Görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və perspektivləri ətrafında geniş fikri mübadiləsi aparılıb. Həmçinin, ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçıları arasındakı xoş və qarşılıqlı etimada əsaslanan əlaqələrə diqqət çəkilərək, bu amilin ikitərəfli əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Regionda cərəyan edən prosesləri dəyərləndirən komitə sədri bildirib ki, Azərbaycan dost və qonşu ölkə olan İranda sülh və əmin-amanlığın tezliklə bərqərar olunmasının tərəfdarıdır və bölgədə sabitliyin təmin edilməsini vacib hesab edir.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səmimi qəbula görə təşəkkürünü bildirib. Səfir, İran-ABŞ arasında aparılan danışıqların gedişatı barədə geniş məlumat verərək bildirib ki, ölkəsi mövcud fikir ayrılıqlarının dialoq və qarşılıqlı anlaşma yolu ilə aradan qaldırılmasının tərəfdarıdır.
Müctəba Dəmirçilu İranın çətin günlərində Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdəki İran səfirliyinə gəlişini yüksək qiymətləndirərək, Azərbaycanın göstərdiyi humanitar yardımları xüsusi vurğulayıb.
Söhbət zamanı Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Qaya Məmmədov dövlətlərarası münasibətlərin mövcud vəziyyəti, eləcə də regionda sülh və sabitliyin təmin olunması ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə parlamentlərarası münasibətlər də nəzərdən keçirilib. Bu sahənin ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğu qeyd olunub. Eyni zamanda, qanunvericilik orqanları arasında təmasların genişləndirilməsinin, o cümlədən parlamentlərin profil komitələri və dostluq qrupları arasında əməkdaşlığın intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
