YAP Qax rayon təşkilatının məsləhətçisi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costanın ölkəmizə səfəri zamanı keçirilən görüşdə mətbuata birgə bəyanatla çıxış edərək tərəfdaşlığın, əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Ölkəmizin başçısı çıxışında qeyd etmişdir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər hazırda fəal tərəfdaşlıq mərhələsindədir. Müxtəlif səviyyələrdə aparılan dialoq və qarşılıqlı səfərlər bu əməkdaşlığın dinamik inkişaf etdiyini göstərir. Son illər Avropa Komissiyasının üzvlərinin Azərbaycana dəfələrlə səfər etməsi tərəflər arasında əməkdaşlığın geniş spektrdə yeni istiqamətlər üzrə inkişaf etdiyini təsdiqləyir.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda regionda formalaşmış yeni geosiyasi reallıqlara diqqət çəkərək vurğulamışdır ki, Cənubi Qafqaz artıq yeni mərhələyə qədəm qoyur. Dövlət başçısı qeyd etmişdir ki, region cəmi yeddi aydır ki, sülh şəraitində yaşayır. Bu fikir uzun illər davam etmiş münaqişənin sona çatdığını və regionun yeni inkişaf mərhələsinə daxil olduğunu göstərən mühüm siyasi mesajdır. Münaqişədən sonrakı dövrdə regionda sülh və sabitliyin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaranmışdır.
Azərbaycanın Avropa strukturları ilə münasibətləri uzun illərdir inkişaf etməkdədir. Ölkə Avropa siyasi və hüquqi məkanında müxtəlif təşkilatlarla əməkdaşlıq edir və bu əməkdaşlıq qarşılıqlı hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanır. Azərbaycan Avropa institutları ilə siyasi dialoqun inkişafına, hüquqi və institusional islahatların həyata keçirilməsinə və humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.
Tarixi təcrübə göstərir ki, müharibələr dağıdır, sülh isə qurur. Azərbaycan son onilliklərin çətin sınaqlarından keçərək bu həqiqəti ən yaxşı anlayan ölkələrdən birinə çevrilib. Məhz buna görə də bu gün ölkəmizin seçdiyi yol – əməkdaşlıq, sülh və qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq yolu – regionun gələcəyinə açılan ən real və ən ümidverici istiqamət kimi görünür.
Beləliklə, Bakı görüşü Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm siyasi hadisə kimi tarixə düşür və bu əməkdaşlıq gələcəkdə regionun təhlükəsizliyi, iqtisadi inkişafı və beynəlxalq sabitlik üçün mühüm perspektivlər yaradır.
