Sizin reklam burada
Sizin reklam burada
  • İqtisadi resurslarını siyasi kapitala çevirə bilmiş ölkələrin sayı çox deyil

    Ülvi Quliyev
    Milli Məclisin deputatı

    İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri beynəlxalq medianın və siyasi ekspertlərin diqqət mərkəzindədir. Enerji təhlükəsizliyi ilə bağlı məsələlərin əksər Avropa ölkələri üçün bir nömrəli vəzifəyə çevrildiyini nəzərə alsaq, geosiyasi turbulentliyin yüksəldiyi və oturuşmuş hərbi-siyasi alyanslarda ənənəvi müttəfiqlər arasında münasibətlərin sərinləşdiyi bir dövrdə bu səfərə göstərilən diqqət təbii və anlaşılandır.

    Baş nazir Ciorcia Meloninin Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında iştirakından dərhal sonra ölkəmizə səfər etməsi də aparıcı beyin mərkəzlərinin diqqətindən yayınmır. Heç şübhəsiz ki, bu səfər dövlətlərarası münasibətlərin daha irəli aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və İtaliya arasında siyasi əlaqələr 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamələrə söykənir. Eyni zamanda, İtaliya ölkəmizin əsas ticarət tərəfdaşıdır və Azərbaycan İtaliyanın netf-qaz təchizatında ikinci yerdə qərarlaşır. Ötən il ölkəmizin ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyardı İtaliyanın payına düşür. Təkcə bu fakt göstərir ki, Cənub Qaz Dəhlizi və onun ayrılmaz tərkib hissəsi olan TAP boru kəməri Avropanın enerji təhlükəsizliyində bu gün xüsusi rol oynayır. Enerji daşımalarında yaranan çətinliklər, o cümlədən Hörmüz boğazında davam edən qarşıdurma şəraitində Azərbaycanın siyasi-iqtisadi dayanıqlığı Avropadakı tərəfdaşlarımız üçün müstəsna əhəmiyyət kəsb edir.

    Bununla yanaşı, Azərbaycan-İtaliya əlaqələri yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır, çünki müasir dövrdə siyasi əlaqələr iqtisadi münasibətləri daha çox təsirləndirir. Baş nazir Ciorcia Meloni mayın 4-də Bakıda mətbuata verdiyi bəyanatında həmin məqamı xüsusi qeyd etdi: “Bu gün ölkələrimiz arasında münasibətlərə gəldikdə, bu, siyasi baxımdan mənim üçün əhəmiyyətlidir. Çünki İtaliyanın Baş nazirinin Azərbaycana rəsmi səfərindən 13 il ötür. Düşünürəm ki, yaranmış bu qədər uzunmüddətli boşluğu doldurmalı idik”.

    Aydındır ki, hazırkı mürəkkəb geosiyasi şəraitdə dəhliz və bağlantıların əhəmiyyəti enerji təchizatı qədər prioritet sahədir və tranzit təhlükəsizliyi nəinki Avropanın, bütövlükdə dünya iqtisadiyyatının funksionallığına birbaşa təsir edir. O da danılmaz həqiqətdir ki, Azərbaycan ərazi bütövlüyünü tam və mütləq ölçüdə bərpa etdikdən sonra təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada-Avrasiya məkanında strateji mərkəzlərdən birinə çevrilib. Bu, son iki əsrlik tariximizdə əldə olunan bənzərsiz strateji nailiyyətdir və həmin reallıq Avropa liderlərinin diqqətindən yayınmır. Baş nazir Ciorcia Meloninin Bakıdan verdiyi növbəti mesaj elə həmin geosiyasi və geoiqtisadi gerçəkliyi əks etdirir: “Bilirik ki, enerji və bağlantılar eyni medalın iki üzüdür. İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin. İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısı rolunu hər zaman oynamağa hazırdır”.

    Azərbaycana verilən bu yüksək dəyərin və edilən təklifin arxasında təkcə coğrafi üstünlüyümüz dayanmır. İtaliya Baş nazirinin mətbuata bəyanatından da göründüyü kimi, bu, ilk növbədə, siyasi və iqtisadi öhdəliklərinə hər zaman sadiq olan Azərbaycanın etibarlı tərəfdaş statusu ilə bağlıdır. Müasir dövrün təhlükəli çağırışları fonunda iqtisadi resurslarını siyasi kapitala çevirə bilmiş aktorların sayı dünyada elə də çox deyil. Beynəlxalq hüququn ayaqlar altına atıldığı və beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimad mühitinin ciddi şəkildə zədələndiyi bir dövrdə çox az ölkə etibarlı tərəfdaş statusunu qoruya bilir. Prezident İlham Əliyevin İtaliya Baş nazirinin iştirakı ilə mətbuata bəyanatında səsləndirdiyi bu açıqlama da elə həmin siyasi gerçəkliyə söykənir: “Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür”.

    Bu diplomatik mesajın arxasında dayanan həqiqətləri dost İtaliya ilə yanaşı, artıq bir çox Avropa liderləri də görür və onunla hesablaşır. Son bir ayda Avropanın beş dövlət liderinin Azərbaycana ardıcıl səfərləri də elə həmin siyasi gerçəkliyin əyani etirafıdır.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ