YAP Qax rayon təşkilatının məsləhətçisi
Azərbaycan və Ukrayna arasında münasibətlər tarixən dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmışdır. Hər iki ölkə keçmiş Sovet İttifaqı məkanında yerləşməklə oxşar inkişaf mərhələlərindən keçmiş, müstəqillik əldə etdikdən sonra isə beynəlxalq münasibətlər sistemində öz mövqelərini gücləndirməyə çalışmışdır. Bu baxımdan siyasi dialoq daim aktiv olmuş, qarşılıqlı səfərlər və beynəlxalq platformalarda əməkdaşlıq münasibətlərin möhkəmlənməsinə xidmət etmişdir.
Aprelin 25-də baş tutan Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycanda işgüzar səfəri Azərbaycan və Ukrayna arasında mövcud əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcəkdir. İki ölkə başçısının Azərbaycanın Qəbələ şəhərində təkbətək və geniş tərkibdə görüşü keçirilib və görüşlər zamanı ölkələrimiz arasındaki əlaqələr geniş müzakirə olunub.
İki ölkə başçısının görüşü zamanı hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. “Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla, ümumiyyətlə, sənaye sahəsində birgə istehsal ilə bağlı çox gözəl imkanlar var”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Görüşlərdən sonra keçirilən mətbuata bəyanat zamanı Prezident İlham Əliyev 2022-ci ilin yanvarında Kiyevə səfərini xatırlayıb. Ukrayna Prezidenti ilə görüşü zamanı aparılan fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırmışdır. İki ölkə arasında əməkdaşlığın çox güclü siyasi təməli vardır. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”.
Nəticə etibarilə, Azərbaycan–Ukrayna münasibətləri emosional yanaşmadan deyil, strateji praqmatizm və qarşılıqlı maraqlardan qaynaqlanır. Humanitar dəstək, iqtisadi əməkdaşlıq, siyasi balans və beynəlxalq hüquqa hörmət bu münasibətlərin əsas sütunlarıdır.
