Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi istiqamətində fəal iştirak edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən mühüm mesajlar qlobal və regional gündəlik baxımından xüsusi əhəmiyyət daşıyır və ölkəmizin prinsipial mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırır. Enerji təhlükəsizliyi ilə bağlı müzakirələr forumun əsas istiqamətlərindən biri olmuşdur. Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Qlobal Enerji Xəritəsinin Yenidən Çəkilməsi: Təhlükəsizlik və Qeyri-müəyyənlik” panelində çıxış edərək ölkəmizin etibarlı tərəfdaş kimi rolu və mövcud çağırışlar fonunda əməkdaşlıq perspektivlərini təqdim etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “Dəyişən Dünyada Regional Sahibliyin Rolu” mövzusunda çıxışı ilə müasir beynəlxalq münasibətlər sistemində regional məsuliyyətin və təşəbbüskarlığın əhəmiyyətini diqqətə çatdırmışdır. Forum çərçivəsində parlamentarilər intensiv görüşlər keçirərək parlament diplomatiyasının inkişafı, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdiririrlər. Müxtəlif ölkələrin nümayəndələri ilə aparılan müzakirələr Azərbaycanın regional və beynəlxalq təşəbbüslərinə dəstəyin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və beynəlxalaq münasibətlər və parlamentləarası əlaqələr komitəsinin sədri Səməd Seyidov TRT Avaz telekanalına müsahibə verərək Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, regionda sabitlik və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət barədə fikirlərini bölüşüblər. Eyni zamanda, parlamentarilər Türkiyənin nüfuzlu siyasi xadimləri – Mövlud Çavuşoğlu və Fuat Oktay ilə keçirilən görüşlərdə Azərbaycan–Türkiyə münasibətlərinin daha da inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Antalya Diplomatik Forumu çərçivəsində həyata keçirilən bütün bu təmaslar ölkəmizin beynəlxalq platformalarda fəal iştirakını və strateji maraqlarının ardıcıl şəkildə təşviq olunduğunu bir daha nümayiş etdirir.
/atributinfo.az/
