Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, son illər sosial şəbəkələrin uşaqların gündəlik həyatında oynadığı rol əhəmiyyətli dərəcədə artıb və bu proses yeni hüquqi mexanizmlərin yaradılmasını zəruri edib. Onun sözlərinə görə, layihənin əsas məqsədi uşaqların zərərli məzmunlardan qorunması, onların şəxsi məlumatlarının təhlükəsizliyinin təmin olunması və sosial şəbəkə platformalarının məsuliyyətinin artırılmasıdır.
“Layihədə ilk dəfə olaraq yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platforması, provayder və fərdi rəqəmsal hesab anlayışları qanunvericilik səviyyəsində müəyyən edilir. Bu, gələcək hüquqi münasibətlərin daha aydın tənzimlənməsinə və platformalar qarşısında konkret öhdəliklərin formalaşdırılmasına imkan yaradır”, - deyə deputat vurğulayıb.
O hesab edir ki, layihənin ən mühüm yeniliklərindən biri 16 yaşına çatmamış şəxslərin müəyyən ediləcək sosial şəbəkə platformalarında fərdi hesab yaratmasının məhdudlaşdırılmasıdır. Onun fikrincə, beynəlxalq təcrübədə də uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı oxşar yanaşmalar getdikcə daha geniş tətbiq olunur. “Burada məqsəd uşaqları sosial həyatdan təcrid etmək deyil. Əsas məqsəd onların psixoloji inkişafına, təhlükəsizliyinə və şəxsi məlumatlarının qorunmasına yönəlmiş riskləri minimuma endirməkdir. Xüsusilə kiberzorakılıq, onlayn istismar, manipulyativ məzmunlar və asılılıq yaradan alqoritmlər uşaqlar üçün ciddi təhlükələr yaradır”, – deyə Müşfiq Məmmədli qeyd edib.
Layihədə valideyn nəzarəti ilə bağlı nəzərdə tutulan mexanizmləri də müsbət qiymətləndirən deputat əlavə edib ki, 16-18 yaşarası istifadəçilərin hesablarında reklamların məzmununa, platformadan istifadə müddətinə və digər təhlükəsizlik parametrlərinə qanuni nümayəndələrin nəzarət edə bilməsi ailələrin bu prosesdə daha fəal iştirakını təmin edəcək.
Onun sözlərinə görə, sənəddə sosial şəbəkə platformaları üçün müəyyən edilən texniki təhlükəsizlik tələbləri də xüsusi əhəmiyyət daşıyır. “Layihəyə əsasən, platformalar uşaqların fiziki və psixi sağlamlığına zərər vuran, asılılıq yaradan məzmunların yayılmasının qarşısını almalı, geolokasiya məlumatlarının əlçatanlığını məhdudlaşdırmalı və manipulyativ dizayn elementlərindən istifadə etməməlidirlər. Bu, uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz şəkildə fəaliyyət göstərməsinə şərait yaradacaq”, - deyə deputat bildirib.
Fərdi məlumatların qorunması ilə bağlı müddəaları layihənin ən mühüm hissələrindən biri hesab edən Müşfiq Məmmədli qeyd edib ki, yaşın yoxlanılması üçün toplanan məlumatların saxlanılmasının, üçüncü şəxslərə ötürülməsinin və ya reklam məqsədilə istifadəsinin qadağan edilməsi vətəndaşların məxfilik hüququnun müdafiəsinə xidmət edir.
“Layihə sosial şəbəkə şirkətlərinin Azərbaycandakı fəaliyyətinin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi baxımından da mühüm yeniliklər nəzərdə tutur. Belə ki, ölkə ərazisində xidmət göstərən platformalar Azərbaycanda qeydiyyatdan keçməli, dövlət qurumları ilə operativ əlaqə imkanları yaratmalı və qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Bu yanaşma dövlət qurumları ilə beynəlxalq rəqəmsal platformalar arasında hüquqi münasibətlərin daha sistemli şəkildə qurulmasına imkan verəcək.
Bu gün bir çox ölkələr böyük texnologiya şirkətlərinin fəaliyyətini milli qanunvericilik çərçivəsində tənzimləməyə çalışırlar. Təqdim olunan layihə də məhz rəqəmsal suverenliyin, istifadəçi hüquqlarının və xüsusilə uşaqların maraqlarının qorunmasına yönəlmiş müasir hüquqi mexanizmlər formalaşdırır”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, qanun layihəsi qəbul ediləcəyi təqdirdə Azərbaycanda uşaqların rəqəmsal hüquqlarının qorunması, sosial şəbəkələrdə təhlükəsizlik standartlarının yüksəldilməsi və platformaların ictimai məsuliyyətinin artırılması istiqamətində mühüm mərhələ olacaq.
