Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanı böhrandan yalnız Heydər Əliyev çıxara bilərdi

    Nəsib Məhəməliyev,
    Milli Məclisin deputatı

    “Haqlı olaraq Azərbaycanın parçalanmaqdan və məhv olmaqdan xilas tarixi kimi səciyyələndirilən 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində Ulu Öndər Heydər Əliyevin irsinə yenidən nəzər salınır, onun dövlətçilik və Azərbaycançılıq ideyaları uğrunda fəaliyyəti geniş təhlil edilərək gənc nəslə çatdırılır. Bəzən Heydər Əliyevin xilaskarlıq missiyasının başlanğıcı məhz 15 iyundan götürülsə də, yaxın tariximizə nəzər yetirdikdə, görürük ki, 15 iyun Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərinin yalnız bir mərhələsidir. Çünki Heydər Əliyev hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, eləcə də, Moskvada Mərkəzi Komitədə çalışarkən mühüm siyasi gedişləri və zəngin idarəçilik təcrübəsi sayəsində bir neçə dəfə Azərbaycanın üzərini alan təhlükələri dəf edə bilmişdi”.

    Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib.

    Deputat bildirib ki, Heydər Əliyevin xilaskarlıq missiyasını ən azı üç mərhələyə bölmək mümkündür. Birinci mərhələ Ulu Öndərin 1969-cu ildə Sovet Azərbaycanına rəhbər təyin edildiyi dövrə təsadüf edir. XX əsrin 90-cı illərində olduğu kimi, 60-cı illərdə də Heydər Əliyev dərin iqtisadi böhran yaşayan, bir çox sahələr üzrə başqa müttəfiq respublikalardan geri qalan Azərbaycana rəhbərlik edirdi.

    Həmin vəziyyət SSRİ rəhbərliyini narahat etdiyindən, Azərbaycanı başqa İttifaq respublikaları arasında bölüşdürmək kimi təhlükəli planlar da müzakirə olunurdu.

    Belə bir mürəkkəb şəraitdə respublikaya rəhbərlik edən Heydər Əliyev özünün dərin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı sayəsində qısa müddətdə ölkənin iqtisadi və sosial həyatında ciddi canlanma yaratdı. Bir vaxtlar İttifaq respublikaları arasında bir sıra göstəricilər üzrə sonuncu yerlərdə qərarlaşan Azərbaycan ön sıralara yüksəldi.

    Bu, Ulu Öndərin Azərbaycanı məhv olmaq və parçalanmaq təhlükəsindən xilas etməsinin ilk mərhələsi idi.

    “Ümummilli Liderin xilaskarlıq missiyasının növbəti mərhələsi 1980-ci illərin sonlarına təsadüf edir. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq bütün vəzifələrindən istefa verdi. Onun istefasından cəmi iki həftə sonra erməni millətçiləri və SSRİ rəhbərliyindəki himayədarları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsi məsələsini gündəmə gətirdilər.

    Heydər Əliyev həmin dövrdə dövlət idarəetmə orqanlarında təmsil olunmasa da, öz siyasi nüfuzu və təcrübəsi sayəsində bu qərarın qəbulunun qarşısını müəyyən müddət ərzində almağa nail oldu.

    Bu mərhələ də Ulu Öndərin xilaskarlıq missiyasının mühüm dövrlərindən biri kimi qiymətləndirilir.

    Nəhayət, Heydər Əliyevin xilaskarlıq missiyasının üçüncü mərhələsi Azərbaycanın müstəqillik illərinə təsadüf edir”, – deyə deputat vurğulayıb.

    Nəsib Məhəməliyev qeyd edib ki, XX əsrin 90-cı illərində Azərbaycan tarixində ikinci dəfə öz dövlət müstəqilliyini əldə etsə də, bu müstəqilliyi qoruyub saxlamaq heç də asan deyildi.

    Bir tərəfdən Sovet dövründən qalmış sosial-iqtisadi problemlər, o biri tərəfdən isə ölkəyə rəhbərlik edən siyasi qüvvələrin idarəçilik təcrübəsinin yetərsizliyi Azərbaycanı getdikcə daha ağır vəziyyətə sürükləyirdi.

    Deputatın sözlərinə görə, xüsusilə AXC-Müsavat hakimiyyəti dövründə dövlət əmlakının talanması, idarəetmə təcrübəsi olmayan şəxslərin yüksək vəzifələrə gətirilməsi dövlətçiliyə ciddi təhlükələr yaratmışdı. Xarici siyasətdə buraxılan səhvlər nəticəsində bir çox ölkələrlə münasibətlər korlanmış, Azərbaycan beynəlxalq təcrid vəziyyətinə düşmüşdü. Həmin dövrdə dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan, demək olar ki, bütün mənfi amillər ölkədə müşahidə olunurdu.

    “1993-cü ildə respublikada həyatın bütün sahələrini dərin böhran bürümüşdü. Dövlət əmlakının açıq şəkildə mənimsənilməsi kütləvi xarakter almışdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılaraq mənimsənilmişdi. Kriminal düşüncəli şəxslər yüksək dövlət vəzifələrinə gətirilirdi. Nəticədə hakimiyyət daxilində yaranmış qruplaşmalar arasında birincilik uğrunda mübarizə gedirdi.

    Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos və özbaşınalığın hökm sürməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial vəziyyətinin son dərəcə ağırlaşması və torpaqlarımızın işğalı ilə nəticələndi. Hakimiyyəti ələ keçirmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal olundu.

    Belə bir vəziyyətdə çıxış yolu axtaran Azərbaycan xalqı xilası yalnız Heydər Əliyevin simasında görürdü. Həmin dövrdə Gəncədə baş qaldıran hadisələr və vətəndaş qarşıdurması xalqı Heydər Əliyevdən kömək istəməyə məcbur etdi. Çünki hər kəs yaxşı bilirdi ki, Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilər”, – deyə deputat bildirib.

    Nəsib Məhəməliyev vurğulayıb ki, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublika rəhbərliyinin təkidli dəvətini qəbul edərək Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev hakimiyyət uğrunda mübarizənin getdiyi bir vaxtda həyatını riskə ataraq dərhal Gəncəyə yollandı və baş qaldırmış qiyamın qarşısını aldı.

    Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, ölkənin sürətli inkişafının möhkəm təməlləri qoyuldu. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun tarixini rəsmi bayram günü elan etdi.

    “1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması və beynəlxalq aləmdə layiqli yer tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısındakı ən böyük xidmətlərindən biri də mürəkkəb geosiyasi şəraitdə Azərbaycan dövlətçiliyini qoruması, ölkəni parçalanmaq və yox olmaq təhlükəsindən xilas etməsi idi.

    Son 33 ildə dünyada və regionda baş verən hadisələri təhlil etdikdə bir daha əmin oluruq ki, əgər Heydər Əliyev həmin kritik dövrdə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlət mövcud olmaya bilərdi. Ölkənin parçalanmasına hesablanmış, cənubda, şimalda və qərbdə baş qaldıran separatizm meyillərinin qarşısını almaq mümkün olmazdı. Paytaxt Bakıda və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən kriminal dəstələr zərərsizləşdirilməzdi. Xaricdən göndərilən missionerlərin dini təbliğat adı altında həyata keçirdikləri fəaliyyətlər məhdudlaşdırılmazdı.

    Hətta vəziyyət o həddə çatmışdı ki, hakimiyyətin ilk illərində hərbi müxalifət tərəfindən Heydər Əliyevə qarşı sui-qəsd cəhdləri edilmişdi. Lakin Ulu Öndər bütün bu sınaqlardan keçərək heç bir xarici gücdən asılı olmayan müstəqil dövlətin əsaslarını yaratdı. O, özünün formalaşdırdığı dövlətçilik məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevi hakimiyyətə hazırladı.

    Prezident İlham Əliyev isə ata vəsiyyətini layiqincə yerinə yetirdi. Qarabağın, Şərqi Zəngəzurun və hətta uzun illər əlçatmaz görünən Xankəndinin azad olunması ilə separatizmə son qoyuldu.

    Xalqımızın üzərindən ‘məğlub xalq’ damğası götürüldü”, – deyə deputat bildirib.

    Nəsib Məhəməliyevin sözlərinə görə, müasir Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial və mədəni uğurlarının təməlində məhz 15 İyun – Milli Qurtuluş Günü dayanır:

    “Bu gün qətiyyətlə deyə bilərik ki, Ulu Öndərin ruhu şaddır. Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir, daimidir və etibarlı əllərdədir.

    Qurtuluş Günümüz mübarək!”

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ