İndi isə mən sizə may ayının 6-dan 8-dək Monteneqroya işgüzar səfərim haqqında məlumat vermək istərdim. Səfərdə məqsəd həmin ölkənin Budva şəhərində keçirilən Aralıq Dənizi Parlament Assambleyasının üzvü və tərəfdaşı olan parlamentlərin sədrlərinin 1-ci Sammitində və Assambleyanın 20-ci plenar sessiyasında iştirak etmək idi.
Qeyd edim ki, bu nüfuzlu beynəlxalq parlament məclisi Avropa-Aralıq dənizi və Körfəz ölkələrinin 34 parlamentini birləşdirir. Təşkilatın fəaliyyəti təhlükəsizlik, iqtisadi inteqrasiya, dinlərarası dialoq və digər məsələlərin həllinə kömək göstərməyə yönəlmişdir.
Xüsusi vurğulamaq istərdim ki, son bir ildə Azərbaycan Respublikasının Milli Məclisi ilə bu təşkilat arasında əlaqələr sürətlə inkişaf etmiş, müxtəlif qarşılıqlı səfərlər və görüşlər həyata keçirilmişdir.
Bu ilin yanvar ayında Aralıq Dənizi Parlament Assambleyası Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamağı və Milli Məclisə müşahidəçi statusu verməyi təklif etmişdir. Və xüsusi qeyd etmək istərdim ki, bu məqam Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Digər tərəfdən, Azərbaycan Respublikası Milli Məclisinin parlament diplomatiyasında fəal rolunu, beynəlxalq parlament təşkilatları ilə səmərəli əməkdaşlığını bariz şəkildə əks etdirir.
Qeyd edim ki, tədbir çərçivəsində təşkil olunmuş mərasim zamanı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalandı. Memorandumu Parlament Şəbəkəsinin sədri kimi mən və Aralıq Dənizi Parlament Assambleyasının prezidenti cənab Culio Çentemero imzaladıq.
Eyni zamanda, Azərbaycan Respublikasının Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verildi.
Hörmətli həmkarlar!
Parlament sədrlərinin 1-ci sammitində parlament diplomatiyası ilə bağlı məsələlər müzakirə olundu.
Etdiyim çıxışda mən qeyd etdim ki, parlament diplomatiyası etibarlı, inklüziv olmalı və beynəlxalq hüquqa, demokratik prinsiplərə, eləcə də qarşılıqlı anlaşmaya əsaslanmalıdır. Bildirdim ki, Azərbaycan Milli Məclisi çoxtərəfli parlament platformaları çərçivəsində iş birliyinə xüsusi önəm verir. Biz parlamentlərarası əməkdaşlığı ortaq çağırışların həlli üçün mühüm vasitə hesab edirik. Xatırlatdım ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Azərbaycanın təşəbbüsü ilə yaranması və təşkilatın fəaliyyəti də ölkəmizin qlobal səviyyədə parlament əməkdaşlığının gücləndirilməsinə sadiqliyini əks etdirir.
Hörmətli həmkarlar!
Səfər çərçivəsində Monteneqro parlamentinin sədri cənab Andrija Mandiç ilə görüşüm oldu.
Görüşdə Azərbaycan–Monteneqro münasibətlərinin inkişafında parlamentlərarası təmasların mühüm rolu qeyd olundu və biz qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında da fikir mübadiləsi apardıq.
Hörmətli həmkarlar!
Hesab edirəm ki, Monteneqroya işgüzar səfər uğurlu oldu, diqqətinizə görə çox sağ olun.
