azərbaycanın separatçı qüvvələr tərəfindən feodallıqlara bölünməsi təhlükəsi mövcud idi. Bu istiqamətdə xarici xüsusi xidmət orqanları da ciddi cəhdlər göstərirdi və ölkədəki siyasi rəhbərlik o qədər zəif idi ki, yaranmış problemlərin həlli yollarını faktiki olaraq görmürdü. Nəticədə müxtəlif qüvvələrin diktəsi altında hərəkət edilir, şəxsi maraqlar ön plana çəkilir və hakimiyyət uğrunda kəskin mübarizə aparılırdı.
Həmin dövrdə qəbul edilən siyasi qərarlar və mərkəzi hakimiyyətin fəaliyyət qabiliyyətinin bərpası həyati zərurətə çevrilmişdi. Məhz buna görə də Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi rəhbərliyə qayıtdıqdan sonra qarşıya qoyulan əsas məqsəd daxili sabitliyin təmin olunması idi. Silahlı qarşıdurmaların qarşısının alınması istiqamətində ardıcıl fəaliyyət həyata keçirildi. Dövlətçilik institutları – parlament, icra hakimiyyəti, hüquq-mühafizə orqanları və digər dövlət təsisatları yenidən fəaliyyətə başladı. Vətəndaş müharibəsi təhlükəsi əhəmiyyətli dərəcədə azaldıldı.
Bunun nəticəsində konstitusion quruluşun bərpası prosesinə start verildi, məhkəmə sistemi yenidən formalaşdırılmağa başladı. Sonrakı mərhələdə hüquqi dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi üçün əlverişli siyasi mühit yarandı. Məhz bu baxımdan 15 İyun Azərbaycan tarixində dövlət müstəqilliyinin qorunması və sabitliyin bərpası istiqamətində mühüm dönüş nöqtəsi kimi yadda qaldı və həqiqətən də bir Qurtuluş Günü oldu.
– Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkədə siyasi sabitliyin təmin olunması və dövlət quruculuğu prosesinin başlanğıcı ilə nəticələndi. Bu qayıdış Azərbaycanın idarəetmə sistemində hansı fundamental dəyişiklikləri yaratdı?
– İkinci mühüm məqam ondan ibarətdir ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra idarəetmə sahəsində bir sıra fundamental dəyişikliklər baş verdi. Dövlət idarəçiliyində mərkəzləşdirilmiş və daha dayanıqlı idarəetmə modeli formalaşdırıldı. Hüquqi və institusional islahatlara başlanıldı. 1995-ci ildə qəbul edilən Konstitusiya müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını müəyyənləşdirdi.
Ordu quruculuğuna ciddi töhfələr verildi, milli təhlükəsizlik sisteminin inkişafı prioritet istiqamətlərdən birinə çevrildi. Əsas məqamlardan biri də hakimiyyətin beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi idi. Bunun üçün xarici siyasətdə balanslaşdırılmış kurs həyata keçirildi, beynəlxalq təşkilatlarla əməkdaşlıq daha da gücləndirildi. Azərbaycanın siyasi sistemi öz fundamental əsaslarını formalaşdırdı və bu, ölkənin gələcək inkişafına mühüm təsir göstərdi.
– “Əsrin müqaviləsi” ilə başlayan iqtisadi strategiya Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdırdı. Bu qərar ölkənin iqtisadi müstəqilliyi və dayanıqlı inkişafı üçün hansı imkanları açdı?
– Üçüncü mühüm məsələ isə, şübhəsiz ki, Əsrin müqaviləsi idi. Bu müqavilə Azərbaycanın inkişafı baxımından ən əhəmiyyətli layihələrdən biri hesab olunur. Müxtəlif dövlətlər Azərbaycan neftinin məhz Avropa bazarına çıxmasında maraqlı deyildilər və bu istiqamətdə ciddi maneələr yaradılırdı. Lakin Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində neft siyasətində diversifikasiya təmin olundu və 1994-cü ildə Əsrin müqaviləsi imzalandı. Bu sənəd Azərbaycanın iqtisadi inkişafında strateji baxımdan müstəsna rol oynadı.
Həmin qərardan sonra Azərbaycan xarici investisiyaların geniş miqyasda cəlb olunmasını təmin etdi, neft və qaz sektorunun inkişafını sürətləndirdi, dövlət büdcəsinin gəlirlərinin artmasına mühüm töhfə verdi, enerji ixrac marşrutlarının formalaşdırılmasına şərait yaratdı və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsini təmin etdi. Nəticə etibarilə, həm müharibənin dayandırılması, həm atəşkəsin elan olunması, həm də Əsrin müqaviləsinin imzalanması gələcək qələbələrimiz üçün son dərəcə mühüm əhəmiyyət daşıyırdı. Əsrin müqaviləsi sonrakı illərdə enerji siyasətinin və iqtisadi möhkəmlənmə prosesinin əsas istiqamətlərindən birinə çevrildi. Azərbaycan qlobal enerji bazarında öz mövqeyini daha da gücləndirdi.
Bir məqamı da xüsusi qeyd etmək istərdim ki, məhz Əsrin müqaviləsindən əldə olunan gəlirlər sonradan Ulu Öndərin təməlini qoyduğu siyasətin, ordu quruculuğu strategiyasının və milli təhlükəsizlik siyasətinin davam etdirilməsi üçün zəruri imkanlar yaratdı. Prezident İlham Əliyevin qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıldı. Düşünürəm ki, Ulu Öndərin vaxtilə əsasını qoyduğu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
Bu prosesdə vaxtilə Ulu Öndərin yaratdığı hərbi akademiyalar və digər təhsil müəssisələri mühüm rol oynadı. Həmin təhsil ocaqlarının kursantları olmuş bugünkü generallar və admirallar Azərbaycanın Zəfərində ön sıralarda yer alan şəxslər oldular. Bir sözlə, Ulu Öndərin təməlini qoyduğu 15 İyun – Qurtuluş Günündən etibarən Azərbaycanın siyasətində ərazi bütövlüyünün təmin edilməsi, suverenliyin qorunması və hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən siyasət bir daha öz təsdiqini tapdı və uğurla həyata keçirildi.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda hazırlanıb.
