Sizin reklam burada
Sizin reklam burada
  • “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”

    Məzahir Əfəndiyev
    Milli Məclisin deputatı

    Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi şəxsiyyətlər var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Müdrik xalqımızın Ulu Öndəri Heydər Əliyev ölkəmizə müxtəlif dövrlərdə, ağır siyasi konyukturada rəhbərlik edərək Azərbaycan üçün xilaskarlıq missiyasını yerinə yetirib, müasir, müstəqil dövlətimizin təməlini qoyub.
    15 iyun – demokratik Azərbaycan Respublikasının qorunmasını və müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir. Bu tarix canı, həyatı, yorulmaz fəaliyyəti ilə Vətəninə bağlı olan Ümummilli Lider Heydər Əliyevin dünya tarixinin növbəti transformasiya dövründə Azərbaycan xalqının təkidli tələbi ilə Naxçıvandan Azərbaycanın paytaxtı Bakı şəhərinə xalqına xidmət etmək üçün gəldiyi gündür.
    Ölkəmizin ictimai-siyasi həyatına Milli Qurtuluş Günü kimi daxil olmuş bu günün xalqımızın milli yaddaş fəlsəfəsi, milli özünüdərk prosesində özünəməxsus yeri vardır. Bu gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
    Ümumiyyətlə, tariximizdə bir sıra hadisələr vardır ki, bunlar xalqımızın milli mənlik şüurunda, həmçinin azərbaycançılıq ideologiyası təfəkküründə dərin və əbədi yerə malikdir.
    1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir.
    Ulu Öndər böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”; – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi, ictimai-siyasi pərakəndəlik və anarxiyaya son qoyaraq buna nail oldu.
    Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.
    İlk dəfə Ümummilli Lider tərəfindən Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strateqiyası elan olundu və sonrakı illərdə uğurla həyata keçirildi. Həmin vaxtdan başlayaraq müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə, inkişafa doğru istiqamət götürdü. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynadı.
    Məhz həmin tarixi gün Azərbaycan xalqının yaddaşında Milli Qurtuluş Günü kimi həkk olundu, 1997-ci ilin iyun ayında Milli Məclis tərəfindən dövlət bayramı elan edildi.
    Prezident İlham Əliyev bu tarixlə bağlı deyib: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Həqiqətən də 1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri, bugünkü reallıqların bünövrəsi kimi daxil olub, 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamıdır.
    Keçdiyimiz 23 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın nəinki regionda, eyni zamanda beynəlxalq arenada güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirdi. İkinci Qarabağ-Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.
    Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. 2020-ci ildə Azərbaycan xalqı Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin miras qoyduğu yolu müvəffəqiyyətlə davam etdirərək, Azərbaycanı öz ərazi bütövlüyünə qovuşdurdu, 2023-cü ildə isə Qarabağımızda baş verən qanunsuzluqlar birdəfəlik ləğv edildi və hər birimizə canı qədər doğma olan Azərbaycan bayrağı 15 oktyabr tarixində Xankəndidə dalğalanmağa başladı, suverenliyimiz bərpa olundu.
    Bu gün dövlət başçımız azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada, Xankəndidə Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, doğma Qarabağımız dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
    Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
    Beləliklə, 1993-cü ildən bu günə qədər əldə etdiyimiz uğurlar əminliklə söyləməyə əsas verir ki, biz dövlət müstəqilliyimizi bir daha əldən verməyəcəyik, qəhrəman övladlarımızın şücaəti ilə əldə etdiyimiz suverenliyimiz əbədi olacaq.











    .

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ