Sizin reklam burada
Sizin reklam burada
  • İrəvanda bayraq yandıran qüvvələrin təsiri getdikcə zəifləyir - ŞƏRH

    "Sülhə qarşı çıxan qüvvələr diaspordan dəstək alır”

    "Ermənistanın nicat yolu hər iki dövlətlə normal münasibət qurmaqdan keçir. Paşinyan buna çalışır"

    İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçilən yürüşdə Türkiyənin dövlət bayrağı yandırılıb. Yürüş iştirakçılarının bayrağı yandırması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryanın sözlərinə görə, Paşinyan bu addımı pisləyərək, məsuliyyətsiz və yolverilməz hesab edib:

    "Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə də qonşu ölkənin bayrağının yandırılması dövlət rəhbəri tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, açıq şəkildə təxribat xarakterli və gərginliyi artırmağa yönəlmiş davranışdır". 

    Qeyd edək ki, bu radikallığın, milliyyətçiliyin, faşizm ideologiyasının Ermənistan cəmiyyətinə hakim kəsilməsinin bariz nümunəsidir.

    Vaxtilə azərbaycanlılara qarşı törədilən qəddarlıq, Azərbaycanın tarixi abidələrinin dağıdılması, tarixin saxtalaşdırılması bu ideologiyanın əyani təzahürləridir.  

    Tarixi yaddaş, keçmiş münaqişələrin izləri və qarşılıqlı ittihamlar fonunda baş verən bu kimi addımlar regionda etimad mühitinin formalaşmasına ciddi maneə yaradır. Dövlət rəmzlərinə qarşı bu tip davranışlar beynəlxalq praktikada açıq təxribat kimi qəbul olunur və münasibətlərin normallaşması istiqamətində atılan addımları zəiflədir. Bu baxımdan, belə bir aksiyanın təşkil olunması və qarşısının alınmaması məsuliyyət, hüquqi qiymətləndirmə və siyasi iradə məsələlərini ön plana çıxarır.

    Digər diqqətçəkən məqam isə hadisənin informasiya müstəvisində yaratdığı rezonansdır. Xüsusilə Türkiyə mediasının bu məsələyə münasibətdə ehtiyatlı və ya passiv mövqe sərgiləməsi müxtəlif şərhlərə yol açır. Bu isə regionda informasiya siyasətinin, media prioritetlərinin və ictimai rəyin formalaşdırılması mexanizmlərinin ayrıca müzakirə mövzusu olduğunu göstərir.

    Ola bilər ki, Türkiyədəki Ermənistan sevərlər burada da öz sözünü deyərək medianın ağzını bağlamağı bacardılar. 

    Azərbaycan ictimaiyyəti onların kimliyini yaxşı bilir. Onlar qarşılıqlı təmaslarda Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan paralellərini bir birindən ayırmağa çalışan qüvvələrdir. 

    Xoşbəxtlikdən, bu gün Türkiyəyə R.T.Ərdoğan kimi Azərbaycanla qardaşlığa böyük önəm verən güclü bir lider var. Cənab Ərdoğan da Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münaisbətlərinin eyni paralel təşkil etdiyini hesab edir və qardaş ölkənin dövlət siyasəti də məhz bu müstəvidə qurulub və reallaşdırılır. 

    Azərbaycan və Türkiyə prezidentlərinin dostluğu və qardaşlığı Azərbayan-Türkiyə yüksək səviyyəli, strateji əlaqələrinin əsasında dayanan başlıca faktordur. Bu günlərdə Antaliya forumunda iki liderin görüşü, müzakirə olunan məsələlər və s. bunun bariz nümunəsidir.  

    Maraqlıdır, Ermənistan bu addımı ilə sülh istəmədiyini bəyan edir?

    Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Sherg.az-a bildirib ki, Ermənistanda Paşinyanın sülh siyasətinə qarşı çıxan müəyyən qüvvələr var. Biz həmin qüvvələrin nə oyundan çıxdığının şahidi oluruq:

    “Bu qüvvələr bölgədə sülhün yaranmasında maraqlı deyillər. Həmin qüvvələr diaspordan və başqa güclərdən dəstək alırlar. Çünki revanşistlər bu amildən istifadə edib hakimiyyətə gəliblər. Bu gün fərqli vəziyyət yaranıb. Ermənistanda ağlı başında olan insanların sayı çoxdur. Elə olmasa idi Paşinyan hakimiyyətdə güclənməzdi. Paşinyana dəstək verən sosial baza bölgədə yeni mənzərənin yaranmasında maraqlıdırlar. Bayraq yandıran qüvvələrin Ermənistanın siyasi həyatında rolu getdikcə azalır. Ermənistanda praqmatik düşüncəni özündə birləşdirən böyük qüvvə yaranıb. Üstəlik, Ermənistana Azərbaycanla, Türkiyə ilə vəziyyəti gərginləşdirmək sərf etmir. Çünki hər iki dövlət bölgədə dominatdırlar. Bunu Paşinyan komanda yaxşı dərk edir. Ermənistanın nicat yolu hər iki dövlətlə normal münasibət qurmaqdan keçir. Paşinyan buna çalışır. Sarkisyanlar, Köçəriyanlar isə bu addımı pozmaqda maraqlıdırlar. Ancaq erməni cəmiyyəti onlara inanmır. Onların hakimiyyətdə olduğu vaxtlarda törətdiklər cinayətlər bir-bir ifşa olunur. Ona görə bayraq yandırıb özünə xal qazananlar heç bir istəklərinə nail ola bilməyəcəklər”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ