Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: Bakı bu gün qlobal şəhərsalma müzakirələrinin mühüm mərkəzinə çevrilib

    Prezident İlham Əliyevin 2026-cı il mayın 18-də Bakıda keçirilən III Ümumdünya Şəhərsalma Forumunun açılışında çıxışı Azərbaycanın müasir şəhərsalma, dayanıqlı inkişaf və postmüharibə dövründə aparılan genişmiqyaslı quruculuq siyasətinin beynəlxalq səviyyədə yüksək maraq doğurduğunu bir daha göstərdi. 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi bu Forumun qlobal əhəmiyyətini və Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsində qazandığı böyük etimadı nümayiş etdirir.
    Bunu Atributinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
    Deputat qeyd edib ki, Bakı son illər yalnız regionun deyil, dünyanın diqqət mərkəzində olan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. COP29-dan sonra Ümumdünya Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın qlobal gündəlikdə fəal rol oynadığını, şəhərsalma, ekoloji tarazlıq, tarixi irsin qorunması və müasir infrastruktur quruculuğu istiqamətində nümunəvi təcrübəyə malik olduğunu təsdiqləyir.
    “Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycan Avropa ilə Asiya arasında yerləşməklə hər zaman Şərqlə Qərbin qovuşduğu mühüm məkan olub. Bakı bu tarixi missiyanı bu gün də uğurla davam etdirir. Paytaxtımızda qədimliklə müasirliyin vəhdəti aydın şəkildə görünür. Bir tərəfdə İçərişəhər kimi dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi, digər tərəfdə isə müasir şəhərsalma nümunələri Bakının özünəməxsus simasını formalaşdırır”, - deyə Mircəlil Qasımlı bildirib.
    Onun sözlərinə görə, Azərbaycanın şəhərsalma siyasətində əsas diqqət yalnız yeni binaların, yolların və infrastruktur obyektlərinin tikintisinə deyil, həm də tarixi irsin qorunmasına, insanların rahat yaşayış mühitinin təmin olunmasına və şəhərlərin funksional inkişafına yönəlib. Bu baxımdan Bakı ilə yanaşı, Şəki, Qəbələ, Lahıc və digər qədim yaşayış məkanları ölkəmizin zəngin memarlıq irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
    Deputat bildirib ki, Forumda səsləndirilən fikirlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa və quruculuq işlərinin miqyasını da dünyaya nümayiş etdirmək baxımından mühüm platformadır. Otuz ilə yaxın müddətdə erməni işğalı altında dağıdılmış şəhər və kəndlər bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni konsepsiya əsasında bərpa olunur.
    “Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış Proqramı təkcə infrastruktur layihələri deyil, həm də tarixi ədalətin bərpası, insanların doğma torpaqlarına ləyaqətli və təhlükəsiz qayıdışının təmin olunması deməkdir. Ağdam, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər və digər ərazilərdə aparılan işlər göstərir ki, Azərbaycan dağıdılmış şəhərləri yenidən həyata qaytarır. Qısa müddətdə tunellərin, körpülərin, yolların, hava limanlarının, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların və yaşayış massivlərinin inşası dövlətimizin gücünü və xalqımıza olan qayğısını nümayiş etdirir”, - deyə deputat vurğulayıb.
    Mircəlil Qasımlı qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin baş planlarının hazırlanması, müasir infrastrukturun qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin göstəricisidir. Bu proses həm də keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin olunması, sosial rifahının yüksəldilməsi və bölgənin iqtisadi potensialının bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
    Deputat əlavə edib ki, Bakı şəhərinin son illərdə keçdiyi inkişaf yolu da müasir şəhərsalma siyasətinin uğurlu nəticəsidir. Paytaxtda yaşıllıqların artırılması, parkların və ictimai məkanların yaradılması, ekoloji mühitin yaxşılaşdırılması, ictimai nəqliyyatın yenilənməsi, müasir yol-nəqliyyat infrastrukturunun qurulması şəhər həyatının keyfiyyətini yüksəldən əsas amillərdəndir.
    “Bir vaxtlar sənaye şəhəri kimi tanınan Bakı bu gün müasir, yaşıl, rahat və cəlbedici paytaxtlardan birinə çevrilib. Xüsusilə ekoloji mühitin yaxşılaşdırılması, sahilyanı ərazilərin abadlaşdırılması, yeni istirahət məkanlarının yaradılması, ictimai yerlərin yenilənməsi Bakının simasını tamamilə dəyişib. Bu, Prezident İlham Əliyevin şəhərsalma siyasətində insan amilini əsas götürdüyünü göstərir”, - deyə Mircəlil Qasımlı bildirib.
    Deputat sonda vurğulayıb ki, III Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, təşkilatçılıq qabiliyyətinin və müasir inkişaf modelinin növbəti təsdiqidir:
    “Azərbaycan bu gün həm tarixi irsini qoruyan, həm də gələcəyin şəhərlərini quran bir dövlətdir. Bakı isə bu prosesin ən parlaq nümunələrindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən şəhərsalma siyasəti, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın gücünü, iradəsini və gələcəyə baxışını dünyaya nümayiş etdirir”, - deyə Mircəlil Qasımlı qeyd edib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ